28 dekabr 2023 02:58
341

Makronların, nikolların qürub edən niyyətləri

«Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız» atalar sözüsanki bugünki Fransanın boyuna biçilib. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan Təhlükəsizlik Şurasının 5 daimi üzvündən olan, «Burada mənəm, Bağddada kor xəlifə» deyərək embarqo qılıncını istədiyi səmtə yönəldən, ədalət prinsiplərinə balta vuran Fransa Prezidenti Emmanuel Makronun daha bir sərgüzəşti ortaya çıxdı. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi artıq tarixin zibilliyinə atılmış «Dağlıq Qarabağ münqişəsi»nin həllinə 30 il əngəl törədən, özü xislətli terrorçu, qaniçən Ermənistanın Azərbaycan xalqına qarşı siyasi, hərbi, mədəni, mənəvi terrorunu dəstəkləyən, «qara qitə»ni qana boyamaqdan doymayan, Afrikanın bəzi ölkələrinin sərvətlərini talayıb, əhalisinə qarşı soyqırım törədən Fransa neokolonializm siyasətini davam etdirməklə kifayətlənməyib agent şəbəkəsi də formalaşdırıb. Sözdə «demokratik» ölkə, əməldə isə demokratiyanın bütün tələblərinin üstündən qırımızı xətt çəkən Makronun müsye jordanlardan ibarət xəfiyyə dəstələri aşkarlanıb. Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrindəki cinayət əməliyyatlarına cəlb edilmiş Fransanın xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması Makrona daha bir zərbə olub.

Fransanın səfirlik daxili rezidenturasının da bu işlərə cəlb olunması Makron hakimiyyətinin əsl simasını göstərir. Rəsmi Parisin guya özünə yaxın hesab etdiyi ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat, casusluq əməliyyatlarını həyata keçirmələri arxadan vurulan zərbədir. Casus şəbəkəsinin Cənubi Qafqazdakı, Yaxın Şərqdəki, Ukraynadakı və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər ciddi araşdırılır. Fransanın agentura şəbəkəsinin ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən ifşa olunması Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığını göstərir. Yəni, Fransa kimi ölkəmizdə qeyri - sabitlik, xaos, anarxiya yaratmağa çalışanların niyyətləri ürəklərində qalacaq. Uğurla başa çatan əməliyyat Ermənistana, onu dəstəkləyənlərə, Soros, ABŞ-ın USAİD kimi dağıdıcılıqla məşğul olan şəbəkələrinə xəbərdarlıq olmaqla region ölkələrini, müəyyən qədər MDB dövlətlərini Parisin çirkin siyasətindən qorumuş oldu. Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Xarici İşlər Nazirliyinə çağırılması, diplomatik korpusun iki əməkdaşının «persona-non-grata» elan olunması təbii idi.

Ermənistanı dəstəkləməklə illərdən bəri Azərbaycana siyasi, iqtisadi, hərbi ziyan vuran Fransanın bu şəkildə ifşa olunması özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan Makron hakimiyyətinə öldürücü, beynəlxalq səviyyədə utancverici zərbədir. Fransa üzərində növbəti üstünlüyünü təsdiq edən Azərbaycan bu uğuru ilə Ermənistana da dərs verdi. Beləliklə, Afrika ölkələrindən qovulan Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqazda yerləşmək iştahası da boşa çıxdı.

Hazırda Hindistanla əlbir olan, Ermənistanı silahlandırmaq siyasətini davam etdirən Fransanın bu cəhdi də baş tutan deyil. Çünki bir neçə ay bundan əvvəl guya «humanitar yardım» adı ilə Xankəndi separatçılarına silah göndərməyə cəhd edən, Qarabağda konsulluq açmaq istəyən Fransa Azərbaycanın qüdrətli, siyasi iradəli Prezidenti İlham Əliyevin dəmir yumruğunun diplomatik zərbəsini unutmayıb, unutmayacaq da.

Cənubi Qafqazı münaqişə ocağına çevirmək niyyətindən əl çəkməyən, qulbeçəsi Ermənistanın baş naziri Nikol Paşinyanın vasitəsi ilə bu bölgəni təsiri altında saxlamaq istəyən rəsmi Paris Hayastandakı revanşist qüvvələri qızışdırmaqla heç nəyə nail ola bilməyəcək. Ksenofobiya, islamofobiya, irqi ayrı-seçkilik kimi zərərli meyillərin çiçəkləndiyi Fransa İslam və türk dünyasına qarşı «Səlib yürüşü» aparsa belə bu siyasətin acı nəticələrini ən çox hiss edən rəsmi Paris və İrəvan olacaq. Çünki Azərbaycanın təklif etdiyi şərtlərə əməl edərək, sülh sazişini imzalamaq məcburiyyətində qalacağını dərk edən Paşinyanın son davranışları də göstərir ki, artıq Ermənistandan yararlanaraq Cənubi Qafqazda at oynatmaq istəyən Makron aldığı zərbələrin acısını növbəti dəfə dadacaq.

Bu günlərdə Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən Ermənistanın baş nazirinin «yumşalması»nı göstərən bədən hərəkətlərindən də aydın olur ki, Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa yolu yoxdur.

Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsini dəstəkləyən, öz namizədliyini geri götürən Ermənistanın siyasi, hərbi hakimiyyəti gec-tez Azərbaycanın dünyada, bölgədə möhkəmlənən gücü, nüfuzu ilə razılaşmalıdır.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində keçirilən mühüm əhəmiyyətli tədbirlərdə Fransanın müstəmləkəçilik, siyasətini ifşa edən Prezident İlham Əliyevin arqumentlərinə qarşı deməyə sözü olmayan, ittihamları susaraq qəbul edən Makron anti-Azərbaycan mövqeyində israrlı olsa belə el arasında deyildiyi kimi, yel qayadan heç nə apara bilməz. Xalq şairi Məmməd Arazın dili ilə deyilsə «Azərbaycan –qayalarda bitən bir çiçək, Azərbaycan çiçəklərin içində qaya»dır. Bu zirvəyə nəinki qalxmaq, yaxınlaşmaq belə makronların, nikolların imkanları xaricindədir.

Xuraman İsmayılqızı, «İki sahil»