25 dekabr 2023 20:40
461

Eyni ssenari, eyni plan: Serbiyaya öz iradələrini yeritməyə çalışırlar - ŞƏRH

Vuçiç: Faksla və ya telefonla əmrlər vermək, iplə idarə olunacaq oyuncaq kimi idarə etmək istəyirlər, lakin Serbiya müstəqil siyasət yürütməyə davam edəcək

Dekabrın 24-də gecə saatlarında “qoca” Avropanın ən böyük mədəniyyətinin-Viskoza kültürünün mərkəzi, tarix böyunca böyük hərbi və siyasi hadisələrə şahidlik edən Belqrad əvvəlcədən planlaşdırılmış rüsvayçı iğtişaşlara səhnə oldu. Şübhəsiz, Serbiyanın paytaxtında baş verənlər Qərbin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı “rəngli inqilab” ssenarisidir. Bildiyimiz kimi, ölkə müxalifətinin fasiləsiz etiraz aksiyaları fonunda Serbiya prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament və bələdiyyə seçkiləri elan etmişdi. Dekabrın 17-də keçirilmiş seçkilərin nəticələrinə görə, prezidentin başçılıq etdiyi “Aleksandr Vuçiç-Serbiya dayanmamalıdır” koalisiyası səs çoxluğuna sahib olub. “Serbiya zorakılığa qarşı” koalisiyası 23 faiz səslə 2-ci yerdə olub.

Bundan sonra müxalifətin “Serbiya Zorakılığa Qarşı” bloku hakim “Tərəqqi” partiyasının qalib gəldiyi 17 dekabr seçkilərinin nəticələrinin ləğvi tələbi ilə ardıcıl 7 gün Belqradda etiraz aksiyaları keçirib. Müxalifət xüsusilə Belqrad şəhər parlamentinə seçkilərin saxtalaşdırıldığını iddia edərək, rəsmi nəticələrdən narazı olduğunu ifadə edib. Serbiyanın paytaxtında müxalifətin son seçkilərin nəticələrinin ləğvi tələbi ilə keçirilən mitinqində mülki insanlarla polis arasında toqquşma baş verib. Ancaq təhlükəsizlik qüvvələri bir neçə dəqiqə ərzində etirazçıları dağıdıb, meydanı təmizləyib və kordon yaradıb.

Təbii ki, Belqradda baş verən təlatümlü hadisələr, müxalifət blokunun tərəfdarlarının meriya binasına basqın etmək cəhdləri, qapıları, pəncərələri sındırmaları, hər vəchlə xaos, anarxiya yartamaq  üçün çirkli metodlara əl atmaları heç də təsadüfi deyildi.  Çünki müxalifət blokunun aksiyalarının qısa müddətdə hamımıza tanış olan bəzi beynəlxalq təşkilatlar, media orqanları, eləcə də  Avropa Parlamenti, ATƏT, Avropa İttifaqı, Avropa Komissiyasındakı, necə deyərlər, “növbətçi” parlamentarilər tərəfindən dəstəklənməsi Serbiyada “rəngli inqilablar” ssenarisinin işə salındığını bir daha təsdiq edirdi. Qərbin, həmçinin Serbiyanı Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəyi, oktyabr ayında Fransa, Almaniya liderlərinin açıq şəkildə Belqradı Kosovonu tanımağa çağırmaları deyilənləri bir daha təsdiq edir.

Bütün bunları dərk edən Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciət edərək bildirib ki, heç bir inqilab və ya qiyam yoxdur: “Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq. Xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad şəhər administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb. Biz bir neçə gündür ki, xarici faktorla, baş verənlərlə bağlı xəbərdarlıq edirik. Çoxları özlərini sadəlövh kimi göstərdilər və baş verənləri eşitmək və ya görmək istəmədilər. Tam olaraq nə hazırlandığını bildiklərini və vaxtında cavab verən və hücum edənlərin nə planlaşdırdıqlarını dəqiq bilən kəşfiyyat xidmətlərimizə məlumat verən xarici xidmətlərə təşəkkür edirik”.

Prezident Vuçiçin bəyanatında həmçinin bildirilirib: ...“Bir çoxları Belqradın anti-Rusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışır, lakin Serbiya müstəqil və müstəqil siyasət yürütməyə davam edəcək. Onlar Serbiyanı zəif görmək istəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər - hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik”...

Bir məsələni də qeyd etmək yerinə düşər. Belə ki, Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkədə baş verən etirazların Qərb tərəfindən dəstəklənməsi barədə məlumatı olub və həmin bu məlumatlar təkzibedilməzdir. Bu barədə Rusiyanın bu ölkədəki səfiri Aleksandr Bokan-Harçenko bildirib. Serbiyanın Baş naziri Ana Brnabiç isə deyib: “Yalnız təşəkkür edə bilərəm! Ola bilsin ki, dediklərim Qərbdə anlayışla qarşılansın, lakin Serbiyanın müdafiəsinə durmağın, Rusiyanın xüsusi xidmət orqanlarına təşəkkür etməyin vacibliyini bu gecə hiss etdim. İğtişaşlarla bağlı rusiyalılarda məlumat vardı və onlar həmin məlumatı bizimlə bölüşdülər. Biz də müvafiq qurumlara xəbər verdik. Hamı deyirdi: “Bəli, bu Rusiyanın dezinformasiyasıdır, feyk xəbərlərin yayılmasıdır! Amma hər şey doğru çıxdı”.

Son günlər Belqradda baş verənlər  hamımıza bir daha Ukraynanı xatırlatdı. Məhz həmin qüvvələr, yəni, ABŞ və bəzi Qərb ölkələri eyni siyasəti vaxtilə Ukraynada həyata keçiriblər və bu gün bu ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz üzə qoyublar. Xüsusilə, ABŞ son illər məkrli təxribat maşını olan USAID-dən istifadə edərək Qərbin diktəsini yerinə yetirməyən ölkələrdə “demokratiya”, “insan hüquqları” kimi ideyaları istismar edərək  iğtişaşlar törətmək, çevrilişlər etmək və loyal hakimiyyətlərin qurulmasına nail olmaq, bununla da ayrı-ayrı ölkələrin suverenliyinin məhdudlaşdırmaq üçün ən iyrənc vasitələrdən istifadə edib. Onlar eyni qaydada Azərbaycanı da uzun illər ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyiblər. Həmçinin bu qüvvələrin eyni ssenari ilə ölkəmizdə də çevrilişlər planları olub, amma bu, baş tutmayıb və bu istiqamətdəki bütün cəhdlər uğursuzluğa düçar olub.  

Zahid Rza, “İki sahil”