23 dekabr 2023 00:58
322

Bir zərbənin fəlsəfəsi

Prezidentin Xankəndi stadionundakı topa vuruşu Ermənistandakı revanşistlərə atılan top mərmisi qədər sarsıdıcı idi

Azərbaycan dövləti artıq dünyada öz qüdrəti ilə xəyalları gerçəyə çevirən, ən əlçatmaz arzuları hədəfə çatdıran bir gücdür. Eyni zamanda, bu günlərdə azərbaycanlı olmağın qürurunu yaşayan vətəndaş kimi də dünyaya sığmayan möhtəşəmlik yaşayırıq. Çünki biz millət və dövlət olaraq dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın «Qarabağ» və Bakının MOİK komandalarının yarışını keçirməklə işğalçı Ermənistana və onun havadarlarına bir daha sübut etdik ki, bizim qalibiyyətimiz əbədidir, sarsılmazdır…

2019-cu ildə həmin bu Xankəndidən Ermənistanın baş naziri Nikol Paşinyanın  «Qarabağ Ermənistandır və nöqtə» demişdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev dekabrın 21- də elə Xankəndi  stadionda topa ilk zərbəni  vurmaqla dünyaya göstərdi ki, Qarabağ Azərbaycandır!

Ölkəmizin başçısının topa zərbəsi heç də adi vuruş deyildi. Bu, həm də Ermənistandakı revanşistlərə atılan top mərmisi qədər sarsıdıcı idi. Artıq ermənilər bununla da birdəfəlik anlamalıdırlar ki, onların «dənizdən dənizə böyük Ermənistan» arzuları gəbərərək  tarixin zibbiliyinə atlıb.

Prezidentimizin iştirakı ilə futbol yarışının başlaması və minlərlə azarkeşin sevinc hayqırtıları bir daha nümayiş etdirdi ki, bu torpaqların əzəli sahibləri kimi həmin anların həsrətini çox çəkmişik. Ona görə də bu futbol oyunu  həm xalqımız,  həm dövlətimiz,  həm də dünya üçün tarixdə əbədi qalacaq.

Qarabağ- MOİK oyununun keçirildiyi gün hər bir azərbaycanlı kimi. ermənilərin reaksiyasını izləmək bizim üçün də maraqlı idi. Lakin hər zamaankı kimi bu hadisəni  görməzdən gəldilər. Ona görə ki, onlar bunu özlərinin növbəti məğlubiyyəti olduğunu anlayaraq hirs və hikkə içində özlərinə qapanmışdılar. Eyni zamanda, dərk edirlər ki, tarixən azərbaycanlılara qarşı etdikləri soyqırımların, qətllərin və işğalların haqlı cavablarını alırlar.

Futbol yarışının bir çox müsbət özəllikləri var idi. Burada Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın böyük coşqu ilə qarşılanması bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevə xalqın sevgisi sonsuzdur, tükənməzdir. Ona görə ki, Azərbaycan dünyada o ölkələrdəndir ki, quduz və arxalı bir işğalçı ölkəni və onun himayə etdiyi separatçı xuntanı darmadağın edərək ərazi suverenliyini tamamilə bərpa edib. Belə bir qüdrətli dövlətin yaranması isə məhz Prezident İlham Əliyevin son 20 ildəki müdrik və qətiyyətli siyasi fəaliyyətinin nəticəsidir. Ona görə də xalqımızın ona güvəni böyükdür və yaxşı bilir ki, qüdrətli Azərğbaycanın bundan sonrakı hədəfi  daha böyük və işıqlı gələcəkdir.

Bu idman tədbirinin digər gözəlliyi isə oyundan öncə komandaların meydana şəhid övladları ilə birlikdə çıxması, hətta onların Ali Baş Komandanla bir lojada  oturaraq oyunu izləmələri idi. Bu mənzərə bizi  çox duyğulandırdı və bir daha əmin olduq ki, canlarını Vətən yolunda fəda edən şəhidlərin bizə əmanət etdikləri övladları mötəbər və güvənilən  əllərdədirlər.

Daha sonra qürurverici hallar dövlət himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların üç rəngli şanlı bayraqlarımızla bəzənməsi idi.

İdman yarışı başlamazdan öncə Prezident İlham Əliyev idmançılar və azarkeşlər qarşısında çıxış edərək bildirdi: «Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.»

Xankəndidəki bu idman bayramı və digər önəmli hadisələr bir daha sübut edir ki, Azərbaycan miqyasına görə kiçik olsa da,  regiondakı gücünə və geosiyasi nüfuzuna görə nəhəng ölkədir. Məhz bu səbəbdəndir ki, indi bizimlə hesablaşan, əməkdaşlığa can atan ölkələrin sayı davamlı olaraq artır.

Elçin Zaman, «İki sahil»