23 dekabr 2023 22:24
320

Ermənistan və Fransanı birləşdirən "ortaq dəyər": Soyqırımı

Ermənilərin Azərbaycana qarşı törətdiyi mədəni soyqırımı indi Fransa  davam etdirir

Azərbaycan tam suverinliyinə nail olduqdan sonra “bacı”sı Ermənistanın vəkili kimi çıxış edən, təcavüzkar ölkənin əli ilə Cənubi Qafqaza daxil olmaq istəyən və burada özünün təsir dairəsini yaratmaq niyyətində olan Fransa ölkəmizə qarşı beynəlxalq platformalarda qondarma müzakirələr açır,  uğurlarımıza kölgə salmağa uğursuz cəhdlər edir. Lakin Azərbaycanın düşünülmüş siyasəti sayəsində Fransanın bu kimi gedişləri faş olunur. Nəticədə demokratiyadan, insan hüquqlarından dəm vuran bu ölkə heç nəyə nail ola bilmir. 

Buna baxmayaraq Fransada Azərbaycanofobiya səngimək bilmir. Artıq sözügedən ölkədə son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də sirayət edib. Fransanın Evian şəhərində XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığından xəbər verir. Bu fakt həm də Fransanın sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu bir daha nümayiş etdirir. 

Fransa sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulub

Qeyd edək ki, Evian şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. Qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılıb. Şübhəsiz, belə bir qərara səbəb Fransanın Ermənistana olan “sevgi”sindən, onun “təəssübkeşini çəkməyindən” irəli gəlib. Hazırda Azərbaycan mədəniyyətinin düşmənləri diqqətlərini Xurşidbanu Natəvanın abidəsinə yönəldiblər. Daha doğrusu, həmin abidənin götürülməsi gündəmə gətirilib. Bütün bunlara vandallıqdan başqa ad vermək mümkün deyil. Göründüyü kimi, ermənilərin Azərbaycana qarşı törətdiyi mədəni soyqırımı indi Fransa  davam etdirir. Bununla da Fransa öz gerçək simasını göstərir. Xatırladaq ki, erməni faşistləri Natəvanın abidəsini Şuşada gülləbaran etmişdilər. Bəli, Ermənistanın 30 il ərzində tarixi Azərbaycan torpaqlarında törətdiyi vandalizmi bu gün Fransa öz torpaqlarında həyata keçirməyə çalışır. Bəli, bu gün Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Bu isə o deməkdir ki, Aleksandr Dümanın və digərlərinin qoyub getdikləri ənənələri  Azərbaycanofobiya kimi iyrənc ənənələr əvəzləyir. Şübhəsiz, bu həm də Emmanuel Makronun idarə etdiyi Fransa rəsmilərinin  Azərbaycanın müstəqil siyasətini, Bakıda təşkil edilən neokolonizmə qarşı beynəlxalq konfransları qəzəblə qarşılamalarından xəbər verir. 

Bu məsələdə sözügedən ölkədə meydan sulayan erməni lobbisinin  əli olduğu şəksizdir. Çünki erməni lobbisi da gündən-günə güclənən, bölgədə söz sahibi olan Azərbaycanın dünyada möhkəmlənməsindən ciddi narahatlıq keçirir. Odur ki, bütün imkanlarından istifadə edərək bu və ya digər ölkənin əli ilə ölkəmizə qarşı hər cür iyrənc təxribatlar törədir.

Bütün bunlara rəğmən, Qərbi Azərbaycan İcmasının sözügedən məsələ ilə bağlı bəyanatında deyildiyi kimi, lakin irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır: “ Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır”.

Məlumat üçün qeyd edək ki, 2017-ci ildə Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı”nın və eləcə də parkın mərkəzində ucaldılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasim keçirilib. Qeyd edək ki, bu işlər İsmayıllı və Evian şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində həyata keçirilib. 

Qvami Məhəbbətoğlu, “İki sahil”