22 dekabr 2023 14:01
431

Kamran Bayramov: Futbol matçının Xankəndidə keçirilməsi mühüm əhəmiyyət kəsb edir

"Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Azərbaycan xalqı bu gün elə bir sevinnc  yaşayır  ki, onun miqyasını təsəvvür etmək belə  çətindir. Xalqın özünə inamının qayıtması, insanların əhval-ruhiyyəsinin yüksək olması, ordu və xalq vəhdəti,  Ali Baş  Komandana  olan sevgi, inam  və bütün çətinliklərin geridə qalması  ən böyük nailiyyətdir. Müstəqil dövlətimizin tarixindz ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib." 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Kamran Bayramov bildirib ki, cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.  Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Prezident İlham Əliyev Xankəndi stadionunda    çıxış edərək bildirib ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var: «Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.»
Deputat diqqətə çatdırıb ki,  qürürverici haldır ki, bu gün  Azərbaycan bayrağı Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə  dalğalanır,  dövlət gerbimiz  Xankəndinin mərkəzində  yerləşən inzibati  binanı bəzəyir. Bu, böyük xoşbəxtlikdir  və tarixi hadisədir.  Bu Qələbə bizim  tariximizdə əbədi yaşayacaq. Bizdən sonra  gələn nəsillər  bu Qələbə  ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Xalqımızın onilliklər  ərzində olan  arzuları  çin oldu, ləyaqəti bərpa olundu.  

K.Bayramov əlavə edib ki, iyirmi il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir.  Azərbaycan Ordusu ötən dövrdə dünyanın ən güclü orduları sırasında yer aldı. 2020-ci ilin Vətən müharibəsi Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi.  İnsanlar Ali Baş Komandanımızın hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər. Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. “Mənim işim xalqa xidmət etməkdir, bunu edirəm, bundan sonra da edəcəyəm və bütün işlərimdə mən xalqa arxalanıram” – deyən cənab İlham Əliyev daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, reallığa adekvat olduğunu sübuta yetirir. Bu gün Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.