23 dekabr 2023 01:15
352

Biz gəlirik, Şuşa!

Arzularımız, xəyallarımız mərhələ-mərhələ reallığa çevrilir

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda başlanan sürətli bərpa-quruculuq işləri getdikcə daha geniş vüsət almaqdadır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Müzəffər ordumuzun rəşadəti hesabına azadlığına qovuşmuş ərazilərimiz bu gün nəhəng tikinti meydançasını xatırladır. Hər yerdə erməni vandallığının ağır fəsadları aradan qaldırılır. Rayonları, şəhərləri və kəndləri birləşdirən yeni yollar çəkilir, quruculuq işlərinin aparıldığı ərazilərin fasiləsiz elektrik enerjisi, içməli su, təbii qaz, internet təminatı həyata keçirilir, yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər zəruri sosial infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Şanlı Zəfərimizdən ötən 3 il müddətində Qarabağda və Şərqi Zəngəzurda ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində çox mühüm işlər görülür. Qürurvericidir ki, Zəngilan rayonunun Ağalı kəndi ilə startı verilmiş Böyük Qayıdış bu gün artıq Laçın və Füzuli şəhərlərini, Laçının Zabux, Tərtər rayonunun Talış kəndlərini də əhatə edir. Otuz ildən artıq Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin doğma torpaqlarına köç karvanları əzəli və əbədi torpaqlarımıza istiqamət götürüb.

Ən yaxın zamanlarda yenidən həyatın qayıtdığı ünvanların sırasına Şuşa da qoşulacaq. Bu xoş xəbərin müjdəsi Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21-də Şuşa şəhərinə növbəti səfəri zamanı bəyan edilib. Müzəffər Ali Baş Komandan mədəniyyətimizin beşiyində

23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verərək bildirib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti Şuşadan olan keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Sakinlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq. Şuşadakı ilk yaşayış kompleksində 8 binanın tikintisinə 2022-ci il iyulunda, 15 binanın inşasına isə sentyabrın əvvəlinə başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsinin planlaşdırılması işlərin nə qədər sürətlə aparıldığını göstərir.

Bundan başqa, 19-20 sentyabrda həyata keçirilmiş total xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçılarından azad edilmiş Xankəndi, Xocalı və digər yaşayış məntəqələrində də bərpa-quruculuq geniş vüsət alıb. Bu yerlərdə dağıntıların az olması həmin şəhər və kəndlərdən olan keçmiş məcburi köçkünlərin də ən qısa zamanda öz doğma torpaqlarına qayıdışının reallaşacağına inam yaradır.  

Məhz Azərbaycan dövlətinin prioritet istiqamət kimi yanaşmasının nəticəsində həyata keçirilən məqsədyönlü layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Görülən işlər Azərbaycan Prezidenti tərəfindən hər zaman diqqətdə saxlanılır, layihələrin vaxtında və yüksək keyfiyyətlə icra edilməsi üçün müvafiq göstərişlər verilir. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edir. Hər növbəti səfər isə artıq yeni açılışların edilməsi, həmçinin yeni təməllərin atılması və mühüm layihələrin icrasına başlanılması ilə yadda qalır. Prezident İlham Əliyevin bu diqqəti sayəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Dövlət başçısının 2022-ci il noyabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam da məhz bu prioritetlərə əsaslanan hədəflərə çatmaq üçün yol xəritəsinə çevrilib. Dövlət Proqramının icrası bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili və işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası baxımından müstəsna əhəmiyyətə malikdir.

Qeyd edək ki, Dövlət Proqramında 2026-cı ilə kimi Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulub ki, bu da yüzminlərlə keçmiş məcburi köçkünün öz doğma yurdlarına əbədi qayıdışını təmin edəcək. Hər bir Azərbaycan vətəndaşı arzularımızın simvoluna çevrilmiş Böyük Qayıdışın sonuna qədər reallaşacağı, Qarabağ və Şərqi Zəngəzurun xarabalıqları üzərində cənnətin qurulacağı tarixi anları böyük inam və ümidlə gözləyir. O ümidlər isə mərhələ-mərhələ gerçəkliyə çevrilməkdədir. Arzuların reallığa çevriləcəyi, otuz illik həsrətin sona çatacağı növbəti ünvan isə azad, abad Şuşamız və inşallah, Xocalı və Xankəndi olacaq!

Mahir Rəsuloğlu, “İki sahil”