22 dekabr 2023 23:35
238

Molla rejiminin “qapı və quyruq” səmimiyyəti...

Daim fürsət düşdükcə Azərbaycanın kürəyinə arxadan xəncərlə vururlarsa bunlar hansı səmimiyyətdən danışa bilərlər? Amma əgər utanmayıb danışırlarsa deməli, bu, boşboğazlıqdan və özünüifşadan başqa bir şey deyil. Azərbaycanda casus şəbəkəsi saxlayan, hətta "Kərimə" adlanan dövlət qurmaq istəyən İran necə səmimi ola bilər? Ərazimizə davamlı olaraq qaçaqmalçılıq yolu ilə təhlükəli uyuşdurucu maddələr gətirib yaymağa çalışan bu dövlətin rəhbərləri bizimlə maska altından danışırlar, yəni üzdə bir cür danışır, arxada başqa əməllə məşğul olurlar. Əslində bu, qatı düşmənçilikdir və onu pərdələmək mümkün deyil. Hərəkətləri ilə maskasını özü yırtan molla hakimiyyəti 44 günlük müharibədən çox keçmədən Ermənistana yenidən hər cür kömək edərək qart sifətini göstərdi. Bununla bərabər Azərbaycanla münasibətləri gərginləşdirib müharibə həddinə çatdırdı. Güman etdi ki, Azərbaycanı qorxudub geri çəkilməyə məcbur edə bilər. Ancaq Azərbaycanın qətiyyətli və sərt cavablarından, adekvat tədbirlərindən sonra yenə də ilbiz kimi öz qınlarına çəkildi. Rejim başçıları hələ də tam sakitləşməyiblər və bəyanatlarında xəbis niyyətlərini büruzə verirlər. Nə isə...Söhbətimizin məğzi bir az fərqlidir. Bu dəfə İran rejiminin saxta səmimiyyətindən danışacağıq.

"İran Qafqaz regionu ilə kommunikasiya marşrutları və infrastrukturun açılması üçün istənilən addımları, eləcə də platformaları dəstəkləyir. Eyni zamanda, bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmət etməklə, bunu sülhün möhkəmləndirilməsi, qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir."

Bu fikirləri İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla ötən gün baş tutan telefon danışığında bildirib. Rəisi Qafqazı sülhə ehtiyacı olan mühüm region kimi xarakterizə edib: “İranın Qafqazla bağlı xarici siyasəti müəyyən edilib. Qafqaz regionunun regiondankənar ölkələrin rəqabət meydanına çevrilməməsini və onun məsələlərinin kənar şəxslərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həllini təmin etmək lazımdır”. Diqqət yetirin, "kənar şəxslərin müdaxiləsi olmadan" ifadəsi ilə o, özünün niyyətini büruzə verir. Bu sözlər heç də Ermənistana məhəbbətdən irəli gəlmir. Rəisi ABŞ-ın, Fransanın bölgəyə gəlməsindən təşviş keçirir, bu baxımdan Ermənistana yarınmağa çalışır.

Sözünün davamında İran Prezidenti Tehranda “3+3” görüşünün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələri arasında bir-biri ilə münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv addım kimi qiymətləndirib: “Region ölkələrinin qarşılıqlı fayda və mənafelərini təmin etmək məqsədilə mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi İranın əsas siyasətidir”.

Burada Rəisi gözünün içinə qədər ağ yalan danışır. Məqsəd bəllidir. Dünənə qədər ermənilərə "qardaş" deyib qucaq açan, Azərbaycana isə əsassız təhdidlər yağdıran, hədə-qorxular gələn, Araz kənarında qoşun cəmləyib əzələ oynadan molla rejimi bu gün "mehriban qonşuluqdan" dəm vurur. Çünki hazırda insan hüquqlarının kobud surətdə tapdanmasına görə bu ölkəyə beynəlxalq təsirlər getdikcə artır. Bir neçə gün əvvəl BMT-də İranda yaşayan millətlərin insan hüquq və azadlıqlarının pozulmasına dair qəbul edilən qərar ciddi siqnaldır. İnsanlıq əleyhinə törətdikləri əməllərinə görə çalmalı şeytanlar ən azı müxtəlif sanksiyalara məruz qoyulacaqlar. Onlar bunu və bundan da pisini haqq ediblər.

Davam edən İran-Ermənistan “qardaşlığı”nın arxasında  isə başqa məqsədlər gizlənir. Ayətullahlar Qərbin qəzəbindən qorunmaq və ona xoş gəlmək üçün Ermənistanın ətəyindən bərk yapışıblar. Ona görə də "qardaş"ına sürprizlər seriyası bağışlayır.

Qeyd edək ki, dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək. Sənədi imzaladıqdan sonra Ermənistan sadələşdirilmiş qaydada, xüsusən də İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan istifadə edə biləcək. Buyurun, bu da yeni fakt. Molla rejimi hay qardaşlarına dənizə çıxış da verməyə hazırlaşır. Bu, Ermənistana yeni nəfəs vermək deməkdir. Əvəzində bu ölkədən gözləntisi ərazisindən xarici güclərin İrana qarşı hərəkətlərinə icazə verməməkdir. Ammma bunlar xam xəyallardır. Haylar yiyəsini yıxmış at kimidirlər, "örkənlərinin üstünə darı səpmək" ağılsızlıqdır.

Molla rejiminin bəsit taktikasından belə fikir hasil olur ki, bunların "quyruqları qapı arasında" qalanda Azərbaycana qarşı da saxta səmimiyyətə əl atırlar. Ancaq "quyruq və qapı səmimiyyəti" etdikləri günahlarından da çirkin görünür.

Vəli İlyasov, "İki sahil"