27 dekabr 2023 18:11
753

Bütün vəzifələr uğurla icra edildi

Azərbaycan Respublikasının son 20 ildə sürətli sosial-iqtisadi inkişafını təmin edən, millətimizə 8 noyabr tarixi Zəfərini qazandıran Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev hər bir Azərbaycanlının qəlbində özünə əbədi taxt qurmuşdur. Həqiqətən də son 20 ildə Azərbaycan Respublikası həm sosial-iqtisadi baxımdan çoxsaylı uğurlar qazanmış, həm də ölkəmizin beynəlxalq nüfuzu çox yüksəlmişdir. Möhtərəm Cənab İlham Əliyev dünya ölkələrinin liderləri içərisində yüksək nüfuza malikdir. Dünya dövlətlərinin hər biri artıq Azərbaycan Respublikası və onun uzaqgörən, qətiyyətli lideri ilə hesablaşırlar.  Bu da öz növbəsində hər bir Azərbaycanlı üçün qürur mənbəyidir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün bütün dinc vasitələrdən istifadə etdi, uzun illər ərzində səbrlə danışıqlar apardı. Azərbaycanın sülh təklifləri cavabsız qaldığından və cəbhədə düşmən təxribatları davam etdiyindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev xalqın gözlədiyi əks-hücüm əmrini verdi. “Dəmir Yumruq” cəmi 44 günə düşmənin başını əzdi. Azərbaycan dövləti tariximizə qızıl hərflərlə yazılan tarixi Zəfərə qovuşdu. İkinci Qarabağ müharibəsi və onun yekununda qazanılan tarixi Zəfər ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da möhkəmləndirdi və sarsılmaz etdi. Dövlət başçımız qazanılan qələbəyə əvəzsiz töhfələr vermiş Şəhidlərimizin ailələrini və Qaziləri, onların problemlərini xüsusi diqqətdə saxlayır. Dövlət başçımız daim onların yanında olacağını qeyd edir.

Yaşadığımız günlərdə xalqımızın daha bir müqəddəs arzusu – “Böyük Qayıdış” ideyamız reallaşır. Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızın bərpasında öz liderinin, Cənab Prezident İlham Əliyevin yanındadır. 16 noyabr 2022-ci il tarixində ölkə başçımız Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramını təsdiq etmişdir. Dövlət Proqramında “Böyük Qayıdışın” ən vacib aspektləri öz əksini tapmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası, burada dayanıqlı inkişafın təmin edilməsi və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı Dövlət Proqramında yer almış əsas müddəalardandır.

20 il öncə 2003-cü ilin oktyabrın 15-də xalqın dəstəyi, seçicilərin mütləq səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən Cənab İlham Əliyev 20 il sonra 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının dövlət bayrağını qaldıraraq Azərbaycanın suverenliyinin tam şəkildə bərpa olunduğunu bütün dünyaya bəyan etdi. Bununla da Cənab Prezident İlham Əliyev Azərbaycan xalqına, bütün dünyada yaşayan on milyonlarla azərbaycanlıya, unudulmaz sevinc və sonsuz qürur hissləri bəxş etdi. Fəxarət rəmzimiz, üçrəngli, ay-ulduzlu dövlət bayrağımız indi bütün dövlət sərhədlərimiz boyunca qürurla dalğalanır. Bu qürurun memarı isə heç şübhəsiz ki, sözü  və əməli bir olan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevdir. 20 il əvvəl 2003-cü ildə müəyyən olunmuş bütün vəzifələr dövlət başçımızın yorulmaz və qətiyyətli fəaliyyəti sayəsində uğurla icra edildi. Qədirbilən xalqımız Cənab İlham Əliyevin bu fəaliyyətini çox yüksək qiymətləndirir və daim öz Müzəffər Ali Baş Komandanının yanında olacağını əminliklə vurğulayır.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi