21 dekabr 2023 00:45
323

Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi

Dövlət başçısı İlham Əliyev Azərbaycanı daha da qüdrətləndirdi, ordumuzu Qələbəyə hazırladı, «Biz birlikdə güclüyük!» çağırışı ilə birliyimizi, həmrəyliyimizi möhkəmləndirdi və bunların fonunda tarixi Zəfərə imza ataraq «Biz bu Qələbəyə layiqik» söylədi

«Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.» Dövlət başçısı İlham Əliyev bu ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində belə bir əminliyi də ifadə etdi ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Yazıya cənab İlham Əliyevin Xankəndidən xalqa müraciətində yer alan fikirlərlə başlamağımız səbəbsiz deyil. Bir daha sübut olundu ki, dövlətimizin başçısı son 20 ildə nəyi dedi etdi, hansı vədi verdi onu zamanında və yüksək səviyyədə yerinə yetirdi. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən əvvəl çıxışlarına, müsahibələrinə diqqət yetirsək bu inamın ifadə edildiyini görərik- Tezliklə üçrəngli Bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bu əminliyə əsas verən təbii ki, təbliğatımızın real faktlara, tarixi həqiqətlərə söykənməsi idi. Eyni zamanda, dövlətimizin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə uğurla inkişaf edərək təcrübəsi nümunə göstərilir. Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi fonunda ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Hazırda Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Bu gün Azərbaycan qalib ölkə kimi dünyanın diqqətindədir. Bu qalibiyyəti xalqımıza qazandıran Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Zəfər zirvəsindən son 20 ilə diqqət yetirsək Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq işlərinin görüldüyünü görərik. Azərbaycan iqtisadi qüdrətini artırdı və bu tərəqqi bütün sahələrdə uğurlu addımları şərtləndirdi. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezidentin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların tətbiqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına şərait yaradılması və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. Azərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Son 20 ildə iqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiyanın həcmi 310,4 milyard dollar təşkil edib. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8 faiz təşkil edib. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb.

Atılan bütün addımların, icra edilən hər bir layihənin, qəbul olunan qərarların bir məqsədi var idi- Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirərək sona çatdıra bilmədiyi işlərin xalqın dəstəyi ilə Onun həyata keçirəcəyinə əminliyini ifadə etmişdir. Son 20 ilin uğurları dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu inamı doğrultduğunu, Heydər Əliyev siyasətinə sadiqliyini, hər bir vədini konkret əməli işi ilə təsdiqlədiyini nümayiş etdirdi. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə bir daha birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi. «Dəmir yumruq» Vətən müharibəsinin rəmzinə çevrildi. Bu yumruq, eyni zamanda, Azərbaycanın gücünün, qüdrətinin təqdimatı idi. Ölkəmiz son 20 ildə hər bir sahədə uğurlu addımları ilə diqqətdə oldu. Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilən Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi.

Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə yol açdı. İqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqləndi. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Hədəfləri zamanın tələblərinə uyğun müəyyənləşdirən Prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», həmçinin iqtisadi rayonların yeni bölgüsü ölkəmizin qarşıdakı illərin aydın mənzərəsini yaradır. Həyata keçirilən siyasət Azərbaycanın gələcəyinə daim nikbin baxmağa əsas verir.

Görülən işlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzunu, siyasi çəkisini artırdı. Dövlət başçısının qlobal təşəbbüsləri dəstəkləndi, Azərbaycanın bugününə və gələcəyinə inam daha da artdı. Təkcə son illərdə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə diqqət yetirsək Prezident İlham Əliyevin təşəbbüslərinin, qərarlarının nə qədər əhəmiyyətli olduğunu, birliyə, həmrəyliyə çağırışı özündə ehtiva etdiyini görərik. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həmmüəllif qismində qoşulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar Azərbaycanı sabitləşdirici aktor kimi dünyaya təqdim edir. Cənab İlham Əliyevin dünyanı birləşdirən Lider imici qazanması da təsadüfi deyil. Bu baxımdan ki, Azərbaycan Prezidenti daim bu çağırışı edir ki, səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Bu çağırışların əsasında, eyni zamanda, Azəbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi dayanır. Azərbaycan cənab İlham Əliyevin qətiyyəti sayəsində dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, onların zamana və məkana görə tətbiqi mümkünsüzdür.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Azərbaycanın təşəbbüsləri sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoq kimi məfhumların aktuallığı beynəlxalq münasibətlər sistemində qorunub. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində paytaxtımız qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun göstəricisidir.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Tarixi Zəfərimiz türk dünyasının birliyini daha da möhkəmləndirdi. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri olub. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Cənab İlham Əliyev türk dünyasını böyük ailə kimi dəyərləndirərək birgə səylərin göstərilməsini vacib amil kimi önə çəkir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində də bu birlik özünü aydın şəkildə nümayiş etdirir.

Bu gün dünya Azərbaycan-Türkiyə qardaşlığının fonunda türk dünyasının birliyinin şahidinə çevrilib. 44 günlük İkinci Qarabağ müharibəsində «Azərbaycan tək deyil» mesajını dünyaya çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sona qədər ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəmədi. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən, tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan ilə Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcək və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Azərbaycan və Türkiyə dünyaya qardaşlığın nümunəsini göstərirlər. Hər zaman bir yerdə olan iki dost, qardaş ölkə türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədirlər. 2021-ci ildə Azərbaycan Prezidentinin, 2022-ci ildə isə Türkiyə Prezidentinin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bunun bariz nümunəsidir. Ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə atıdığı addımların, irəli sürdüyü təşəbbüslərin xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev daim bu çağırışı edirdi ki, biz birlikdə güclüyük.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu və möhkəmlənən mövqeyi göz qabağındadır. Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Üç ildir bu istiqamətdə müxtəlif məkanlarda və formatlarda keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipinə söykənən təklifi dəstəklənir. Ermənistanın havadarlarının sifarişləri əsasında addım atması prosesin hələ də uzanmasına səbəb olur.

Bütün bunlara baxmayaraq Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini uğurla davam etdirir. 3 ildə görülən işlərin xronologiyasını qısa təqdim etmək mümkün deyil. Onların miqyası olduqca genişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir. Bu işlərin əsasında ölkəmizin şəhərsalma təcrübəsi də diqqətdədir. Ağdam və Zəngilan Azərbaycan Milli Şəhərsalma Forumlarına ev sahibliyi etməklə ermənilərin bu ərazilərimizdə törətdikləri dağıntıları, eyni zamanda, Azərbaycan xalqının sıfırdan bu torpaqlarda həyata keçirdiyi quruculuq işlərini dünya ictimaiyyətinə çatdırdı.

Reallıq budur ki, tarixi Zəfərimiz bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi və region ölkələrinin inkişafı üçün yeni imkanlar açıldı. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Qısa təhlil bu mühüm məqamı və reallığı qürurla qeyd etməyimizə əsas verir ki, cənab İlham Əliyevin 20 il öncə verdiyi bütün vədlər, qarşıya qoyduğu bütün vəzifələr icra edildi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi bu illər ərzində qazanılan uğurların zirvəsidir. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda qalibiyyət rəmzi olan üçrənğli Bayrağımız dalğalanır.

Yeganə Əliyeva, «İki sahil»