23 dekabr 2023 00:45
293

Bakının COP29-a ev sahibliyi fransızları niyə narahat edir?

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi artıq bir ənənəyə çevrilib. Paytaxtımız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Ümumiyyətlə, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Xatırladaq ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdiyi bildirilib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Bu fakt Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, dünyada etibarlı tərəfdaş olmasının göstəricisidir. Lakin Fransa Azərbaycanın bu uğurunu həzm edə bilmir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi Fransanı narahat edir. Belə ki, bu ölkənin bir sıra ictimai-siyasi xadimləri Azərbaycanın sözügedən mötəbər beynəlxalq tədbirə evsahibliyi etmək statusu qazanmasına etiraz olaraq müraciət yayıblar. Zamanla islamofob və azərbaycanofob yanaşma sərgiləməkdən çəkinməyən fransız siyasətçilərin yenidən irqçi müraciətlə çıxış etmələri təəccüblü deyil. Bu mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda da bildirilib ki, “Azərbaycana qarşı böhtan atan, daim beynəlxalq hüquqa uyğun hərəkət edən ölkəmizi Fransa ilə səhv salan müraciət müəlliflərinə elə gəlir ki, mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Hiss olunur ki, onlar hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyiblər. İrqçi müraciəti imzalayanlar arasında Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo kimi “tanış” simalar var. Valeri Pekres düz iki il əvvəl Fransa prezidentliyinə namizəd olarkən özü ağılda olan Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa soxularaq indi Bakıda həbsxanada çay içərək Azərbaycan məhkəməsinin qərarını gözləyən Araik Arutunyan və David Babayanla görüşmüşdü. Artıq belə irqçilərin ayaqları bir daha Azərbaycan torpaqlarına dəyməyəcək. Ann İdalqo isə bu il “humanitar” yük karvanı ilə Laçın yolu tərəfə gəlib timsah göz yaşı axıdaraq ucuz şou düzəldirdi”.

İcma diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda fransız merlərinin belə bir müraciətə imza atması siyasi klounluqdur. Ann İdalqo bu cür sarsaq işlərlə məşğul olmaq əvəzinə qoy gedib Parisin bərbad vəziyyətdə olan olimpiya oyunlarına hazırlığı ilə məşğul olsun. “Fransa və Ann İdalqo kimilərin Azərbaycana qarşı bütün addımları əbəsdir. Zaman göstərdi ki, bu təfəkkürdə olanların Ermənistana köməyi maksimum bir neçə Qarabağ ermənisinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər”,- deyə bəyanatda vurğulanıb.

Bakı və İrəvan arasında sülhün əldə edilməsinin müzakirə olunduğu hazırkı dövrdə Fransada səslənən bəyanat və fikirlər onu göstərməkdədir ki, bu ölkə regionda barış mühitinin qərarlaşmasını qətiyyən istəmir. Əksinə Fransa öz addımları ilə Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq istəyir.

Belə qərəzli kampaniyaların heç bir əsası yoxdur. Çünki bütün dünyaya məlumdur ki,  Azərbaycan tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. Buna görə də Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi məhz rəsmi Bakıdır. COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar da həqiqətlərin qlobal səviyyədə etirafıdır. Prezident İlham Əliyevin dekabrın 15-də keçirdiyi xüsusi müşavirədə səsləndirdiyi fikirlər bu mənada diqqət çəkir: " Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir”.

Bəzi Qərb ölkələrinin, ənənəvi olaraq da Fransanın bununla barışmaq fikrində olmadığını qeyd edən dövlətimizin başçısı daha sonra bildirib: “Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”.

Nigar Orucova, “İki sahil”