22 dekabr 2023 18:39
332

Xankəndidən dünyaya: Sülh, ədalət, mərhəmət nümunəsi

"Bugünkü oyunun nəticəsindən asılı olmayaraq, qalib məlumdur. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. "Qarabağ"la Mərkəzi Ordun İdman Klubunun bugünkü oyunda qarşılaşmasının təbii ki, böyük rəmzi əhəmiyyəti var.” Bu sözləri Prezident İlham Əliyev dekabrın 21-də 1/8 final mərhələsinin “Qarabağ” (Ağdam) – MOİK (Bakı) matçından əvvəl çıxışı zamanı demişdir.  

Dövlət başçısı böyük Qələbənin əldə olunmasında şəxsi, tarixi xidmətləri barədə heç bir cümlə də qeyd etmədi. Amma reallıqda hər kəs yaxşı bilir ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu Qələbə strategiyası məhz Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildi.  Ulu Öndər həmişə deyirdi ki, “Biz Qarabağa qayıdacağıq, mütləq qayıdacağıq, bu, vaxt aparacaq”. O, həmçinin, bildirmişdi ki, başladığı işləri, özündən daha çox inandığı Azərbaycan Prezidenti İlham Əliyev yekunlaşdıracaq. Və belə də oldu. Bu gün isə Azərbaycan bayrağı Vətənimizin bütün  kənd, qəsəbə, şəhərlərində  dalğalanır. Ölkə başçısı hələ 20 il əvvəl deyirdi ki,   "Azərbaycanın mövqeyi ədalətlidir, zaman bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Qarşı tərəf bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır". O zaman Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa edəcəyini kim bu qədər əminliklə bəyan edə bilərdi?. O illərin hadisələrini  hamımız xatırlayırıq. Bu, Azərbaycanın regionun şəksiz iqtisadi, siyasi və hərbi lideri olmaq yoluna yenicə qədəm qoyduğu illər idi. Ermənistanda hakimiyyətdə Robert Köçəryan və Serj Sarkisyanın başçılıq etdiyi “Qarabağ klanı” olub. Onlar nə beynəlxalq hüquqa, onun norma və prinsiplərinə,   nə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadılar, danışıqlar prosesində iştiraka imitasiya etdilər. Və bütün bunlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin susqun dəstəyi ilə baş verdi. Onlar Ermənistanı həyat keçirdiyi işğalçılıq siyasətinə görə   heç bir şəkildə qınamadılar. Əksinə, susmaqla həmin cinayətə  dəstək verdilər. 

Dünən tək Azərbaycanın deyil, həm də dünyanın gözü Xankəndidə idi. Azərbaycanın  möhtəşəm Qələbəsi, onun yaratdığı reallıqlar  bir daha nümayiş  olundu. Xalq - ordu-iqtidar birliyi, haqlı mübarizəmizin   bənzərsiz mənzərəsi hər birimizi ruhlandırdı. Şübhə etmirəm ki, bu oyunu Ermənistanda revanşist qüvvələr, erməni diasporasının  dəstəyi ilə onlara havadarlıq edən  Fransa prezidenti Emmanuel Makron, Paris meri Ann Hidalqo və bir çox başqa fransız siyasətçiləri, amerikalı konqresmenlər və senatorlar, eləcə də Avropa Parlamentinin üzvləri,  jurnalistlər də  izlədilər. Onlar yeni reallıq qarşısında acizlikdir. Axı Azərbaycan uzunmüddətli, səriştəli inkişaf strategiyası quraraq, düşmən tərəfindən işğal olunmuş əraziləri hərbi yolla qaytarmağın mümkün və zəruri olduğunu sübut edən dünyada ilk dövlət oldu. Nəticədə 44 günlük müharibə və 1 gün davam edən antiterror tədbir ilə tarixi Qələbə qazanıldı. Xankəndində keçirilən tarixi futbol oyunu da Azərbaycan Prezidenti İlham Əliyevin parlaq şəkildə həyata keçirdiyi Qələbə strategiyasının nəticəsidir. 

Bu tarixi tədbirdə iştirak edənlər onun  necə keçdiyini ən xırda təfərrüatı ilə yadda saxlayacaqlar. Onlar, həmçinin xəyal kimi görünən arzuların  gerçəkləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolundan danışacaqlar. Amma bu proses davam edir. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən qurulmasına başlanılacaq. Bəli, uzun müddətdir ki, özünü bütün dünyaya ucadan bəyan edən “Qarabağ” futbol klubu nəhayət ki, doğma meydanında, işğaldan azad edilmiş Ağdamda oyunlar  keçirəcək. 
Prezident İlham Əliyev artıq nə qədər işlər görüb,  nə qədər görür və   hələ də görəcək?! Bu qədər böyük, tarixi Qələbələri  həyata keçirə bilən  ikinci siyasətçini misal çəkmək çətindir. Və elə  buna görə də o, dünyada böyük nüfuza malikdir. Öz xalqına  sədaqətlə xidmət edən, fədakarlıq , qətiyyət göstərən, qeyri-mümkün olanı mümkün edən  ölkə başçısına  hər bir  vətəndaş hörmət edir, ona inanır. 

Hicran Hüseynova,
Millət vəkili, professor