20 dekabr 2023 16:41
106

Radikallarin “boykot” tamaşası

Dəfələrlə qeyd edilən tezisi bir daha vurğulamağa ehtiyac yoxdur ki, hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən əsas amil onun seçkilərdə iştirakıdır. Seçkilərdə iştirak etməmək, yaxud onu boykot etməyə çağırış, ən yumşaq şəkildə desək, partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşma nümunəsidir. Bunun birinci səbəbi boykota çağırış səsləndirən radikalların ictimai dayağının, sosial bazasının zəifliyi, bəlkə də ümumiyyətlə olmamasıdır. Radikallar isə xalqdan dəstək ala bilməmələrinə bəhanə axtarırlar. Belə bir bəhanəni isə, onlar yenə də iqtidara böhtan atmaqda, guya ölkədə seçki mühitinin olmamasında görürlər .

Vurğulanmalı digər motiv isə radikalların ümumiyyətlə siyasi mübarizə forması kimi seçkilərdə maraqlı olmaması göstərilməlidir. Radikalların siyasi fəlsəfəsi və mədəniyyəti gərginlik və qarşıdurma yaratmaq üzərində qərarlaşıb və hakimiyyət uğrunda mübarizədə sivil formalardan istifadə etmək istəyindən uzaqdır. 30 il ərzində onların siyasi mübarizəsinin forma və üsulları dəyişməyib və yenə də XX əsrin 90-cı illərinin əvvəllərində istifadə etdikləri taktikadan kənara çıxa bilmirlər. Lakin zaman dəyişib, 30 il əvvəllki metodlar sadəcə olaraq işə yaramır. Radikalların, radikalizmin iflasının səbəbi köhnə, vaxtı çoxdan keçmiş təfəkkürün daşıyıcısı olmasındadır. Hər yerdə yeniliyin, yeniləşmənin müşahidə olunduğu Azərbaycanda köhnəliyə yer yoxdur.

Boykot çağırışına gəldikdə isə, radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir.

Arzu Məmmədova,
YAP Xətai rayon təşkilatının üzvü