18 dekabr 2023 23:43
278

Qərblə Rusiya arasında imitasiya oyunu

Bu rəqabətdə Ermənistan qurbanlıq olacaq

Daşnak ideologiyasının məkrli prinsiplərindən olan məqsədlərinə çatmaq, buqələmun kimi cildini dəyişmək siyasəti yüz illərdir davam edir. Başqalarının vasitə kimi istifadə etdiyi, özünə sərf etdikdə «iki və daha çox stulda oturmaq» kursuna sadiq Ermənistan bu gün də dəyişkən siyasətini davam etdirir. «Düşmənimin düşməni mənim dostumdur» siyasəti yeridən Hayastanın «münasibətlər sisteminin» bu cür çirkin maraqlar əsasında formalaşması erməni toplumunun daşnak ideologiyasından qaynaqdanan satqınlığının, rəzil siyasətinin iyrəncliyidir. Bir gözü Qərbə, digəri ABŞ-a zillənən, nağıllardakı təpəgöz misalına bənzəyən Ermənistanın Rusiyadan uzaqlaşan üçüncü gözünə tor gəlib. Qərbə yaxınlaşan, illərdən bəri qolu bağlı qul kimi Hayastanın Rusiyaya ultimatum mesajları verməsi ağa ilə nökər arasındakı gərginliyi ən yüksək həddə çatdırıb. Maliyyə vəziyyətini düzəltmək üçün Rusiyaya qeyri-qanuni malların gizli yollarla ötürülməsində vasitəsilik edən Ermənistan Qərb ilə gizli anlaşmalarını da ermənisayaq məkrlə davam etdirir. Fransa hərbçilərinin Ermənistanda yüksək məbləğ qarşılığında təşkil etdikləri təlimlərin məqsədi qeyri-qanuni erməni silahlı birləşmələrinin Ukrayna cəbhəsində Rusiyaya qarşı iştirakını təmin etməkdir. Qarabağdan çıxarılan erməni separatçılarının hərbi hazırlıqlara cəlbi də Rusiyaya meydan oxumaqdır. Beləliklə, Cənubi Qafqazın kor bağırsağı hesab edilən Ermənistan hərbçilərini satışa çıxararaq daha təhlükəli geopolitik dalğalarda üzür. Bu cür gizli sövdələşmələri ilə keçmiş ağası Rusiyaya kinlərini bəlli edən haylar Kremlin itaətindən çıxmaq niyyətlərini gizlətmirlər. Nəticədə Rusiya üçün Ermənistan «ikinci Ukrayna»ya çevrilir. Amma işğalçı ölkənin iqtisadiyyatı , enerji ilə təminatı, az sayda olan iri sənaye müəssisələri, nəqliyyatın idarə olunması Rusiyanın tabeliyindədir. Ermənistanın sərhədlərini belə «papağı qırımızı ulduzlu» hərbçilər qoruyur. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malik Gümrüdəki 102-ci hərbi baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir.

Birinci və İkinci Qarabağ müharibələrində işgalçını hərbi ləvazimatlarla, texnika və sursatlarla təmin edən Şimal qonşumuzun əlaltısı Ermənistan Rusiya ilə uzun müddətə imzaladığı hərbi sahədə əməkdaşlıq sazişini də «unudub.» Bu deyilənlər də göstərir ki, haylar «tovarişlərindən» asanlaqla yaxa qurtara bilməyəcəcəklər.
 Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla bu ölkənin rəsmi dairələri dara düşdükləri məqamlarda çətirinin altına sığındıqları Rusiyaya arxa çevirirlər. Kremlin layihəsi olan, Moskvanın göstərişləri ilə idarə edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) üzülüşmək istəyən hayların Avropa İttifaqına (Aİ), xüsusilə də Fransaya meyl etməsi vəziyyəti daha da gərginləşdirir. Bəllidir ki, İrəvanla Paris arasında getdikcə istiləşən münasibətlər fonunda gölgədə qalan Rusiya bu xəyanətkarlığı forpostu Hayastana elə belə bağışlamayacaq. Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, Paşinyan hakimiyyətinin dönüklüyü haylara baha başa gələcək. Ermənistan politoloqları belə etiraf edirlər ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Qərb variantının seçilməsi ən pis ssenari, imitasiya xarakterli yanaşmadır.

«Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir» söyləyən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bölgədə sülhə təhdid olan Qərbin, ABŞ-ın Ermənistana öz maraqları naminə dəstəyi qərəzli dairələrin istədikləri nəticəni verməyəcək. Cənubi Qafqazda sülh, sabitlik bölgə dövlətlərinin səyi ilə təmin olunacaq.

Bu günlərdə Ermənistanla Azərbaycan arasındakı hərbi əsirlərin dəyişdirilməsi prosesinin başqa qüvvələrin iştirakı olmadan həyata keçirilməsi də bu inamı təsdiqləyir. Yəni, Qərbin, erməni havadarlarının Azərbaycana qarşı iyrənc təxribata və yalançı Hayastana «yardım kampaniyalarına» əl atmaları, əsassız bəhanələrlə ölkəmizi ittiham etmələri közələnən ocağa yanacaq əlavəsindən başqa bir şey deyil. «Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, hələ də neokolonializm xülyası ilə yaşayan Fransa Prezidenti Emmanuel Makronun bölgədə gərginliyi artırmaq üçün həyata keçirdi anti-Azərbaycan təxribatları Ermənistanı uçuruma aparır. İkinci Qarabağ müharibəsindən sonra da Hayastanı yeni müharibəyə təhrik edən, silahlandıran, ölkəmizə qarşı təxribatlarını davam etdirən rəsmi Parisin XXI əsrdə kolonial siyasətini Cənubi Qaqazda davam etdirmək niyyəti ən azından tarixin ironiyasıdır. Çünki kolonializm tarixində törədilən ən dəhşətli qırğınların müəllifi rəsmi Paris istəsə belə bu çirkin niyyətini həyata keçirə bilməyəcək. Bu inamı son günlərdə bölgədə baş verən hadisələr, «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi» söyləyən Prezident İlham Əliyevin sözləri də təsdiqləyir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına xarici müdaxilələr yolverilməzdir. Fransanın, ABŞ-ın toy toğlusu kimi ortada oynaması Ermənistanın qurban verilməsi ilə nəticələnəcək.

Xuraman İsmayılqızı, «İki sahil»