23 dekabr 2023 19:07
687

Siyasi acizliyin və məğlubiyyətin etirafı

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti son 20 ildə saysız-hesabsız uğurlar qazanmışdır. 44 günlük Vətən müharibəsindəki Zəfərimiz tariximizə qızıl hərflərlə yazıldı. Bu Zəfəri yazan xalqın Lideri, şücaəti və cəsarəti ilə dünyaya səs salan ordunun Ali Baş Komandanı məhz Cənab İlham Əliyevdir. Adi həyatda sadəliyi, səmimiyəti, siyasətdə qətiyyəti və digər gözəl xüsusiyyətləri ilə fərqlənən dövlət başçımız Azərbaycan xalqı tərəfindən sevilir, yüksək səviyyədə dəyərləndirilir. Ölkə başçımızın 7 fevral 2024-cü il tarixini növbədənkənar Prezident seçkiləri günü elan etməsini həmvətənlərimiz sevinc hissi ilə qarşıladılar.

Azərbaycanın artıq qalib ölkə olduğunu və dövlətimiz qarşısında yeni çağırışların dayandığını nəzərə alsaq deyə bilərik ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin 7 fevral 2024-cü il tarixinə təyin olunması yerində verilmiş qərardır.Təsadüfi deyildir ki, bu əlamətdar hadisə tariximizə Zəfər seçkiləri kimi daxil olacaq. Lakin təəssüflər olsun ki, başda AXCP olmaqla bəzi antimilli qüvvələr seçkilərdə əvvəlcədən məğlub olacaqlarını bildiklərindən “boykot” çağırışları edərək öz xəyanətkar simalarını bir daha ortaya qoydular. Sözsüz ki, bu “boykot” çağırışlarında qarşıya bir neçə məkrli hədəflər qoyulub. Radikal müxalifət çalışır ki, Azərbaycanımızı davamlı olaraq uğurlara daşıyan ölkə iqtidarına qarşı təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırsın və hakimiyyəti qərəzli şəkildə tənqid etmək üçün özünə süni “imkanlar” yaratsın. Dağıdıcı müxalifətin digər qaranlıq məqsədi isə öz zəifliyini gizlədərək, cəmiyyətdə emosional gərginliyə nail olmaq, eyni zamanda seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaqdır. Onlar həmçinin seçkidən sonrakı dövrdə də təxribatları davam etdirmək üçün saxta səbəblər formalaşdırmağa çalışır. Bütün bunlar heç şübhəsiz ki, siyasi acizliyin və məğlubiyyətin etirafıdır.

 “Siyasi Partiyalar Haqqında” yeni qanuna uyğun olaraq cəmi beş min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma xəyalları puç olmuşdur. Ötən illər ərzində bütün etibar limitini itirmiş və artıq heç bir elektoratı olmayan radikallar öz acizliklərini etiraf etmək əvəzinə növbəti dəfə təxribat, cəmiyyətdə qeyri-sağlam ictimai rəy formalaşdırmaq və ixtilaf yaratmaq yolunu seçib. Bütün bunlar radikalların “boykot” tamaşasının əsl mahiyyətini əks etdirir. Yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçı qüvvələr seçkilərdə iştirakdan imtina etməklə az sayda olan tərəfdarlarına belə arxa çevirirlər.

Azərbaycan Respublikasının demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi və hüququn üstünlüyü təmin edilib. Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Azərbaycan dövləti qarşıdan gələn 7 fevral növbədənkənar Prezident seçkilərində də bütün siyasi qüvvələrə bərabər imkanlar yaradıb ki, bu da çox təqdirəlayiq haldır. Dövlətimizin həyata keçirdiyi bütün tədbirlər ölkəmizin demokratik inkişaf prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini