22 dekabr 2023 10:52
176

Azərbaycanın dinamik inkişafını təmin edən Lider

Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə çevirir.

 Bu gün Azərbaycan xalqı qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır . Qurucu Prezident gecə-gündüz xalq içərisindədir, bütün bölgələrində quruculuq işlərinə şəxsən rəhbərlik edir.

Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrildi. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi.

Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai - siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Bütün bu nailiyyətlər xalqımızın böyük dəstəyi sayəsində mümkün oldu və Azərbaycanın daha sürətli inkişafı yolunda yeni perspektivlər açdı.

İham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də idmandır. O, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İlham Əliyev hər zaman istənilən idman növünün Azərbaycanda inkişafına böyük diqqət yetirmiş, peşəkar idmançıların olması, onların rahat şəkildə fəaliyyət göstərməsi üçün xüsusi şərait yaratmış, müəyyən tədbirlər təşkil etmişdir. Heç şübhəsiz ki, bu da yetişən gənc nəsildə idmana maraq, həvəs oyatmış və bacarıqlı, səriştəli, peşəkar idmançıların yetişməsinə səbəb olmuşdur. Məhz bütün bu tədbirlər idmançılarımızın yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycanı layiqli şəkildə təmsil etmələri, bayrağımızı daim ucaltmaları üçün də atılmış addımdır. 

Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycan bu gün bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda özünün zəngin enerji ehtiyatları ilə Avropa regionunun enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdir. Bütün dünya üçün xüsusi aktuallıq kəsb edən ərzaq təhlükəsizliyi probleminin həlli yönündə də əhəmiyyətli işlər görülmüş, mühüm dövlət proqramları qəbul edilərək onların icrasına başlanmışdır. Enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, bu gün ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sahəsində də əsaslı tədbirlər həyata keçirilməkdədir.

Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır. Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur. Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilmişdir.

Dövlətimizin başçısı İlham Əliyevin 2022- ci il 11 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı Sərəncamı öz təsdiqini tapır. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə abadlıq, quruculuq işləri aparılır. Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biri məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarında məskunlaşmasını təmin etməkdir. Prezident İlham Əliyev bütün bu məsələlərin həll edilməsi üçün müxtəlif tədbirlər görür, sərəncam, fərmanlar imzalayır. Həmin ərazilərə gedərək quruculuq işləri ilə şəxsən özü maraqlanır və tez bir zamanda başa çatması üçün göstərişlər verir. Deyə bilərik ki, artıq qısa müddət keçməsinə baxmayaraq əhalinin bir qismi öz doğma yurduna qayıtmış və bu proses sürətlə davam edir. Bütün bu göstəricilər Azərbaycan Prezidentinin öz ölkəsinə, xalqına bağlılığından irəli gəlir. İlham Əliyev nəinki məcburi köçkünlərə, həmçinin dövlətimiz, vətənimizin varlığı, birliyi üçün canından keçən şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olmuş, onların, ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. O cümlədən, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün  də davamlı işlər görülür.

Ölkəmizin həyatında baş verən misli görünməmiş müsbət dəyişikliklər göctərdi ki, xalqımız səhv etməyib. Cənab İlham Əliyev cari ilin 15 oktyabrında Xankəndindəki çıxışında bu xüsusda deyib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”  

Biz müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk. Müstəqilliyimizin qorunması, əbədi olması üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında yorulmadan fəaliyyət göstərməliyik.

Mehriban İsrafilova,
YAP Xətai rayon təşkilatının "Qara şəhər" ərazi partiya təşkilatının sədri