20 dekabr 2023 11:01
572

COP29-un təşkili ölkəmizin növbəti uğurudur

Son 20 ildə Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında çox mühüm tarixi uğurlara imza atmış, eyni zamanda ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə ev sahibliyi etmişdir. Həm ölkəmizin paytaxtı Bakı şəhərində, həm digər regionlarımızda keçirilən tədbirlərdə yüksək səviyyəli təşkilatçılıq diqqəti cəlb etmişdir. Artıq belə tədbirlərin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında zəngin bir təcrübə formalaşmışdır. Dövlətimizin və dövlət başçımızın uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu ötən hər gün daha da artır. Böyük İpək yolu üzərində yerləşən Azərbaycan şərq ilə qərb, Avropa ilə Asiya dövlətləri arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına əvəzsiz töhvələr verir və hal-hazırda da verməkdədir. Təsadüfi deyildir ki, bir sıra nüfuzlu dövlətlər COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəklərini göstərdilər. Bu Azərbaycan dövlətinin və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuza malik olmasının bariz göstəricisidir.

15 dekabr 2023-cü il tarixində COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Tədbirin təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan bütün təşkilatlara Cənab İlham Əliyev tərəfindən  lazımi tapşırıq və tövsiyyələr verildi. Dövlət başçımız qeyd etdi ki, ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.  Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırmışdır.

Daha sonra Cənab İlham Əliyev müşavirə iştirakçılarının diqqətinə çatdırdı ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən, təqribən, 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən, 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Dövlət başçımız əminliyini vurğuladı ki, ölkəmiz COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki,  gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya buna bir daha şahid olacaq.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi