27 dekabr 2023 01:58
348

Kəramətinizi görək də, ağayi - Kənani...

Keçən son üç ildə, yəni ölkəmizin  İkinci Qarabağ müharibəsində Hayastan üzərində möhtəşəm hərbi  qələbəsindən sonra İran rəhbərləri Azərbaycana qarşı o qədər sərt hərəkətlər, hədələr və təhdidlər ediblər ki, indi onların pis nəticələrinin aradan qaldırılması üçün yol xəritəsi cızmalı olublar. Əgər tək bir səhv və ya anlaşılmazlıq olsaydı onlar üzrxahlıqla və səmimi münasibətlərlə yoluna qoyula bilərdi. Ancaq elə olmadı. Dövlətin başçısından, parlament sədrindən, xarici işlər nazirindən, diplomatlarından başlamış orta çinli zabitlər kimi rəsmi şəxslərədək Azərbaycana barmaq silkələyənlər oldu. Hələ onu demirik ki, adını İslam respublikası qoymuş molla rejimi münaqişənin lap əvvəlindən axırınadək Hayastana arxa-dayaq durdu, mehriban münasibət saxladı. Müharibədəki qələbədən sonra isə Araz sahillərinə qoşun cəmləməklə Azərbaycana əzələ nümayiş etdirdi. Ancaq hədə-qorxuların, təhdidlərin qarşısında Azərbaycan nəinki geri çəkildi, əksinə, ona göstərilən təsirlərə güclü əks-təsirlərlə cavab verdi. İş o yerə çatdı ki, Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini dayandırmalı oldu. İran rejimi gözlədiyinin alınmadığını görüncə nəhayət, səhvlərini düzəltməli olduğunu anladı, yumşaq bəyanatlara keçdi. Onlardan biri də dekabrın 25-də səsləndirilib.

İran tərəfi Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsi üzrə yol xəritəsinin hazırlandığını bildirib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani   dekabrın 25-də Tehranda keçirilən mətbuat üçün brifinqdə deyib ki,  Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması istiqamətində səylər davam etdirilir və irəliləyişlər əldə olunub. Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirilib ki, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin bir nəfər əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb. Həmin hücumdan sonra səfirliyin fəaliyyəti dayandırılmışdı. Əslində ortada həlli çətin bir məsələ yox idi. İran tərəfin bir səmimi etirafı, üzrxahlığı və cinayətkarın cəzalandırılması ilə hər şey yoluna düşə bilərdi. Ancaq qarşı tərəf cinayətkarı gizlətməklə və müdafiə etməklə münasibətləri gərginləşdirdi. Bundan sonra qonaq getmiş bir nəfər azərbaycanlı tələbə heç bir səbəb olmadan tutulub həbsə atıldı. Molla rejimi olmazın oyunlardan çıxdı. Ancaq zərərin yarısından qayıtmaq da xeyirdir-deyiblər. Yuxarıda dediyimiz kimi, görünür ciddi səhvə yol verdiklərini anlayan dövlət məmurları onları düzəltməyə çalışırlar. Hələ ki, yalnız çalışdıqlarını bildirirlər, yəni real bir nəticə əldə etməyiblər. Bizdə isə yalançını mənzilinə kimi qovurlar. Görəcəyik ki, yalnız sözdə çalışacaqlar, yoxsa həll edəcəklər? Hərçənd ki, İran rəsmiləri özlərini elə tanıdıblar ki, and içsələr belə inanmaq mümkün deyil. Çünki bu inamı özləri öz əlləri ilə qırıblar. Ağayi-Kənani rəhbərliyinin sözünü deyib. Kəramətinizi görək də, ağayi-Kənani...

Vəli İlyasov, "İki sahil"