27 dekabr 2023 02:15
371

Fransanın fiaskoya uğrayan Qafqaz siyasəti: Uğursuz həmlələr, ifşa olunan casus çəbəkəsi…

Tarixi boyu müstəmləkəçi ölkə kimi tanınan, beynəlxalq aləmdə nüfuzunu günbəgün itirən Fransa özünü demokratiyanın mərkəzi hesab etsə də, bunun tam əksinə siyasət yürüdür. ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkəsi olaraq Azərbaycan ilə Ermənistan arasında münaqişənin həllinə deyil, uzadılmasına səy göstərən, İkinci Qarabağ müharibəsindən sonra da ölkəmizin qalibiyyəti ilə barışmayaraq Cənubi Qafqazda sabitliyin bərqərar olmasına imkan verməyən Fransa Ermənistanla ortaq mövqe nümayiş etdirərək yeni münaqişə ocağı yaratmaq üçün bütün imkanlarını səfərbər edib.

Tarixi ləkəli…

Tarixi müstəmləkəçilik siyasəti ilə ləkələnmiş Fransa bu gün də işğalçı Ermənistana qol-qanad verməkdə davam edir. Cənubi Qafqazda sülhə, sabitliyə nail olmaq üçün geniş şərait yaranması rəsmi Parisi çox narahat edir. Hətta dünya ölkələri arasında Azərbaycanın humanist siyasət yürüdən, etibarlı tərəfdaş kimi tanınması 3 ildir ölkəmizin əleyhinə ardı-arası kəsilməyən qərəzli qətnamələr qəbul edən rəsmi Parisi respublikamızda casus şəbəkəsi yaratmağa belə vadar edib. Bu haqda bir qədər sonra.

Öncə qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon dekabrın 26-da Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirliyin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib. Deməli Fransa casus şəbəkəsi ilə bağlı məlumat öz təsdiqini tapıb. Bəs, nə baş verib?

Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub. Uğurla aparılan əməliyyat sayəsində rəsmi Parisin Azərbaycanda, həmçinin qeyd etdiyimiz digər ölkələrdə daxili sabitliyi pozmaq, dövlətə təhlükə yaratmaq planları puça çıxarılıb. Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Fransa casus şəbəkəsi zərərsizləşdirilib.

Azərbaycan xüsusi xidmət orqanlarından master-klass

Azərbaycan xüsusi xidmət orqanları belə hallara qarşı hər zaman ayıq-sayıqdır. Xüsusi xidmət orqanlarımız bu istiqamətdə bütün təsirli tədbirləri görməklə yanaşı, preventiv addımlar atmaq təcrübəsini və bacarığını da nümayiş etdirir.  Fransa casus şəbəkəsini yüksək peşəkarlıqla və çox səssiz bir formada zərərsizləşdirən, sözün əsl mənasında, fransız xəfiyyələrinə master-klass keçən Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ölkəmizin, xalqımızın dövlətimizin təhlükəsizliyinin etibarlı əllərdə olduğunu bir daha bütün dünyaya göstərdilər. Dünyanın aparıcı xüsusi xidmət orqanları arasında yer tutan Fransa xüsusi xidmət orqanlarının rezidentura şəbəkəsini peşəkarlıqla üzə çıxarması ölkəmizin təhlükəsizlik orqanlarının hansı yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın "ifşa əməliyyatı" Makron hakimiyyətinin daxildə olduğu kimi, xaricdə də rəzil siyasət yürütdüyünü, xalqların müqəddəratları ilə oynadığını, ölkələrin daxili işlərinə burnunu soxduğunu dünyaya açıb göstərdi.

Elə bu rəzalətinin fərqində olan Emmanuel Makronun tələm-tələsik  Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etməsi də başadüşüləndir. Fransanın ölkəmizdəki səfirliyi nəzdində casus şəbəkəsinin fəaliyyətinin qarşısının alınması Azərbaycanın iradəsini, gücünü, Fransa xüsusi xidmət orqanlarının isə artıq zəif durumda olduğunu nümayiş etdirir.

Agentura şəbəkəsinin ifşa olunması Makron hökumətinin iflası deməkdir. Fransa gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşmaq əvəzinə, ölkələrin daxili işlərinə qarışır, qarşıdurma yaradır. Bu siyasət Makron hakimiyyətini iabırçı vəziyyətə salıb. Diqqət edək.

Haqsız və ədalətsiz

Fransa dəfələrlə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsinə cəhd göstərib və parlament səviyyəsində qərəzli sənədlər qəbul olunub. Amma heç bir halda uğur qazana bilməyib. Çünki haqsız və ədalətsiz olub. Parisin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamə qəbul edilməsi fiaskoya uğrayıb. Makron diktaturasının uğursuz xarici siyasəti nəticəsində  bu ölkə faktiki olaraq Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə itirib. Çünki Yelisey sarayında əyləşənlər regionda yaranmış yeni reallıqları, eyni zamanda Azərbaycanın imkanlarını, bizim ölkəmizin xarici siyasətinin əsaslandığı prinsipləri düzgün qiymətləndirə bilmədi. Fransanın Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına da mane olmaq üçün müxtəlif addımlar atır. Ermənistanı silahlandırması, revanşist əhval-ruhiyyənin artmasına çalışması bu siyasətin tərkib hissəsidir. Amma nəticə verməyəcək. Ermənistanın Azərbaycanla danışaqlara getməkdən başqa çıxış yolu yoxdur. Fransa Qafqaz siyasətinin uğursuzluğu bir daha Azərbaycan hakimiyyətinin həyata keçirdyi siyasətin düzgünlüyünü, praqmatikliyini təsdiq etmiş olur. 

Neokolonialist Fransanın antihumanist siyasəti bütün dünyada faş olur

Əlcəzairlilər başda olmaqla əli milyonlarla insanın qanına batan, tarixi soyqırımlar üzərində qurulan Fransa insanlıqdan uzaq hərəkətlərindən utanmaq əvəzinə, XXI əsrdə də müstəmləkəçilik siyasəti həyata keçirməkdə, xalqların hüquqlarını tapdamaqda, onlara qarşı zorakılıq törətməkdə, ölkələrin təbii sərvətlərini talamaqda, mənimsəməkdə davam edir. İllər boyu Korsikanı müstəmləkə altında saxlayaraq burada cinayətlər törədən əliqanlı Fransa müstəqillik istəyənləri həbs edib, ya da öldürüb. Fransanın əsarətində boğulan korsikalılar bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirlər. Fransanın üz qarası koloniolist fəaliyyətinə dair gətirdiyimiz bu kiçik nümunələr belə Parisin yürütdüyü müstəmləkəçi siyasəti açıq şəkildə gözlər önünə sərir. Ancaq Bakının bütün beynəlxalq platformalarda neokolonializmə qarşı aktiv mübarizə aparması sayəsində "demokratiya" adı altında hələ də xalqları əsarətdə saxlayan, ölkələri müstəmləkəsinə çevirən  neokolonialist Fransa antihumanist siyasəti bütün dünyada faş olur.

Üstü açılan çirkin və qərəzli qəsd

Bəlkə də, kimlər üçünsə Fransanın son ifşa olunan mənfur əməlləri təəccüblü görünə, hətta bu, onlarda şok effekti də yarada bilər.  Amma Azərbaycan  üçün bu, heç də təəccüb doğurmadı. Çünki Qərbin "demokratik" ölkəsi Fransanın iç üzünə çoxdan bələdik, onun müstəmləkəçi, əliqanlı tarixini dərindən bilirik, yenicə müstəqilliyini qazandığı zamandan etibarən ölkəmizə qarşı yürütdüyü qərəzli siyasətinə də şahidik.  Gah Avropa İttifaqı missiyası çərçivəsində öz təqaüdçülərini sərhədimizə yığaraq Azərbaycana tərəf binokldan kəm gözlərlə baxır, gah ölkəmizə qarşı yalan və böhtanlardan ibarət informasiya kampaniyası başladır, gah təcavüzkar Ermənistanı silahlandırır, gah da Avropa Parlamenti kimi riyakar Qərb təşkilatlarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir, onlara qərəzli qətnamələr qəbul etdirir. Beləliklə, Fransanın ölkəmizə qarşı növbəti çirkin və qərəzli bir qəsdinin üstü açıldı. Şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə səslənən sülh təşəbbüsləri, müvafiq qərarlar, addımlar Fransa kimi dövlətləri narahat edir. Onun iki ölkə sərhədində gərginlik yaratmaq planı baş tutmadıqda, daxildə qarşıdurma yaratmaq cəhdi işə düşür. Son nəticədə isə Fransa yenə də əliboş, ümidləri puç qalır…

Yaqut Ağaşahqızı, “İki sahil”