27 dekabr 2023 00:11
346

Əli Kərimlinin qaragüruhçuluq sindromu

O, Ermənistanın işğalçı siyasəti ilə Azərbaycanın Zəfər savaşını eyniləşdirən avantüristdir  

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident  seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bundan başqa, ölkədə fəaliyyət göstərən ayrı-ayrı partiyaların rəhbərləri də növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər.

Təbii ki, respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar var. Eyni zamanda, bu siyasi prosesin azad, ədalətli, şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində seçkilər ilk dəfə işğal olunmuş ərazilərimizdə də keçiriləcək. Eyni zamanda, bu seçki də siyasi partiyaların öz nüfuzunu və gücünü göstərməsi üçün yaxşı fürsətdir.

Lakin radikal müxalifət, xüsusilə də AXCP və Müsavat Partiyası bu seçkilərdə iştirakdan imtina edərək boykot qərarı verdilər. Onlar bu qeyri-konstruktiv qərarlarına heç cür hüquqi və siyasi əsaslandırma verə bilmədilər. Ona görə ki, çox zəifdirlər, siyasi fyəaliyyətləri ancaq sosial şəbəkələrdəki populizmdən ibarətdir. Təbii ki, belələrinin xalqın qarşısına çıxmağa üzü və deyiləcəyi sözü yoxdur.

Əli Kərimli ötən günlərdə internet televiziyalarına verdiyi müsahibədə yenə də növbədənkənar seçkilərə yönəlik böhtanlar yağdırmağa başlayıb. Xüsusilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi onu ciddi şəkildə narahat edir. Əli Kərimli bununla bir daha təsdiq etmiş oldu ki, o, qoca çinar kölgəsindəki bir alaq otudur. Onun siyasi fəaliyyəti yalnız alaq otu qədər effektlidir.

Bu, bir gerçəklikdir ki, radikal müxalifətin öndə gedəni olan AXCP sədri Əli Kərimli bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində qurub. Fəaliyyətindəki qara ləkələr ona heç vaxt ciddi imic formalaşdırmağa imkan verməyib. Çünki 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etmək lazımdır ki, Əli Kərimlinin əslində qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir.

Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması onun internet televiziyalarına müsahibələrində də açıq-aydın görünür. Məsələn, o, deyir ki, İlham Əliyev qalib dövlət başçısı olsa da namizəd kimi yenidən seçkilərdə iştirak etməməlidir. Hətta ən rəzil müqyisəsi isə vaxtı ilə Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal edən Robert Koçaryanla, Serj Sarkisyanı da misal çəkməsidir. Bu qaragüruhçu hələ də dərk edə bilməyib ki, onlar işğalçı ölkələrin başçıları idi. Prezident İlham Əliyev isə 30 illik erməni işğalına cəmi 44 günə son qoyan, Xankəndidəki  xuntanı bir günə məhv edən edən ölkənin başçısıdır. Eyni zamanda anlamır ki, Azərbaycan dövlətinin qarşısında milli təhlükəsizliklə bağlı çox ciddi məsələlər var və onların həllini yalnız qalib Sərkərdə İlham Əliyev öz nüfuzu və qətiyyəti ilə həll edə bilər. 

Əli Kərimlinin ən böyük bədbəxtçiliyi odur ki, o, nəinki Prezident İlham Əliyevə alternativ, hətta müxalif olmaq qabiliyyətinə malik deyil. O, sadəcə qaragüruhçudur, avantüristdir və antimilli ünsürdür... Bu gün bütün Azərbaycan və onun dostları Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsini tarixi Zəfərlə başa vurmasını, bu prosesin davamı olaraq 2023-cü ilin sentyabrında isə  Qarabağ iqtisadi rayonundakı  separatçı-terrorçulara qarşı həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində  xuntanın birdəfəlik məhv edilməsini bayram edərkən  bu adam hələ də uğurlarımıza böhtan atmaqla məşğuldur. Görünən odur ki, daxildə Əli Kərimli və dəstəsi, xaricdə isə ermənipərəst  qüvvələr  böhtan və qara piar kampaniyaları ilə ətrafımızda hörümçək toru qurmağa çalışırlar ki, növbəti prezident seçkilərini qaralasınlar.

Bu gün AXCP-də hökm sürən antidemokratiklik partiyadakı siyasi mühiti tamamilə iflic edib. Ona görə də partiyanı tərk edənlər etməyənləri əbləh və gerizəkalı qocalar yığnağı da adlandırırlar. O da məlumdur ki, nə qədər ki, AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə dəyməz. Çünki onlar hələ də çağdaş dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmırlar. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir.

Elçin Zaman, «İki sahil»