22 dekabr 2023 23:01
301

Makron diktaturası iflasa doğru gedir

İfşa olunan casus şəbəkəsi təsdiq edir ki, rəsmi Paris ayrı-arı dövlətlərin daxili işlərinə qarışmaq, təxribat planları hazırlamaqla məşguldur

Qərb ölkələrinin, xüsusilə Fransanın anti-Azərbaycan fəaliyyəti səngimək bilmir ki, bilmir. Belə ki, Ermənistanın vəkili kimi çıxış edən Fransa iki ölkə arasında sülh prosesinə dəstək vermək əvəzinə, təxribatlara əl atmaqda davam edir. Bu məqsədlə müxtəlif beynəlxalq tribunalardan ölkəmizə hədyanlar yağdıran Fransa sən demə, ölkəmizin ərazisindəki Fransa səfirliyində  kəşfiyyat şəbəkəsi də formalaşdırıbmış. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sayıqlığı, peşəkarlığı sayəsində rəsmi Parisin  ölkəmizin  müstəqilliyinə təhdid törədə biləcək bu avantürası ifşa olunub. Bəli, bu fakt bir daha sübut edir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhlükəsizlik orqanları cəmiyyətimizin təhlükəsizliyinin, daxildən və xaricdən gələn təhdidlərin neytrallaşdırılması istiqamətində yorulmaq bilmədən çalışırlar.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sayıqlığı, peşəkarlığı sayəsində rəsmi Parisin  ölkəmizin  müstəqilliyinə təhdid törədə biləcək avantürası ifşa olunub

 

Araşdırmalar əsasında maraqlı faktlar ortaya çıxıb. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.

Onun əməkdaşlığı nəticəsində hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Ehtimal etmək olar ki, casus şəbəkəsi topladıqları məlumatları Ermənistana ötürmək niyyəti güdüb. Bu fakt həm də açıq-aydın göstərir ki, Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən sui-istifadə edərək ayrı arı dövlətlərim daxili işlərinə qarışır,  təxribat planları həyata keçirir. 

Makronun yanlış siyasəti dünyada Fransanın mənafelərinə çox ciddi zərbə vurub

Bununla həm də Fransa kəşfiyyatının imicinə ciddi zərbə vurulub. Mütəxəssislərin fikrincə,  bu, Fransa tarixində ən böyük fiaskodur. Elə bu biabırçılıqdan sonra Emmanuel Makron Fransa Müdafiə Nazirliyinin  Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

Şübhəsiz, Fransanın anti-Azərbaycan mövqeyinin, hətta Azərbaycanda casus şəbəkəsi yaratmağa qədər getməsinin arxasında rəsmi Bakının həyata keçirdiyi müstəqil siyasət, Fransanın beynəlxalq hüquqa zidd kolonial siyasətin hər platformada ifşa etməsi, bununla bağlı beynəlxalq tədbirlər keçirməsi, üstəlik, Fransanın iç üzünü açması dayanır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.

Qeyd edək ki, Fransanın Azərbaycana qarşı belə bir addımı heç də təsadüfi deyil. Belə ki, torpaqlarımızın işğalında, terror, soyqırımların həyata keçirilməsində dolaylı yolla Fransanın da əli olub. Cənubi Qafqazda möhkəmlənmək istəyən və buna görə “baçı”sı Ermənistandan bir alət kimi istifadə edən, onu silahlandıran, amma Azərbaycana qarşı saxta təbliğat şousu ilə məşğul olan Makron hakimiyyəti də öz məkrli niyyətlərindən əl çəkir. Fransa özünü Avropanın aparıcı dövləti saysa da, Azərbaycanla bacarmayıb və bacarmayacaq. Çünki rəsmi Bakı haqlıdır və ədalətə arxalanır! Bir sözlə, rəsmi Paris Cənubi Qafqazda öz pozuculuq fəaliyyətini davam etdirir.

Yeri gəlmişkən, artıq bu, bir həqiqətdir ki, Afrikadan başlayaraq Cənubi Qafqaza kimi Fransanın xarici siyasəti iflasa uğrayır, formalaşdırdığı şəbəkələr dağıdılır. Bunu anti-kolonializm  hərəkatının geniş vüsət aldığı  Yeni Kaledoniyanın timsalında da görmək mümkündür. Artıq Fransa Nigerdəki səfirliyini bağlamaq məcburiyyətində qalıb. Şübhəsiz, Fransanın iflasının əsasında Makronun yürütdüyü düşünülməmiş, yanlış siyasətin dayanır.  Elə onun bu yanlış siyasəti  və ifşa olunan şəbəkə ilə bağlı ortaya çıxacaq yeni faktlar Makron diktaturasının sonu olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”