23 dekabr 2023 00:11
446

Zəfərimizin əsas mənbəyi: Qarabağ–Ordu-Xalq birliyi

Üç ay bundan əvvvəl keçirilən birgünlük lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və bütün Qarabağ bölgəsində, o cümlədən Xankəndidə Azərbaycan Bayrağı dalğalandı. Bununla da Xankəndidəki separatçı rejim tarixin zibilliyinə atıldı. Hətta noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı da keçirildi. Şübhəsiz, bundan böyük xoşbəxtlik ola bilməz. Dekabrın 21-də geniş abadlıq-quruculuq işlərinin aparıldığı Xankəndidə daha bir tarixi hadisənin şahidi olduq. Belə ki, bu şəhərin cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmiş stadionunda “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu keçirildi. İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilən bu matçda Prezident, Ali Baş Komandan İlham Əliyev stadionda topa ilk toxunuş etdi.

Şübhəsiz,  Prezidentin topa ilk zərbəni vurması rəmzi məna daşıyırdı. Həmin an top yaşıl meydanda diyirləndikcə bu günümüz uğrunda canlarını fəda etmiş şəhidlərimiz gözlərimiz qarşısında canlandı, onların ruhlarına bir daha dualar oxuduq. Yeri gəlmişkən, həmin matçı izləyənlər arasında şəhid övladları da var idi. Özü də onlar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əhatəsində əyləşmişdilər. Şübhəsiz, bu,  həyatlarını suverenliyimiz yolunda itirmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsinə ehtiramın göstəricisi olmaqla yanaşı, həm də onların əmanətlərinə dövlət qayğısının təzahürü idi.

Həmin an top yaşıl meydanda diyirləndikcə “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik bacarığını yada saldıq və bir daha əmin olduq ki, Qarabağ Azərbaycandır! Sanki top da dil açaraq həmin zərbədən sonra bu tarixi həqiqəti təsdiqlədi. Üstəlik, müharibənin bitdiyini, bölgəyə mədəni-kütləvi tədbirlərin, sülhün artıq gəldiyini bəyan etdi. Bölgədə dağıdıcı toplara deyil, insanları sülhə səsləyən özü kimi toplara meydan verildiyini söylədi. Bəli, həqiqətən də indi bölgədə nisbi sakitlik təmin olunub. İndi onu uzunmüddətli sülhə çevirmək vacibdir. Azərbaycan bu istiqamətdə əməli addımlar atmaqda davam edir. Şübhəsiz, bu, istəyinə də nail olacaq, bununla da nələrə qadir olduğunu bir daha nümayiş etdirəcək.

Bu zərbə ilə dövlətimizin başçısı, həm də bütün təhdidlərə rəğmən bölgədə söz sahibi olan Azərbaycanın geopolitik müstəvidə qazandığı qələbənin simvolunu nümayiş etdirdi. Bu mənada həmin  zərbə hər birimizə Azərbaycan üzərində oyun oynamaq istəyən  qüvvələrə vurulan zərbə təəssüratı bağışladı. Bu zərbəni  həm də  siyasi müstəvilərdə və hərb meydanlarında rəqib qapılarına qol vurmağı bacaran, öz rəqiblərini həmişə məğlub edən Prezidentimizin növbəti zəfərlərinin anonsu kimi də dəyərləndirmək olar.

O ki qaldı həmin oyunun nəticəsinə… Bu barədə dövlətimizin başçısı İlham Əliyev oyundan əvvəl etdiyi çıxışında demişdir: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”. Bu mənada demək olar ki, həmin matçın qalibi bizi zəfərlərdən-zəfərlərə səsləyən Qarabağ–Ordu-Xalq birliyi oldu. Elə Qarabağ uğrunda gedən döyüşlərdə də tarix yazan bu birlik oldu. Bu birlik təkcə Ermənistan ordusunu məhv etmədi, işğalçı ölkəni bütövlükdə çökdürdü, onun gələcəyini sual altında qoydu. İşğalçının imdadına çatmaq istəyənlər də bu birliyin  qorxusundan ona qahmar çıxmaqda çətinlik çəkdilər. Bir sözlə, məhz bu birlik bütün dünya tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa etdi. Bu mənada dəmir yumruğa çevrilən birliyimiz  Qarabağımızda Qələbəmizin, Zəfərimizin nidasını qoydu.

Bəli, bütün bunları müdrik və uzaqgörən siyasəti ilə bizə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Şübhəsiz, gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində  xalqımız otuz ilə yaxın müddətdə işğal altında olan ərazilərimizi düşməndən təmizləyən, onları iti qovan kimi torpaqlarımızdan qovan, daşnakların məkrli planlarını puça çıxaran, tarixi Qələbəyə imza atan, keçmiş məcburi köçkün soydaşlarımızın dədə-baba yurdlarına təhlükəsiz qayıdışlarını təmin  edən, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işlərinin həyata keçrilməsinə rəhbərlik edən, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən  cənab İlham Əliyevi  yenidən yekdilliklə Prezident seçəcək. Çünki  fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək əsasında quran, hər bir vətəndaşın qayğısına qalan Prezident İlham Əliyevə inam, etimad və güvən sonsuzdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”