21 dekabr 2023 02:58
308

Biz buna layiqik

COP-29-un Bakıda keçirilməsi ölkəmizin iqtisadi və siyasi qüdrətinə beynəlxalq etmaddan qaynaqlanır

Azərbaycan dövləti gələn il daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsinə dair qərar qəbul edilib. Ümumiyyətlə, son 20 ildə Prezident İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizdə keçirilən çox əhəmiyyətli beynəlxalq tədbirlər nüfuzumuzu və geosiyasi mövqeyimizi möhkəmlədib. Yəni, Azərbaycan bu günədək yüzlərlə beynəlxalq konfransların, irimiqyaslı, mötəbər tədbirlərin keçirilməsinə müvəffəq olmaqla beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Eyni zamanda, bu gün Bakı şəhəri yaradılmış bütün infrastruktur imkanları baxımından mötəbər beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi, eləcə də ölkəyə gələn bütün yüksək səviyyəli qonaqların qəbul olunması üçün ən yaxşı məkanlardan biri hesab olunur.

COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün artıq ciddi hazırlıqlara başlanılıb. Belə ki, dekabrın 15-də Prezident İlham Əliyev bu tədbirlə bağlı keçirdiyi müşavirədə hökümətə lazımi tapşırıqlarını verdi. Ölkəmizin başçısı müşavirədə bu barədə dedi: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.»

Bu, bir önəmli faktdır ki, 1994-cü ildə «Əsrin müqaviləsi»nə imza atmaqla dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan dördüncü sənaye inqilabının baş verdiyi əsrdə də özünün energetika siyasətini uğurla «yaşıl enerji» istiqamətinə yönləndirir. Xüsusilə Vətən müharibəsindən sonra ölkəmiz «yaşıl iqtisadiyyat»ın təşviqi və «yaşıl enerji»nin istehsalı sahəsində bir sıra vacib meqa layihələrə imza ataraq dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Bu mənada, Azərbaycanda neft və qazdan əlavə istehsal edilən alternativ enerjinin xaricə nəql olunması istiqamətində tərəfdaş ölkələrlə mövcud əməkdaşlığımızı daha da genişləndiririk.

Gələn il gerçəkləşəcək COP29-da da ölkəmizin əsas hədəfi « yaşıl enerji» növlərinin yaradılması və həmin yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirməkdir. Artıq bu tədbirin yüksək səviyyədə keçirilməsinə yalnız Azərbaycan dövləti deyil, eyni zamanda, ölkə ictimaiyyəti də ciddi şəkildə hazırlaşır. Xüsusilə Azərbaycan gəncləri, o cümlədən könüllülərimiz həmişə olduğu kimi, bu beynəlxalq tədbirin ən fəal təşkilatçıları və iştirakçıları olacaqlar.

Burada diqqət çəkən məqamlardan biri də COP29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin mütləq çoxluğunun mənəvi və siyasi dəstək verməsidir. Çünki Prezident İlham Əliyevin bu günədək yürütdüyü geosiyasi siyasətin dürüstlüyü və verdiyi vədlərə sadiqliyi xarici ölkələrin Azərbaycan dövlətinə və onun rəhbərinə inamını hər gün artırır.

Doğrudur, erməni diasporu və xarici ölkələrdəki bəzi siyasi qüvvələr Azərbaycana qarşı təxribağçı hərəkətlərini davam etdirməkdədirlər. Prezident İlham Əliyevin dediyi kimi, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi təşvişə salıb. Onların rəzilliyinə baxın ki, COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə müraciət imzalayıblar. Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycanın xeyrinə COP29 konfransına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürdyü, hətta Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar apardığı halda Fransa erməniləri açıq şəkildə bu prosesi pozmağa çalışırlar. Ancaq onlar ölkəmizin qüdrəti və möhtəşəm nüfuzu qarşısında kiçik və acizdirlər. Gec ya tez bu erməni yandaşları da bizimlə hesablaşmalı olacaqlar.

Təbii ki, COP29 həm də ona görə nəhəng beynəlxalq tədbirdir ki, burada iştirakçıların sayının təqribən 70-80 min ola biləcəyi proqnozlaşdırılır. Bu da bir önəmli faktdır ki, bu qədər qonağı qəbul etmək və onları yerləşdirmək böyük iqtisadi güc tələb edir. Lakin Azərbaycan dövləti ötən illərdə keçirdiyi möhtəşəm beynəlxalq idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edərkən ən güclü turizm infrastrukturu yaratmışdı. Ona görə də COP29-un keçirilməsi istiqamətində həm malik olduğumuz təcrübə, həm də geniş infrastrkutur bu tədbirin də möhtəşəm keçəcəyinə zəmanət verir.

Elçin Zaman, «İki sahil»