22 dekabr 2023 00:12
261

Fransanın qarnının ağrısı nədir?

COP29-un Bakıda keçirilməsi bu ölkə rəhbərliyini  ona görə narahat edir ki…

Fransanın adı tarixə dünyanın üçdə birini işğal etmiş barbar ölkə kimi düşüb. Tarixt faktlardan da görünür ki, 60 il öncəyə qədər Fransa ən çox müstəmləkəsi olan ölkələrdən biri olub. Bu gün də bu ölkənin öz sərhədlərindən min kilometrlərlə aralıda müstəmləkələri mövcuddur. Hazırda dünyada 200-dən çox dövlət var, amma vaxtı ilə Fransanın müstəmləkələrinin sayı 225 idi. Məhz belə bir barbar və müstəmləkəçi tarixi olan ölkənin bu gün Azərbaycana və qardaş Türkiyəyə ədalət, demokratiya dərsi keçmək cəhdi  öz gözündə tiri görməyənin başqasının gözündə çöp axtarmasına bənzəyir. 

Bəli, vaxtıilə dünyanın üçdə birini işğal etmiş və hələ də müstəmləkə altında saxladığı ölkələrdə milli azadlıq hərəkatlarını silah gücünə yatıran Fransa bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına mane olmağa çalışır. Eyni zamanda, 30 ildən artıq davam etmiş Azərbaycan- Ermənistan münaqişəsində daim ermənipərəst mövqe sərgiləyərək ölkəmizə qarşı ədalətsiz qərarların qəbul olunmasına çalışan Fransa hələ də «qoca qitə»nin demokratiya buxovuna çevrilib. Təbii ki, Fransanın ermənilərə sevgisi səbəbsiz deyil: onlar eyni xislətin və barbarlığın daşıyıcılarıdır. Hər iki dövlət həmişə beynəlxalq hüquqa hörmətsizlikləri ilə, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törətməklə tarixdə iz buraxıblar.

Xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycanın  tarixi Qələbəsindən sonra Fransa daha da quduzlaşaraq ölkəmizə qarşı hüquqazidd addımlar atmağa başladı. Hətta Azərbaycanın Qarabağdakı ədalətli antiterror tədbirlərini ermənilərin soyqırımı kimi tanıtmağa çalışdı. Təbii ki, Fransadan fərqli olaraq bir çox dünya gücləri 44 günlük müharibədə qəhrəmanlığımızın şahidi olmaqla bərabər, həm də ədalətli mübarizəmizi dəstəklədilər.

Heç şübhəsiz ki, Fransanın Cənubi Qafqazın hərbi və iqtisadi baxımdan ən güclü ölkəsi olan Azərbaycana qarşı riyakarlıqları ona baha başa gələcək. Xüsusilə Prezident İlham Əliyevin bəyanatlarında açıq şəkildə göstərilir ki, Fransa bundan sonra heç vaxt Cənubi Qafqazda sülh danışıqlarında, ümumilikdə geopolitik proseslərdə iştirak edə bilməz. Eyni zamanda, ölkəmizin başçısı Fransanı sülh prosesindən kənarlaşdırmaqla kifayətlənməyərək bu dövlətin  Əlcəzairdə törətdiyi kütləvi soyqırımlarını da həm rəsmi Parisə, həm də dünya ictimaiyyətinə xatırladıb.

Fransanın ölkəmizə qarşı daha bir avantürası isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un  Bakıda keçirilməsinə dair qərarından sonra üzə çıxdı. Belə ki,  erməni diasporundan yallanan bir qrup fransız ictimai-siyasi xadim, o cümlədən Paris meri Ann İdalqo COP29 –un Bakıda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış ediblər. Bu, artıq Fransa «başbilənləri»nin  islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir.

Burada bir məqama diqqət yetirək: Son 4 ildir Parisdəki kütləvi ixtşaşlar, hətta etirazçıların şəhərin mərkəzinin oda vermələri, polis-vətəndaş qırğınları, eyni zamanda, yüzlərlə etirazçının həbs edilməsi- bütün bunlar bir daha göstərir ki, bu şəhərin rəhbərləri öz daxili problemləri ilə məşğul olmaq əvəzinə burununu başqa -başqa yerlərə soxur…

Təbii ki, Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən Paris meri tək deyil. Ölkəmizə qarşı sözügedən bədnam müraciəti  imzalayanlar arasında şovinist Valeri Pekres, Bruno Reteyo kimi anti-Azərbaycan çıxışları ilə tanınanlar da var. Bu, həmin Valeri Pekresdir ki,  düz iki il əvvəl Fransa prezidentliyinə namizəd olarkən özü ağılda olan Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa soxularaq indi Bakı həbsxanasında «dincələn» Araik Arutyunyanı və David Babayanı ziyarət etmişdi. Ann İdalqo isə bu il «humanitar» şou düzəldərək Fransadan gələn yük karvanı ilə Laçın yolu tərəfə gəlib kor-peşman geri qayıtmışdı.

Burada diqqətçəkən məqam odur ki, Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda fransız millətçilərinin belə bir müraciətə imza atmaları tamamilə siyasi əxlaqsızlığın təzahürüdür.  

Prezident İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə Fransanın Azərbaycana qarşı qərəzli əsassız ittihamlarını sərt tənqid edib. Dövlət başçısı konkret olaraq Fransada bəzi siyasi liderlərin ermənilərdən daha çox erməni olmağa çalışdıqlarına toxunub.

Görünən mənzərə belədir ki,  fransız şovinistləri ciddi şəkildə təşvişdədirlər. Ona görə ki, Bakıda keçirilən beynəlxalq tədbirlər, ardınca da Cenevrədə keçirilən «Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik» mövzusunda beynəlxalq konfrans öz bəhrəsini verib. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev həmin beynəlxalq tədbirlərdə tutarlı faktlarla Fransanın işğalçı və ədalətsiz simasını dünyaya bir daha nümayiş etdirib.

Bütün bunlara rəğmən COP29-un gələn il ölkəmizdə keçirilməsi bütün dünyada rəğbətlə qarşılanıb. Çünki bu kimi beynəlxalq  tədbirlərlə Azərbaycan dünyanın inkişaf və tərəqqisinə öz töhfələrini vermiş olur.  Eyni zamanda, dünyanı narahat edən qlobal problemlərin həllində dünya ictimaiyyətinin həmrəyliyinə nail olur.

Elçin Zaman, «İki sahil»