24 dekabr 2023 15:45
452

Azərbaycanı cazibə mərkəzinə çevirən LİDER - ŞƏRH

Onun rəyi nəzərə alınmadan Cənubi Qafqazda hər hansı prosesi müzakirə etmək mümkün deyil

 Bu gün Ulu Öndərin ideyalarının işığında Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirmiş,  antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, dövlət müstəqilliyimizin və dinamik inkişafımızın qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş, xalqına xidməti həyat amalına çevirmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Bu münasibətlə dövlət başçımızın ünvanına dünya liderləri, həmçinin tanınmış siyasətçilər, mədəniyyət xadimləri tərəfindən göndərilən təbrik məktublarının sayı-hesabı yoxdur. Məhz bu fakt Onun həm də  dünya lideri olmasını bir daha təsdiq edir. Qürurverici haldır ki, həmin təbriklərdə Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamlar da şərh edilir. Onlardan bir neçəsinə müraciət edək.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik  məktubunda deyilir: “Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır”. Bəli, Vladimir Putin bu  iki cümlə ilə sözün həqiqi mənasında dünyanın fonunda Prezident İlham Əliyevin real portretini yaradıb. 

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də öz təbrik məktubunda dövlət başçımızın liderliyini xüsusi vurğulayıb: “Dövlət xadimi kimi müdrikliyiniz və zəngin həyat təcrübəniz Sizə respublikada və onun hüdudlarından kənarda böyük hörmət qazandırıb”. Üstəlik, o, Prezident İlham Əliyevin sayəsində Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə böyük uğurlar qazanmağa davam etdiyini bildirib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrikində isə bu sözlər də yer alıb:  “Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir”. Bəli, həqiqətən də Prezidentimizin hər bir addımı iftixarvericidir. Bəli, bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun  rəyi nəzərə alınmadan Cənubi Qafqazdakı hər hansı regional prosesləri müzakirə etmək mümkün deyil. Bu gün elə bir beynəlxalq tədbir  yoxdur ki, Prezident İlham Əliyev dəvət edilməsin və orada  mövcud problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik  Prezident İlham Əliyevin sayəsində Azərbaycanın bir çox sahələrdə mühüm nailiyyətlər əldə etdiyini vurğulamaqla yanaşı, Onun sülhün carçısı olduğuna diqqət yönəldib: “Regionda sülhün, sabitliyin və inkişafın təşviq edilməsinə Sizin sadiqliyiniz təqdirəlayiqdir”. Bəli, Azərbaycan Ermənistanla sülhə nail olmaq məqsədilə bütün imkanlarından yararlanır. Amma hələ ki, İrəvan söz oyunlarından əl çəkərək real işə başlamaq,  reallığa üstünlük verərək daha səmimi, həm də adekvat addımlar atmaq  niyyətində deyil.  Şübhə yox ki, sözü də imzası qədər keçərli olan dövlət başçımız bunu da bacaracaq.
Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və siyasi xadim Olyas Süleymenov bildirib ki, Sizin səmərəli fəaliyyətiniz nəticəsində bütün dünya Azərbaycanla bağlı həqiqətlər, ölkənizin və xalqınızın qazandığı nailiyyətlər haqqında məlumatlıdır. O, həmçinin arzusunu da dilə gətirib: ”Qoy gələn il Azərbaycan və Türk dünyası üçün qələbələr ili olsun”.
Bununla da o, ölkəmizin türk dövlətlərinin birgəliyində, əməkdaşlığında özünəməxsus və aparıcı rolu olduğunu xatırladıb. Bəli, məhz Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində bu gün türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb, türk dövlətləri  dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparırlar. 


"İlham Əliyev Avropada çox məşhurlaşıb" deyən  Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda bu dünya lideri ilə bir daha görüşmək istədiyini dilə gətirib. Bu da onun İlham Əliyevin kimi bir liderin məsləhətlərindən faydalanmağa ehtiyac olduğundan xəbər verir. Qeyd edək ki, cari ilin dekabrın 10-da Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyada işgüzar səfərdə olub və Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində  iştirak edib.

Dünya liderlərinin, tanınmış ictimai-siyasi xadimlərin bu cür dəyərli fikirlərinin sayını dəfələrlə artırmaq olar. Bəli, bu gün Prezident İlham Əliyev sözün həqiqi mənasında dün miqyaslı liderdir.  Macarıstanın xarici işlər naziri Peter Siyartonun sözləri ilə desək, odur ki, bu gün Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar. Şübhəsiz, bütün bunlar Azərbaycanı bölgədə cazibə mərkəzinə çevirən cənab İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə ölkə hüdudlarından kənarda  verilən dəyəri təsdiqləyən faktlardır.  

Qvami Məhəbbətoğlu, “İki sahil”