18 dekabr 2023 19:30
287

COP-29-a ev sahibliyi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Azərbaycan  qüdrətli , güclü, sülhsevər  bir  ölkə  kimi  Cənubi  Qafqazda, eləcə  də beynəlxalq  aləmdə  tanınır. Azərbaycanın  xarici  siyasət  fəaliyyətinin  formalaşması  və  prioritet  vəzifələrin  müəyyənləşməsi   Ulu  Öndər  Heydər   Əliyevin  adı   ilə  bağlıdır. Məhz  Heydər  Əliyevin  rəhbərliyi   dövründə  Azərbaycanın  beynəlxalq  münasibətlər   sistemində  iştirakı  və  özünəməxsus  mövqelər  qazanması   üçün lazımi  tədbirlər  görülmüşdür.

1991-ci  ildə  öz  müstəqilliyini bərpa etdikdən  sonra  Azərbaycan Respublikası  bir  sıra  əhəmiyyətli  beynəlxalq   və  regional  təşkilatlarla  əməkdaşlıq  siyasətini   həyata  keçirmişdir. 1992-ci  il  martın  2-də Azərbaycan  BMT-in  üzvlüyünə  qəbul  edilib. Elə  həmin  ilin  iyun  ayında  öz  üzvlərinə  dünya  səviyyəli  mütəxəssislərin, texniki  yardımların,  həmçinin  elm  və  pedaqoji  kadrların   hazırlanması, qlobal  elmi  layihələrdə  iştirak  etmək  imkanlarından  bəhrələnmək  imkanı  verən UNESCO  ilə   əməkdaşlıq   etmək  qərarına  gələn  Azərbaycan   Respublikası  həmin  təşkilata  daxil  olmuşdur. Azərbaycan  2007-2008, 2012, 2016  və  2020-ci  illərdə  GUAM-da  sədrlik  etmişdir.

Azərbaycan   Respublikası   regional  və  qlobal  səviyyədə  fəaliyyəti , o  cümlədən  beynəlxalq  arenada   əməkdaşlığı   genişləndirərək   26 may  2011-ci  il  tarixində  İndoneziyanın  Bali  adasında  Qoşulmama  Hərəkatına   üzv  olan  dövlətlərin   yekdil   dəstəyini   əldə   edərək ,  bu  beynəlxalq   təşkilata  tamhüquqlu   üzv  qəbul  olunmuşdur.

Əsası  Ulu  Öndər  Heydər  Əliyev  tərəfindən  qoyulmuş   Azərbaycanın   dünya  birliyinin   layiqli  üzvünə  çevrilməsi  yolunda    işlər  Prezident  İlham  Əliyev   tərəfindən  layiqincə   davam  etdirilir. Son   20  ildə   həyata  keçirilən   xarici  siyasət  ölkəmizlə  əməkdaşlıq   etmək  istəyən  dövlətlərin  sayını  artırdı, respublikamızın  beynəlxalq   aləmdəki  reytinqini  yüksəltdi  və  Azərbaycan  dünyanın  inkişaf  etmiş  demokratik  dövlətləri  sırasına  qoşuldu.

Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  həyata   keçirilən  çoxşaxəli  və  balanslaşdırılmış   xarici  siyasət  kursu  ölkəmizin   milli  dövlət  kimi  müasir  beynəlxalq   münasibətlər   sistemində  gücünü  və  nüfuzunu   artıran  mexanizm   qismində  çıxış  etməkdədir. Ölkəmizin  beynəlxalq  miqyasda  etibarlı  tərəfdaş   olması, dünyada  hörmət  qazanması  və  nüfuzlu   beynəlxalq   təşkilatların   layiqli  üzvünə   çevrilməsi   dövlət  başçımızın  düşünülmüş    strategiyasının  məntiqi  nəticəsidir.

Azərbaycan   BMT  Təhlükəsizlik  Şurasına  qeyri- daimi  üzvlüyü   zamanı  155  ölkənin , Qoşulmama  Hərəkatına  sədrliyi   zamanı  120  ölkənin dəstəyini   qazanmağı   bacarıb  və  etimadı  tam  doğruldub. Bütün  postsovet  məkanında  ilk  dəfə  olaraq  Azərbaycan  Respublikasının   2024-cü  ildə  İqlim  Dəyişikliyi  üzrə  Çərçivə  Konvensiyasının   Tərəflər   Konfransının    29-cu  sessiyasına  -COP-29-a     ev  sahibliyi   etməsi   Azərbaycanın   dünyada   getdikcə  güclənən   mövqeyinin,  artan  nüfuzunun  əyani  göstəricisidir.

Ətraf  mühit ,  iqlim  məsələləri  milli   sərhədlər  tanımır,  ümumbəşəri  mahiyyətlidir. Onların  qorunması  planetimiz—ümumi  evimiz  üçün  çox  vacibdir. Məhz  buna  görə  də   2020-ci  ildə  44  günlük  müharibədən  dərhal  sonra  Prezident  İlham   Əliyev   Qarabağı   və  Şərqi   Zəngəzuru , Naxçıvanı  “ yaşıl  enerji  bölgəsi” adlandırıb  və  bu  istiqamətdə genişmiqyaslı  işlərə  başlanıb. Neft-qaz   ölkəsi  olan  Azərbaycan  yaşıl  enerji  növlərinin yaradılmasını  və  yaşıl  enerjinin  dünya  bazarına  nəqlini  hazırda  enerji   siyasətinin   yeni  prioritet  istiqaməti  kimi  müəyyən  edib.

Qeyd  etmək  lazımdır  ki, COP-29  eyni  zamanda  sülhə, əmin-amanlığa  yol  açır, rifaha  xidmət  edir. COP  həmrəylik, qlobal  məsuliyyəti  bölüşmək  və  əməkdaşlıq  platformasıdir.  Azərbaycanın  COP- 29-a  ev  sahibliyi  etməsi  isə  Prezident  İlham  Əliyevin   yürütdüyü  siyasətə  dünya  səviyyəsində  olan  böyük  hörmətin  nəticəsidir. 

Prezident    İlham  Əliyev  Azərbaycan  Televiziyasına  müsahibələrinin  birində  demişdir: “Azərbaycan  dünya  miqyasında  çox  böyük  hörmətə  və  yüksək imicə  malik  olan  ölkədir .”  Bəli  əminliklə  demək  olar  ki,  Prezidentimiz   cənab  İlham  Əliyevin   rəhbərliyi  ilə  Azərbaycan  bundan   sonra  da  bütün  sahələr  üzrə   inkişafını  davam  etdirəcək,  çünki  ölkəmiz  müstəqil  siyasət  yeridir, heç bir  dövlətdən  asılı  deyil  və kimsənin  də  diktəsi ilə  hərəkət  etmir.  Ən  əsası  isə  ölkədə   “ xalq-iqtidar “  birliyi  var.   Məhz  buna  görə  də  xalqımız  gələcəyə   çox  böyük   nikbinliklə  baxır.

Elnarə  Qocayeva,
Bakı şəhəri, Xətai rayonu, T. Bağırov  adına 59 nömrəli tam  orta  məktəbin  Azərbaycan dili və  Ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü