18 dekabr 2023 17:15
295

Azərbaycan COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək. COP (Conference of the Parties) Tərəflərin Konfransı 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir.

Gələn ilin 11-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Bu isə şübhəsiz ki, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda ədaləti bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi və uzun illərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyması ilə izah olunmalıdır.

İndidən proqnozlaşdırmaq olar ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək. Belə düşünmək üçün kifayət qədər əsas verir. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur.

Hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu bir az da artırır. 2012-ci ildə Azərbaycanda Avroviziya mahnı müsabiqəsi keçirilmişdi. Həmin vaxt xarici ölkələrin rəyləri, habelə Bakıdakı turistlərin söylədikləri Azərbaycanda növbəti beynəlxalq tədbirlərin təşkili üçün inam yaratdı. 2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunları keçirildi. Beləliklə, ölkə daha bir tarixi hadisəyə ev sahibliyi etdi. Əlbəttə, ilk Avropa Oyunlarının rəsmi Bakıya həvalə edilməsi böyük məsuliyyət və həm də etimad təzahürü idi. 2017-ci ildə Azərbaycan daha bir beynəlxalq idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Belə bir möhtəşəm idman yarışının keçirilməsinin Azərbaycana həvalə edilməsi, şübhəsiz, həm də Birinci Avropa Oyunlarına uğurla təşkilatçılıq etməsi ilə bağlı idi. Bundan başqa, bir neçə ildir Azərbaycanda Formula-1 yarışları keçirilir.2022-ci ildə Bakıda “Texnofest” festivalı baş tutdu. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi idi. Bu ilin oktyabr ayında isə Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi baş tutdu.

Bu siyahını daha da genişləndirmək olar.   Bakı idmandan, mədəniyyətdən siyasi və digər sahələrə qədər ən müxtəlif tədbirlərə ev sahibliyi edib. Bu beynəlxalq tədbirlərə uğurla ev sahibliyimiz bir neçə amillə, o cümlədən yaradılan təhlükəsiz şərait, müasir komplekslərin mövcudluğu, habelə əlverişli iqlim şəraiti və əlbəttə, Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlıdır.

Şübhəsiz ki COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Firuzə Əliyeva,
YAP Xətai rayon təşkilatının “Rahib Məmmədov 18” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü