19 dekabr 2023 23:26
236

Erməni sevdalısı Ann İdalqonun siyasi klounluğu

Dünyanı yönləndirməyə çalışan güc mərkəzlərinin, “qoca qitə”nin böyük dövlətlərinin etnik separatizmi və terrorçuluğu dəstəkləmələri, ayrı-ayrı etnik qrupların silah, işğal gücünə dövlət qurmaq istəyinə, “öz müqəddəratını təyinetmə hüququ” adı altında bir dövlətin ərazi bütövlüyünə qəsd etmək cəhdlərinə qətiyyətsiz münasibətləri bütün dünyanı  qarşısıalınmaz parçalanma prosesi ilə üz-üzə qoyub. Qərbin dünyanın müxtəlif yerlərində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verir.

Son zamanlar Fransanın Cənubi Qafqazda silahlanma və hərbiləşmə siyasəti yeridərək Ermənistanı silahlandırması yuxarıda deyilənləri bir daha təsdiq edir. Uzun müddət Azərbaycanın 20 faiz ərazisinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə göz yuman, hətta işğalçıya gizli dəstək verən rəsmi Paris hazırda regionla bağlı öz çirkin əməllərini pərdələmək üçün ən çirkin vasitələrə əl atır, hətta ölkəmizə qarşı yalan və əsassız böhtanlar səsləndirir. Fransa Prezidenti Emmanuel Makronun və digər fransız rəsmilərin zaman-zaman guya ermənilərin “etnik təmizliyə” məruz qalmalarını   bəyan etmələri siyasi riyakarlığın pik nöqtəsidir. Halbuki, ölkə rəhbərliyi tərəfindən dəfələrlə bəyan edilib ki, təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanın kimsənin torpaqlarında gözü yoxdur. Şübhəsiz, bunu bütün dünyada məkrli neoimperialist siyasəti ilə tanınan fransız siyasətçilər də yaxşı bilirlər.  

Fransa rəsmiləri son vaxtlar daha da irəli gedərək ölkəmiz haqqında həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirməklə bütün sərhədləri aşırlar. Lap əvvəldən erməni separatizmini dəstəkləyən Fransanın müdafiə naziri Sebastyan Lekornyunun bir müddət əvvəl hərzə-mərzə açıqlamaları, hədyanları, təcavüzkar Ermənistana dəstək bəyanatları bunun əyani təsdiqidir. Həmçinin Fransanın mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar səsləndirməsi və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırışlar etməsi absurd olduğu qədər də gülünc idi. Yaxud, Fransa Prezidenti Emmanuel Makronun təlimatları əsasında ifrat ermənipərəst mövqe tutmuş xarici işlər naziri Ketrin Kolonanın yersiz erməni təəssübkeşliyi ermənidən artıq erməni olmasını nümayiş etdirməsi bu ölkə rəsmilərinin Azərbaycanofobiyanın pik nöqtəsində olduğunun bariz nümunəsidir.

Daim separatizmdən siyasi təzyiq vasitəsi kimi istifadə edən rəsmi Parisin ölkəmizə qarşı təxribat xarakterli bəyanatları, daha doğrusu, siyasi əxlaqdan uzaq qərəzli mövqeyi hələ də davam edir. Bu günlərdə bir qrup fransız ictimai-siyasi xadimin, Parisin meri xanım Ann İdalqonun 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış etmələri bunun əyani təsdiqidir. Təbii ki, bütün bunlar Fransanın irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha ortya qoyur. Deyəsən, zaman-zaman insan haqlarından, sülhdən ağızdolusu dəm vuran Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo kimi erməni təəssübkeşləri unudurlar ki, COP29 sülhə, əmin-amanlığa yol açır, rifaha xidmət edir. COP-la bağlı Azərbaycan və Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir. Bütün bunların fonunda demək olar ki, müstəmləkəçiliyi dövlət siyasəti halına gətirən Fransanın Cənubi Qafqazla bağlı irqçi, ikiüzlü və yanlış siyasəti Azərbaycanla Ermənistan arasında sülh prosesinə xələl gətirir və regionda davamlı sülhün, təhlükəsiziliyin və əməkdaşlığın bərqərar olmasına əngəl törədir.

Bu da bir həqiqətdir ki, Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdikləri razılaşmalar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda xanım Ann İdalqo və onun orbitindəki neomüstəmləkəçi, irqçi zeyniyyətlərin, siyasi klounların anti-Azərbaycan fəaliyyəti heç bir nəticə verməyərək fiaskoya uğaryacaq.

Zahid Rza, “İki sahil”