23 dekabr 2023 15:51
404

Nəticə: Tarixin ən güclü Azərbaycanı

Azərbaycan müstəqilliyin bərpasından sonra olduqca ağır sınaqlardan keçib. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Hakimiyyətə gəlişindən əvvəlki dövr müstəqilliyin qorunub saxlanılması üçün yaranan təhdidlərlə xarakterizə olunur. Ulu Öndərin hakimiyyətə gəlişi isə həmin mürəkkəb dövrdə xalqı ümidləndirdi. Bundan sonrakı dövr bizim xeyrimizə dəyişən siyasi proseslər, böyük inkişaf yolu və ölkənin gələcəyinin sığortalanması ilə tarixə düşdü. Ölkənin gələcəyini sığortalayan amil Ulu Öndərin siyasi varisi İlham Əliyevin hakimiyyətə gəlişi idi. Bu, tarixi dəyişdirən böyük şəxsiyyətin ən böyük xidmətlərindən biri idi. Prezident İlham Əliyevin vətən sevgisi, dəmir iradəsi və peşəkar fəaliyyəti müasir Azərbaycanın günbəgün güclənməsini şərtləndirdi. Nəticə: Tarixin ən güclü Azərbaycanı.

Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır. Bu sözləri vaxtikən Prezident İlham Əliyev işğal altında olan torpaqlarla bağlı danışarkən demişdi. Bu ifadə böyük bir qələbənin anonsu idi. Cənab Prezidentin gördüyü işlər bizi hər gün qələbəyə yaxınlaşdırdı və vaxt gəlib yetişdi, 2020-ci ildə qalib dövlətə çevrildik. O, özünün də dediyi kimi, nəyi necə, nə vaxt etmək lazımdır, çox yaxşı bilir. Məhz onun bu xarakteri böyük faktordur.

Vətən müharibəsinin davam etdiyi 44 günə və şanlı qələbədən sonrakı vaxta nəzər salsaq, xalqımızın qürur duyduğu hadisələrin ardı-arası kəsilmir. Müharibə zamanı Ali Baş Komandanın çıxışları, azad olunan əraziləri bəyan etməsi, düşmənin kapitulyasiya aktına imza atması kimi hadisələr, müharibədən sonra isə Fərrux əməliyyatı, Qisas əməliyyatı, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı, dekabrın 21-də Xankəndi stationunda keçirilən futbol yarışı və saymaqla bitməyən çoxlu hadisələr Azərbaycan xalqını qürurlandıran tarixi faktlardır.

İlham Əliyev həm böyük siyasətçi, həm diplomat, həm tarix yazan sərkərdə, həm də qayğıkeş rəhbərdir. O, ölkə rəhbəri kimi öz missiyasını ən yaxşı şəkildə həyata keçirməklə yanaşı qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi, dünya liderləri arasında söz sahibidir. Sülhün və əmin-amanlığın təbliğatçısı kimi də öz sözünü deyən Prezident beynəlxalq müstəvidə böyük nüfuza sahibdir.

İlham Əliyev regionda cərəyan edən mürəkkəb geosiyasi proseslərə baxmayaraq regionun siyasi mənzərəsini dəyişdirən böyük siyasətçidir. Onun strateji addımları dünyanın aparıcı beyin mərkəzləri tərəfindən təhlil edilir. O, dünyanın arzuladığı lider, tarixin Azərbaycana bəxş etdiyi böyük siyasətçidir.

Şahin İsmayılov,

Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü