21 dekabr 2023 12:38
397

Boykot siyasi acizliyin və məğlubiyyətin etirafıdır

“Seçkilərin boykot edilməsi təxribatdır, siyasi bir hiylədir və stabilliyin pozulmasına xidmət edir. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Əslində bu siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Azərbaycanda dövlət reyestrindən keçmiş bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün demokratik və şəffaf mühit yaradılıb. Bu şəraitdən yararlanıb sağlam rəqabət aparmaq əvəzinə seçkiləri boykot etmək çağırışı xarici qüvvələrə xidmətdir. Bu, ilk hadisə deyil, radikal müxalifət hər zaman dövlətə, xalqa qarşı müxalif mövqe nümayiş etdirib. Vətən müharibəsi dövründə belə siyasi həmrəylik nümayiş etdirməyib. Ölkə Prezidentinə, Ali Baş Komandana minnətdarlıq etmək əvəzinə qərəzli, çirkin bəyanatlar səsləndirmək riyakarlıqdır, düşmənlə bir olmaqdır”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 

Deputat bildirib ki, Əli Kərimli və ətrafının əməllərində təxribat izləri açıq şəkildə görünür: “Onların niyyəti ən azından ölkədə sabitliyi pozmaqdır. “Bulanıq suda balıq tutmaq” sevdası bu qaragüruhçu qüvvələrin təcrübədən keçirilmiş üsullarıdır. Vaxtilə ABŞ və digər Qərb institutlarının təhriki və tapşırığı ilə seçkilərin nəticələrinin tanınmaması barədə əsassız iddialarla küçələrə çıxmaq, dövlət qurumlarına, asayişimizi qoruyan polislərə qarşı hücumlar təşkil etmək də bu qüvvələrin bilavasitə iştirakı ilə həyata keçirilib. Məkrli hədəflərə hesablanmış “boykot” yolu seçən radikallar hakimiyyəti qərəzli şəkildə gözdən salmaq üçün süni qarşıdurmalar yaratmağa, öz zəifliklərini gizlətməyə və cəmiyyətdə emosional gərginliyə nail olmağa çalışırlar.

Sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət bir daha sübut edir ki, onlar xarici qüvvələrə xidmət edirlər. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykot”dan əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, bilavasitə təxribatlara yol açan ucuz siyasi hiylədir. Azərbaycanın uğurlarına və inkişafına kölgə salmağa çalışan, qaranlıq keçmişi ilə hər bir Azərbaycan vətəndaşının yaddaşına həkk olan AXCP və Müsavat Partiyası, onların riyakar, ikiüzlü “tərəfdaşları” Qərbdən maliyyələşən qrantlar müqabilində vətənə və dövlətçiliyimizə xəyanət etməkdə davam edirlər. Ancaq bu cür sapı özümüzdən olan “baltalar” unutmamalıdır ki, məhz AXCP-nin hakimiyyəti dönəmində Azərbaycanın başına gətirilməyən müsibətlər qalmamışdır. Xalqımız başına gələnləri heç vaxt unutmur. Zamanında itirdiklərinin, qaçqın və məcburu köçkün düşməsinin səbəblərini və səbəbkarlarını da bu xalq yaşçı bilir və tanıyır. Destruktiv müxalifət onsuz da tarixin zibilliyinə atılıb, onların dirilmək, siyasi arenaya dönmək fürsəti bir daha olmayacaq. Ona görə də əllərindən ancaq xalqımıza və dövlətimizə qarşı kibir, iftira yağdırmaq gəlir”.