21 dekabr 2023 17:25
274

Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti nümayişi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilib. Bütün dünya ölkələrinin yekdil rəyi ilə qəbul edilmiş bu qərar dünya birliyi tərəfindən  ölkəmizə qarşı bu münasibət, ilk növbədə, cənab Prezident İlham Əliyevin uzun illər boyu həyata keçirdiyi gərgin fəaliyyəti, hər zaman nümayiş etdirdiyi prinsipial mövqeyi və yürütdüyü müstəqil siyasəti sayəsində formalaşmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi müşavirənin keçirilməsi COP29-un gələn il Azərbaycanda keçirilməsinin ölkəmiz üçün müstəsna siyasi əhəmiyyət kəsb etdiyindən xəbər verir. Məlumdur ki, ölkəmizin bu ilin sentyabr ayında uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra bəzi Qərb dövlətləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Bu ittihamlar qərəzli xarakter daşıyır və onların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək suverenliyini bərpa etmişdir. Prezident İlham Əliyev COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı dekabrın 15-də keçirdiyi müşavirədə bu məsələyə də toxunaraq dünya ölkələri tərəfindən antiterror tədbirlərdən cəmi iki ay yarım sonra belə bir qərarın qəbul olunmasını mühüm siyasi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirmişdir.  Daha sonra Azərbaycan Lideri ikili standartlar siyasəti, beynəlxalq riyakarlıq haqqında danışaraq vurğulayıb ki, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Təəssüf ki, dünyanın 50-dən çox ölkəsini işğal etmiş, həmin ölkələrdə günahsız insanlara qarşı qətliamlar törətmiş, sərvətlərini talan etmiş Fransa dövləti Azərbaycana qarşı ikiüzlü və riyakar siyasət nümayiş etdirməkdə davam edir. Həmçinin Fransa müxtəlif vasitələrlə regionda sülhün bərqarar olmasına mane olur və Ermənistanı təxribatlara çəkərək uçuruma aparır.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Bu qərar əlbəttə ki, bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyinin bariz ifadəsidir.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Ayaz Cəbrayılov,

YAP Kürdəmir rayon təşkilatının sədri