23 dekabr 2023 02:58
753

Ən yeni tariximizin banisi

Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin layiqli davamçısı - dövlət başçısı cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır

Müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sahiblənməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 20 ildə qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Dövlət başçısı İlham Əliyevin ötən müddətdə əldə etdiyi böyük siyasi nailiyyətlər onun liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir. 

Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəninə, bugününə və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Cənab İlham Əliyev həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini anlayan və fəaliyyətini milli mənafeyə uyğun quran siyasi liderdir. Müstəqil Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişafı ilə dünyada lider mövqeyini qoruyub saxlaması məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün oldu. Ümummilli Liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirdi. Prezident özünü azərbaycanlı sayan və bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etdi. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 faiz) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı Dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi.

Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün həlli istiqamətində atılan addımlar, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər. Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və  müdrik seçim etdi. Səsini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi cənab İlham Əliyevə verdi. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil oldu. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur.

Ən əsası isə müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmiş oldu. 2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu  bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Beləliklə, 8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyi olan şanlı tarixə çevrildi. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Birləşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar. Tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi.  Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri “Miatsum” ideologiyası-İrəvan və Qarabağda yaşayan erməniləri vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspor-artsax” ideoloji triadası da yer almışdır. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.

Azərbaycan Ordusunun bu ilin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlədiyi, ümumiyyətlə, işğaldan yeni azad edilən ərazilərdə dövlət bayrağımızın qaldırılmasını hər birimiz hərsətlə gözləyirdik. Nəhayət, Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfərində bir daha belə bir qürurlu anları xalqımıza yaşatdı. Belə ki, bu səfər çərçivəsində dövlətimizin başçısı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimində iştirak etdi. Bu səfərin ən əlamətdar hadisəsi cənab Prezidentin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması və buradan xalqa canlı müraciət etməsi idi. Bu, Ali Baş Komandanın növbəti Zəfər çıxışı idi. Prezident İlham Əliyev bildirdi: “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Tarixi Qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat komunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarixi sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.

Ümummilli Lider Heydər Əliyevin yenidən yaratdığı, Prezident İlham Əliyevin inkişaf etdirdiyi, yeni və çiçəklənən Azərbaycanı aydın görən, Vətən müharibəsinin üzə çıxardığı reallıqların nəticəsi olaraq dünyanın və regionun siyasi mənzərəsini hər zamankından daha dərin dərk edən Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib, onun yürütdüyü daxili və xarici siyasətə sonsuz güvənir, dəstəyini hər keçən gün daha möhkəm formada ifadə edirlər. Tək bir cümlə ilə yekunlaşdırsaq, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı və Azərbaycan xalqının səmimi sevgisini qazanan Liderdir.

Sevinc Azadi, “İki sahil”