20 dekabr 2023 01:16
492

Ölkəmizin növbəti uğuru - COP29

Ölkəmizi dünya miqyasında regionun lideri kimi tanıdan amillərdən biri də onun beynəlxalq tədbirlər üçün ideal məkana çevrilməsidir. Elə bu səbəbdən  belə tədbirləri yüksək səviyyədə həyata keçirən Bakının adı mühüm beynəlxalq siyasi, iqtisadi, dini, o cümlədən idman tədbirlərinin sinonimi kimi çəkilir. Gələn il ölkəmiz daha bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Şübhəsiz, tarixdə ilk dəfə belə bir tədbirin Avropa İttifaqına üzv olan ölkədə deyil, Bakıda keçirilməsi  Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun növbəti göstəricisidir. On minlərlə insanın iştirakı ilə keçiriləcək və təmsilçilik səviyyəsinə görə BMT Baş Assambleyasına bərabər tutulan bu möhtəşəm tədbirin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsindən sonra Bakıda keçirilməsinin  xüsusu önəmi vardır.  Belə ki, üç il əvvəl döyüş meydanında acı məğlubiyyətə düçar olan Ermənistan da ilk dəfə olaraq öz namizədliyini Azərbaycanın xeyrinə geri götürub.  Bu mənada COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin, Azərbaycan Prezidentinin növbəti tarixi uğurudur.

COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Statistik göstəricilərə görə, ölkəmizin quruda külək və günəş enerjisinin həcmi 27 qiqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin həcmi 157 qiqavatdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioriteti kimi müəyyən edən Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş də imzalayıb. Artıq bütün dünyada Azərbaycanın Yaşıl Enerji Dəhlizi barədə söhbətlər gedir.

Mütəxəssislər GOP29-un  sülhməramlı məsələlərin, xüsusən Ermənistanla Azərbaycan münasibətlərinin nizamlanmasına öz töhfəsini verəcəyini də bildirirlər. Elə Azərbaycan ilə Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında COP-la bağlı əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir.

Bəli, bu tədbir bütün parametləri ilə önəmlidir. Elə tədbirə hazırlıqla bağlı ilk müşavirənin dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə keçirilməsi də bunu sübut edir. Şübhə yoxdur ki, bir sıra ilklərə imza atan Azərbaycan bu sahəyə də yeniliklət gətirəcək. Bu tədbirlə ölkəmiz  bütün dünyaya bir daha bəyan edəcək ki, Azərbaycan həqiqətən beynəlxalq etimada və hörmətə layiq ölkədir. Dövlətimizin başçısının dediyi kimi: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.

Şübhəsiz, sözügedən tədbirin keçiriləcəyi iki həftə ərzində dünyanın diqqəti Bakıya yönələcək. Dünya bir daha  ölkəmizdə gedən proseslərin əyani şahidi olacaq. Üstəlik, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaq və Qarabağla bağlı əsl həqiqətləri  eşidəcək. Bir sözlə, Azərbaycan COP29-u da yüksək səviyyədə keçirəcək ki, bu da  xalqımızın növbəti böyük uğuru olacaq.

Təəssüf ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən, ölkəmizə qarşı mütəmadi böhtanlar yağdıran Fransa, daha doğrusu, bu ölkənin  bir qrup  ictimai-siyasi xadimi, Paris şəhərinin meri Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo və digərləri 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda  keçirilməsi qərarını qısqanclıqla qarşılayıblar. Onlar hətta mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi əleyhinə müraciətlə çıxış edirlər. İddia ediblər ki, guya mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Bu da onların  hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməmələrindən bir daha xəbər verir. Bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyildiyi kimi, Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda fransız merlərinin belə bir müraciətə imza atmaları siyasi klounluqdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”