19 dekabr 2023 23:59
295

Əli Kərimli aqoniya vəziyyətində

Bir yandan hakimiyyətə seçkilərlə gəlmək istəyir, o biri tərəfdən onu  boykot edir

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident  seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bundan başqa, ölkədə fəaliyyət göstərən ayrı-ayrı partiyaların rəhbərləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər. Potensialı və elektoratı olan siyasi partiyaların rəhbərləri yaxşı dərk edirlər ki, əslində demokratik cəmiyyətlərdə seçkilər bütün siyasi qüvvələr üçün yaxşı imkandır.

Təbii ki, respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar var. Eyni zamanda, bu siyasi prosesin azad, ədalətli, şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində seçkilər ilk dəfə bütün ölkə ərazisində keçiriləcək.

Lakin utancverici haldır ki,  AXCP və Müsavat kimi radikal müxalifət partiyaları  yenə rəzil ənənələrinə sadiq qalaraq müxtəlif bəhanələrlə, əsassız iddialarla növbədənkənar prezident seçkilərində iştirak etməkdən imtina ediblər. Bu barədə AXCP-nin qurultayında partiyanın sədri Əli Kərimli bildirib. Həmçinin Müsavat Partiyasının başqanı Arif Haçılı da bildirib ki, onlar da seçkilərdə iştirak etməməyə qərar veriblər. Təbii ki, onların bu anormal qərarlarının bir səbəbi var: Cəmiyyətdə heç bir sosial dayağı olmayan bu partiyalar seçkilərdə uğur qazana bilməyəcəklərini bəri başdan proqnozlaşdırırlar. Ona görə də radikalların seçkilərin keçirilməsi ilə bağlı istənilən narazılıq və təxribatları  yalnız qərəzli mövqe kimi dəyərləndirilməlidir.

Postseçkilərdən sonra öz qərəzli çıxışlarında həmişə seçkilər tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevralın 7-də nəzərdə tutulmuş prezident seçkilərinin keçirilməsi ilə bağlı qeyri-obyektiv yanaşmaları artıq  ucuz demaqogiyadan başqa bir şey deyil. Aydındır ki, siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtinanın səbəbi  cəmiyyəti qalmaqallı situasiyalara təhrik etməkdir. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan bu təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə hörmət etmirlər. Həmişə milli maraqlara xidmət etməkdən boyun qaçıran radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi-siyasi  deqradasiyasıdır.

Təbii ki,  növbədənkənar prezident seçkiləri İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Qətiyyətlə demək lazımdır ki, Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etməklə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi-diplomatik müstəvidə uğurla davam etdirdi. Təbii ki, radikal müxalifətin rəhbərləri Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan belə möhtəşəm qələbələrin müəllifinə rəqib ola bilməyəckləri və seçkilərdə ona ağır şəkildə məğlub olacalarını hər kəsdən yaxşı bildikləri üçün əsassız iddialar və müxtəlif  bəhanələrlə seçkilərdən imtina yolunu seçdilər.

Radikalların seçkilərlə bağlı məntiqsiz çıxışlarına diqqət yetirsək görərik ki, bunlar ömürlərinin on illiklərini  siyasi dəllalıqla məşğul olublar. Bu qaragüruhçuların «Seçkilər qəfil elan olunub, biz hazır deyilik» sözləri həm gülüş, həm də haqlı sual yaradır: 30 illik müxalifətçilik dövründə bunlar heçmi inkişaf edə bilmədilər?

Belə bir mühüm dövrdə ortalığa çıxarda biləcəkləri tutarlı arqumentlərinin yoxluğu və siyasi çevikliklərinin sıfır səviyyəsində olması bir daha göstərir ki, radikallar ancaq qeybət və ifrat tənqidçilikdə, böhtan atmaqda pərgardılar.  Onların siyasi fəaliyyətlərinin əsl mənzərəsi belədir- cəmiyyətdə nüfuzları,  intellektual potensialları, sadiq elektoratları hər gün  əriməkdədir. Əvəzində onlarda formalaşan naqisliklərin ürəkbulandıran  mənzərəsi belədir- antimillilik, bütün uğurlara qərəzlə yanaşmaq və s….

Qeyd edək ki, ötən həftə AXCP-nin qurultayında pariyanın sədri Əli Kərimli hakimiyyətə ancaq seçkilər vasitəsi ilə gələcəklərini bildirib. Ancaq nədənsə  7 fevral prezident seçkisini boykot çağırışı isə onun  xəstə təxəyyülünün məntiqi nəticəsidir. Bir-birini təkzib edən iki fikrin bir tədbirdə səsləndirilməsi göstərir ki, AXCP sədri aqoniya vəziyyətindədir və artıq siyasətlə məşğul olmaq fəaliyyətini itirib.

Elçin Zaman, «İki sahil»