26 dekabr 2023 01:15
375

Erməni kilsəsinin iç üzü: Qətliamlar, terror, işğal...

Keşişlər hayları nəyə təhrik edirlər?

Ermənistanla Azərbaycan arasında yaşanan bütün münaqişələrin başında və sonrakı inkişafının mərkəzində hər zaman erməni kilsəsi dayanıb. Tarixə nəzər salsaq Azərbaycana qarşı düşmənçiliyin, 1905-1907 və 1918-ci ilin martında soydaşlarımıza qarşı həyata keçirilən vəhşiliklərin,  Qarabağda həyata keçirilən qırğınların, önündə bu kilsənin getdiyini sübut edən kifayət qədər faktların mövcud olduğunu görərik. Məlumdur ki, müxtəlif dövrlərdə erməni kilsələrinin əksəryyətinin, xüsusilə də erməni qriqorian kilsəsinin təşkilatçılığı ilə terror planları hazırlanıb həyata keçirilmiş, nəticədə minlərlə günahsız insan qətlə yetirilmişdir. Təbii ki, bu işdə əsas mərkəz rolunu “erməni kilsələrinin anası” hesab olunan Eçmiədzin - Üçkilsə oynamışdır.

Erməni diasporu kilsənin qəbul etdiyi qərarları hər zaman böyük həvəslə icra edib və etməkdədir. Onların Azərbaycanın və azərbaycanlıların ünvanına səsləndirdikləri şər-böhtanların, uydurmaların hamısı erməni kilsəsinin vermiş olduğu qərarlara bağlıdır. Belə bir tendensiyaya digər səmavi dinlərin heç birində rast gəlinmir. Erməni din xadimləri isə xalqımıza qarşı düşmənçilik siyasətinin başında dayanırlar.

Bu günlərdə Ermənistanın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib: “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”.

Göründüyü kimi, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub və Qalstanyanın açıqlaması da bunu təsdiqləyir. Rəsmi İrəvanın da dəstəklədiyi şovinizm, faşizm təmayülləri, revanşizm meyilləri erməni-qriqorian kilsəsinin xislətindədir. Erməni apostol kilsəsinin bölgədə sülhün bərqərar olması üçün deyil, qisasçılığı, revanşizmi körükləmək istiqamətində son nəticədə yalnız özlərinə zərər gətirəcək bu cür dini təxribatla məşğul olduğu göz önündədir. Məhz kilsə anti–Azərbaycan kampaniyasının önündə gedərək, məkrli məqsədinə çatmaqdan ötrü beynəlxalq dini platformalardan da sui-istifadə etməyə meyillənir.

Keşiş Qalstanyan moizəsinə bu cür davam edir: “Mənim sözlərim həyatımızın nə ruhani, nə mənəvi, nə də fiziki mənada işğalına yönəlməyib. Həm də sizi daim dizlərimizi qatlamağa və sürünməyə çağırmıram. Əksinə, dik durmaq və Tanrının qarşısında bunları diləmək lazımdır: Ey bizləri xəlq edən! İnancımızı artır ki, Sənin Yer üzünə göndərdiyin tapşırıqlara əməl edə bilək. Mütləq belə düşünməliyik ki, biz ədaləti, həqiqəti bərpa etməklə, qurtuluş yolunu tutmaqla Tanrının əmrlərini yerinə yetirmiş oluruq. Bəli, bu əmrlərdən biri də qisasdır. Məgər evimizi yenidən inşa etməyin başqa üsülü var?”.

Bəs bir milyon qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur qalmasından, Xocalı soyqırımından, ərazilərimizdə kütləvi insan məzarlıqlarının davamlı aşkarlanmasından, münaqişə dövründə və 44 günlük müharibədən sonra erməni quldurların Qarabağda basdırdıqlar minalar səbəbindən yüzlərlə insanın ölməsindən və şikəst qalmasından Qalstanyanın xəbəri varmı? Əlbəttə ki, var. Lakin Tanrı adına moizələr oxuyan hay keşiş bu gün də düşmənçiliyi, dini nifrəti və revanşizmi təşviq etməklə məşğuldur.

Ümumiyyətlə erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daim qızışdırıcı, təhrikedici tələblər səsləndirməsi, insanları qarşıdurmaya sövq etməsi artıq ənənə halını alıb. Məsələn, bir müddət əvvəl ermənilərin Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram Azərbaycanın əleyhinə qızışdırıcı, müharibəyə çağırış xarakterli açıqlamalar vermişdi. O, Ermənistan rəhbərliyinə təklif edirdi ki, özünü 44 günlük müharibədə məğlub saymasın, sülhə nail olmaq üçün Azərbaycanla danışıqlara getməsin. “Ümumiyyətlə, danışıqlarda Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsini nəzərdə tutan istənilən yanaşma rədd edilməlidir” – deyən I Aram bildirirdi ki, bölgənin təhlükəsizliyinin və müstəqilliyinin təminatı üçün Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etməsi əsasdır. Buna görə Azərbaycanın ərazi bütövlüyünün tanınacağına dair vədlər yolverilməzdir. Onun fikrincə, Bakı ilə danışıqlar prosesində iqtidardan, müxalifətdən, diaspor nümayəndələrindən, zəngin siyasi və diplomatik təcrübəyə malik insanlardan ibarət struktur yaradılmalıdır. Guya bu struktur Azərbaycanla tamamilə fərqli üslubda, fərqli yanaşmalarla danışıqlar aparmalıdır.

Erməni kilsəsinin həyasızlığı artıq Ermənistan hakimiyyətinin abırsızlığını arxa plana keçirməkdədir. I Aram və Qalstanyan kimiləri həmin həyasızlığın pik nöqtəsində dayanır. Ümumiyyətlə, adını “keşiş”, “yepiskop” qoymuş bu kimi təxribatçılar əslində terrorçu zehniyyətə malikdirlər. Bu yırtıcı erməni keşişlərinin canlarından çıxmayan şovinist-revanşist ideyaları körükləmək isə heç bir fayda verməyəcəkdir.

Nigar Orucova, “İki sahil”