25 dekabr 2023 17:12
391

Radikallar “boykot” pərdəsi altında öz zəifliyini gizlətməyə çalışır

Dünyanın əksər dövlətləri Azərbaycanın xarici siyasətinin sülhə söykəndiyini etiraf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə növbədənkənar prezident seçkiləri keçirilməsini də hüquqi baxımdan düzgün Sərəncam kimi dəstəklənir. Növbədənkənar Prezident seçkilərinin  keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı əslində universal fürsətdir. Bu mənada, seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir.

Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Radikalların “boykot” qərarlarını əslində bir tamaşa adlandırmaq olar. “Boykot” texnologiyanın strateji hədəfi eyni zamanda cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir. “Boykotun” qarşısında duran bir sıra məkrli hədəflər mövcuddur.  Belə ki, qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq, seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq və seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün səbəblər yaratmaq radikalların əsas hədəflərindəndir.

Azərbaycan ictimaiyyəti dövlət qeydiyyatından keçmək üçün 5 min imzanı toplamağı bacarmayan AXCP-nin acizliyini və zəifliyini görmüşdü. “Boykot” tamaşası isə növbəti dəfə AXCP-nin bütün uydurma miflərini puç etdi. Şübhə yoxdur ki, AXCP bu “kirli” siyasi addımı atmaqla növbəti dəfə acizliyini, nümayiş etdirdi, sifarişli siyasi təxribat ilə xalqa xəyanət yolunu seçdi.   Əslində isə siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. AXCP-nin “boykot” tamaşasının ictimai-siyasi proseslərin, xüsusilə də seçkinin gedişatına təsiri mümkünsüzdür. Çünki AXCP siyasi palitrada güc amili olmadığından, “ölü” partiya təsiri bağışladığından, sosial bazası olmadığından onun hər hansı qərarı nəticəsizdir.

Bu günə qədər keçirilmiş bir çox seçkilərdə də eyni tamaşanı qurmuş AXCP və onun sifarişçiləri məqsədinə nail ola bilməyib, əks effekt verməklə bu partiyanın daha da zəifləməsinə, sıradan çıxmasına səbəb olub. Ancaq məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi məğlubiyyəti deməkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri