19 dekabr 2023 13:11
93

Sifarişli təxribat

Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir.  Prezident  İlham  Əliyevin  müvafiq  Sərəncamı ilə  2024-cü il fevralın  7-də  ölkəmizdə növbədənkənar seçkilər keçiriləcək. Artıq ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən müvafiq tədbirlərə başlayıb. Ümumiyyətlə, hüquqi və demokratik dövlət olan Azərbaycanda indiyədək keçirilən seçkilər də azad və şəffaf şəkildə baş tutub. Respublikamızda demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi mövcuddur. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyən edib və 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Lakin Seçki Məcəlləsinin qəbul edilməsi ilə bütün seçkilər vahid qanunvericilik əsasında reallaşdırılır.   

Siyasətdən uzaq olan sıravi sosial şəbəkə istifadəçisi demək olar ki, seçkilərin tarixi elan olunan gündən etibarən “boykot” sözü ilə rastlaşır. Günlər keçdikcə bu söz tədricən “ön plan”a keçir və hətta bəzi məqalələrin “başlıq” statusuna da müvəffəq olur. Qərb “ssenaristləri” bu klassik texnoloji metoddan müxtəlif ölkələrdə uzun illərdir öz maraqlarına uyğun istifadə edib və etməkdədirlər. Sadə şəkildə ifadə etməli olsaq, hər hansı bir seçkinin ətrafında boykotun elan olunması təxribat xarakterli ssenarilərin məhz birinci mərhələsidir. Görünən odur ki, mürəkkəb nəzəriyyələrdən uzaq duraraq, onun məkrli niyyətlərə xidmət edən “kirli” siyasi texnologiyaların, sadəcə, bir növü olmasının geniş şəkildə anlaşılmasına ehtiyac var. Çünki hər kəsə aydın olmalıdır ki, “boykot” prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir.

Obyektiv həqiqətdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün hətta nəzəri şəkildə belə alternativi yoxdur. Bu həqiqəti ölkəmizin hətta ən “böyük dostları” belə etiraf etmək məcburiyyətindədirlər. Ancaq təəssüflə qeyd etməliyik ki, hələ də beynəlxalq münasibətlər sistemində tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi “iştahalarının” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər.

Danılmaz deyil ki bəzi müxalif  partiyaların milli  birlik yaratmaq, dövlətimizə dəstək olmaq  əvəzinə   acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən arzu və istəkləri var. Onların cəmiyyətin inkişafına və milli həmrəyliyə xidmət etmək kimi niyyətləri heç zaman olmayıb. Bu bəla-siyasətçilər həmişə ancaq kimlərinsə maraqlarına xidmət etmək, qrant layihələrdən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi hədəflər güdüblər.

Əlbəttə ki, ölkəmizə və bütövlüklə regionumuza müdaxilə etmək imkanlarını getdikcə daha artıq itirmək qorxusunu yaşayan güclər məkrli niyyətlərindən rahatlıqla əl çəkməyəcəklər. Elə bu səbəbdən də onlar seçki prosesinə təxribatlar üçün universal fürsət kimi baxırlar. Kimlərinsə əlində oyuncağa çevrilməmək üçün bəzi sadə həqiqətləri hər bir vətəndaş bilməli və öz ayıq-sayıqlığını qorumalıdır.

Məhz demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət göstərən  siyasi partiyalar keçirilən seçkilərdə fəal iştirak edirlər. Bu reallığı qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da deyə bilərik. Seçki kampaniyasının rəsmi olaraq bir neçə gündür başlamasına baxmayaraq, bəzi siyasi partiyalar bu mühüm siyasi kampaniyada iştiraka qərar veriblər. Bu, partiyaların sivil formada siyasi mübarizə mədəniyyətini nümayiş etdirməsidir. Lakin müxalifətin radikal qanadı həmişəki kimi bu mədəniyyətdən tamamilə uzaqdır. Belə partiyalar hər zaman ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməyib, özlərini Azərbaycan cəmiyyətindən ayırıblar. 44 günlük Vətən müharibəsi zamanı, eləcə də Qarabağda keçirilən antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək birgə bəyanat imzalasalar da, bəzi  partiyalar bu həmrəyliyə qoşulmaqdan imtina etdilər. Ancaq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması tədbirlərində milli həmrəylikdən kənarda qalmaq onların Azərbaycan xalqından nə qədər uzaq olduğunu, xaricdəki ermənipərəst dairələrinin əlində alətə çevrildiyini təsdiqləyən faktların "zirvəsi”dir.

Ancaq ölkə vətəndaşlarının radikalların təxribatlarına uymayacağı, seçkilərdə fəal   şəkildə iştirak edəcəkləri şübhəsizdir. Ötən illərin də təcrübəsi göstərir ki, radikal müxalifətin cəmiyyətimizdə sosial dayaqları mövcud deyil.  

Bu gün Azərbaycan xalqı xoşbəxtdir, qürurludur, çünki bu xalqın dünəninə Ulu Öndər Heydər Əliyev, bu gününnə isə Cənab Prezident İlham Əliyev kimi lider rəhbərlik edir. Bu seçkilərdə isə hamı  kimi məndə inanıram ki, azərbaycan  xalqı yenə də öz layiqli lideri İlham Əliyevə  səs verəcək və beləliklə Azərbaycanın sabahınada   Cənab Prezident İlham Əliyev kimi lider rəhbərlik edəcək.

Vüqar Ələkbərov,
Bakı  şəhəri, Xətai  rayonu 249 saylı orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü