18 dekabr 2023 23:26
250

Elmi tarixi həqiqətlərlə milli vicdanın qovuşuğunda yaranan tədqiqat

Müasir dünyanın bütün sosial-siyasi problemləri, yeni müharibə ocaqlarının yaranması, Avropa Birliyi, Avrasiya İqtisadi Birliyi ilə yanaşı Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişləndirilməsi türk xalqlarının gələcəyi ilə bağlıdır. Birliyə daxil olan ölkələrin strateji avantajları etibarı ilə Türk dünyasının bütün resurslarını bir araya gətirməsi güclü Türk Birliyinin varlığını şərtləndirir və onun dünyanın yeni modelləşməsində yerini müəyyən edir. Təbii ki, bu strategiya yeni deyil, XX əsrin əvvəllərində Türk milli kimliyi və müstəqilliyi uğrunda mübarizəyə qalxan Sədri Məqsudi Arsal, İsmayıl Qaspıralı, Zəki Vəlidi Toğan, Ziya Göyalp, Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu kimi ziyalıların başlatdığı mübarizənin təməlləri üzərində inkişaf etmişdir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki (11 noyabr 2022-ci il Səmərqənd) çıxışında dediyi kimi,“Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq”.

Səmərqənd Bəyannaməsində Şuşanın “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi yüksək qiymətləndirildi. Ümumiyyətlə, 2023-cü il Türk dünyasında böyük ildönümləri ilə yadda qalacaq. Bu il həm Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüz illiyi, həm Türkiyə Cümhuriyyətinin yüz illiyi ilə əlamətdar oldu, həm də torpaqlarımızın bütövlüyünə nail olduğumuz, Ali Baş komandan, cənab İlham Əliyev tərəfindən Xankəndində, Xocalıda Azərbaycan bayrağının ucaldılması ilə tariximizin şərəfli səhifələrinin yazıldığı il oldu.

2022-ci ilin 24 dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: “Mən əminəm ki, bir gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orda yaşayacaqlar.Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan ən önəmlisi, yəqin ki, xalqımızın tarixi yaddaşıdır”.

Yaddaş hər şeydən öncə fizioloji hadisə olub, idrak prosesi ilə bağlıdır. İnformasiyanın qorunması, ötürülməisi və dəyərləndirməsi bilavasitə yaddaşla əlaqələndirilir. Qarşıya qoyulan problem çərçivəsində bizi nə sensor, nə də qısa müddətli yaddaş növləri maraqlandırmır. Bizim üçün əsas olan türk millətinin tarixini, gələcəyini müəyyənləşdirən və qoruyan, eyni zamanda yaradıcı yaddaşa istiqamət verən uzunmüddətli yaddaşdır.

Akademik D.S. Lixaçov mədəniyyət tarixi ilə əlaqəli tədqiqatlarında yazırdı ki, yaddaş yaradıcı prosesdir, vicdanla, mənəviyyatla bağlıdır və ənənəyə söykənir. Məhz bu dayaqlar onu zamana qarşı qoya bilir. Bu baxımdan Qərbi Azərbaycanla bağlı başlanmış olan tədbirlər də vicdanla, mənəviyyatla bağlıdır və ənənəyə istiqamətlənmişdir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi  “Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”.

XX əsr ədəbiyyatşünaslığının tanınmış simalarından Lotman mədəni yaddaşı yaradıcılıq mexanizmi kimi dəyərləndirir, onu panxronluğuna (bədii mətnlərin interpretasiyası) deyil, daha çox zamanaqarşı dayanıqlığına diqqət çəkir. Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan icması ilə görüşündə dediyi bu fikirlər də zamanaqarşı dayanıqlığı ilə seçilir və yeni perspektivləri müəyyənləşdirir. 2023-cü ilin noyabrında Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də məhz cənab Prezident tərəfindən irəli sürülən təkliflərin həyata keçməsi istiqamətində atılan ilk addımlardan xəbər verirdi.

Ölkəmizdə həyata keçirilən bu tədbirlər işığında bir elm adamının, əsli-kökü, ruhu Qərbi Azərbaycana bağlı bir ziyalımızın ölkəsinə verəcəyi ən önəmli töhfə də onun tədqiqatlarıdır, hələ bu tədqiqatlar xalqın soy-kökü, milli kimliyi ilə bağlı olduqda daha çoxdəyər qazanmış olur. Professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində Naxçıvan Dövlət Universitetində keçirilən “Qərbi Azərbaycanın paleotoponimlərinin linqvistik etimoloji təhlili” adlı sanballı elmi əsərinin təqdimatı bütünlükdə Azərbaycan filologiyasının uğurudur.

İlk növbədə demək istərdim ki, Mahirə xanımın bu kitabı vaxtında yazılmış monoqrafiyadır və günümüzün ruhu ilə səsləşir. Soydaşlarımızın tarixi ata-baba yurdlarına qayıdışı ilə eyni bir vaxtda yer-yurd adlarımızla bağlı belə tədqiqat əsərinin ərsəyə gəlməsi əlamətdar hadisədir. Kitabdakı bölmələrdən biri belə adlanır – “Qərbi Azərbaycan paleotoponimləri Azərbaycan türkünün etnoyaddaşının ən möhtəşəm abidəsi kimi”. Fikrimizcə, elə bu sərlövhə kitabın mahiyyəti və məramını dolğun şəkildə əks etdirir. Həqiqətən, qədim yer-yurd adlarımız neçə minillik tariximizi özündə yaşadır. Onlar, mərhum akademik A.Axundovunda söylədiyi kimi, torpağımızın köksündə tariximizin izləridir;bu qədim yer-yurd adlarının hər biri özlüyündə misilsiz dərəcədə zəngin keçmişimizin izləridir.

Qədim adların əhəmiyyətini anlamaq baxımından yunan filosofu Platona aid olunan belə bir fikir var: ismini qeyb edən cismini də qeyb edər. Aydın olur ki, düşmən həmişə niyə ən əvvəl məhz qədim adlara hücum edibdir.... Türkiyədə xüsusən Köprülüdən başlayaraq qədim yer adlarını tarixi araşdırmalarda ən sağlam mənbə kimi dəyərləndiriblər. Prof. Hasan Eren deyirdi ki, qədim yer adlarımızdan bir çox dərslər ala bilərik. Məsələn, ana dilinə sevgi dərsi, türkcəmizə sayğı dərsi. Çünki bu adlarda ana dilinin ətri var. Toponim sözünü bəzən “torpağın dili” deyə tərif edirlər. Həqiqətən qədim toponimlərimiz bu torpağın dilidir. Bu torpağın dili isə zəngin, gözəl Azərbaycan türk dilidir. Vaxtilə Bakıxanov yazırdı ki, sadəcə yüzillər yox, minillər belə, bu ölkənin bir çox yerlərinin və tayfalarının ilk adını yox edə bilməyib. Bu həqiqətdir. Görkəmli alimlərimizdən B.Budaqovun yer adları ilə bağlı bir yazısının adına diqqət edək: "Toxunulmaz müqəddəslər". Sərrast deyilib.

Hörmətli Mahirə xanımda bizə kitabında bu müqəddəs toxunulmazlarımızdan – qədim yer adlarımızdan gözəl və şirin dillə bəhs edir. Bəzi məqamlarda, hardakı xalqımızın tarixi torpaqlarındanqədim izlərin silinməsi məsələsinə aydınlıq gətiriləndə Mahirə xanım daha sərt bir dillə öz alim mövqeyini ortaya qoyur: “QərbiAzərbaycanda mövcud olan paleotoponimlərə elmi mövqedən yanaşmaq, onun dəqiq və əsaslı təhlilini vermək, saxtakar ermənilərin cəfəng fikirlərini, cızma-qaralarını alt-üst etmək hazırki dövrdə aktual və zəruri problemlərdəndir”.

Professor Mahirə Hüseynovanın dəqiq təsbitlərindən biri də 1935–1991-ci illər ərzində Ermənistan rəhbərliyinin qədim yurd-yer adlarımıza qarşı başlatdığı səlib yürüşünə diqqət çəkməsidir. Alimin “Bizim eradan əvvəl və sonrakı minilliklərdə Azərbaycan xalqının etnik kökündə, təşəkkülündə və formalaşmasında yaxından iştirak etmiş qədim türk tayfalarının adları – as, saq, alban, hun, qarqar, peçeneq,oğuz, avşar, qıpçaq və s. etnonimlər və paleotoponimlərdə bu və ya digər forma və strukturlarda və müəyyən mənalarda əksini tapmışdır” qənaəti bu səlib yürüşünə qarşı tarixi gerçəklərə söykənməklə irəli sürülən ciddi arqumentdir.

Monoqrafiyada Qərbi Azərbaycandakı qədim toponimlərdən olan Zəngəzurla bağlı bir çox məqamlara toxunulmuş və əhatəli elmi izah verilmişdir. Problemlə əlaqəli tədqiqatları ilə tanınan professor F.Ağasıoğlu bu paleotoponimi qədim türklərlə, Zəngi boyu ilə bağlayır. Zəngi boyu tarixən geniş areala yayılmışdır. Zəngibasar, Zəngilan adları həmin boyla əlaqələndirilir, Zəngi çayı da öz adını bu tayfa adından alıb. Zəngilər haqqında bilgilərə hələ eramızdan əvvələ aid Assur mənbələrində də rast gəlinir. Zəngi boyu da digər türk tayfaları kimi, kitabda haqqında bəhs olunan Qərbi Azərbaycanda 4-5 minillik tariximizin izlərini daşıyır.

Mahirə xanım tədqiqatında qutilər, eləcə də kamerlər (qəmərlər) haqqında geniş bəhs edir. Təsadüfi deyil ki, hələ 1907-ci ildə bir fransız antropoloqu qutilərin antropoloji tipinin azərbaycanlılara aid olduğunu yazırdı. Burada söhbət 5 min il əvvəlki tarixdən gedir.

Bir maraqlı fakt da nəzərə çatdırmaq istəyirəm – Mahirə xanım “Şahnamə” qəhrəmanı olan Rüstəm Zalın adını türk əsilli Sal tayfaları ilə bağlayır. Həqiqətən, mənbələr Rüstəm Zalın türk boyları ilə bağlılığına işıq salır. Məsələn, erməni tarixçisi kimi təqdim olunan Moisey Xorenatsi (qeyd etmək istərdik ki, bir çox mənbələr Movses Xorenatsi adı altında erməni keşişlərinin tarix yaratmaq cəhdlərindən söz açır) Rüstəm Zal haqqında Sakçik Rüstəm ifadəsini işlədir (“Erməni tarixi”nin1858-ci il nəşrində bu fakt yer almaqdadır). Burada Rüstəm Zalın sak tayfalarından olması faktı özünü aydın büruzə verir vəonun türkəsilli sakların yaşadıqları Sakastan vilayətindən olduğu bəlli olur. Bu kimi faktlara əsasən deyə bilərik ki, Mahirə xanımın öz dolğunluğu ilə seçilən qənaətlərielmi məntiqə söykənir və bunlar da mötəbər mənbələrlə təsdiqini tapır.

Mahirə xanımın monoqrafiyası müəllifin dərin vətənpərvərlik duyğusunun və millət sevgisinin aydın ifadəsidir. Kitabdakı tutarlı elmi əsaslandırmalarməhz türklük amalına xidmət edir. Hörmətli alimin apardığı sanballı linqvistik etimoloji təhlillər bunu deməyə tam əsas verir. Hamımız yaxşı xatırlayırıq, 1980-ci illərin əvvəllərində milli oyanış dövründə silsilə kitablar işıq üzü gördü.. Onlardan, məsələn, “Azərbaycan filologiyası məsələləri”silsilə buraxılışlarında qədim yer-yurd adlarımızla bağlı dəyərli alimlərimizdənM.Seyidovun, T.Hacıyevinin... məqalələrivaxtaşırı yer alırdı. Yəni, qədim yer-yurd adlarının tədqiqi ilə milli özünüdərk arasında dərin bağlılıq mövcuddur. 

Mahirə xanımın Azərbaycan paleotoponimləri ilə bağlı tədqiqatı da müəllifin Vətən nisgilinin, ulu yurd sevdasının, o əzəli torpaqlara rişə atmış köklərinin təzahürüdür.Hörmətli alimimizin günümüzlə olduqca səsləşən belə aktual problemi araşdırması da həmin hüdudsuz Vətən sevgisinin təzahürüdür. Əsər indiyədək bu problemin öyrənilməsi istiqamətdə aparılmış tədqiqatların ən qiymətli cəhətlərini özündə toplamışdır,yeni mülahizələrlə zəngindir və gələcək tədqiqatlar üçün geniş perspektivlər açır. XX əsrin əvvəlində Yusif Vəzir Çəmənzəminli yazırdı ki, hər söz bir tarix yuvasıdır. Mahirə xanımın tədqiqatının hər səhifəsində biz bu fikrin təsdiqini görürük. Əgər bu tədqiqata məfkurə işığında bir ad vermək lazım gəlsə, onu belə adlandıra bilərdik:Elmitarixi həqiqətlərlə milli vicdanın qovuşuğunda yaranan tədqiqat.

Professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycanın paleotoponimlərinin linqvistik etimoloji təhlili” adlı monoqrafiyası Azərbaycan Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşündə irəli sürdüyü vəzifələrin həlli istiqamətində atılmış addımlardan biridir. Həmin görüşdə cənab Prezidentin səsləndirdiyi əsas suala – “...indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir.Haradır bunun tarixi mərkəzi?” sualına cavablardan biri “Qərbi Azərbaycanın paleotoponimlərinin linqvistik etimoloji təhlili” adlı monoqrafiyasında öz əksini tapır. Bu isə yalnız vətəndaş mövqeyi deyil, eyni zamanda tarixi həqiqətlərə sadiq alim mövqeyidir.

Pərvanə İsayeva,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi,
filologiya elmləri doktoru