19 dekabr 2023 01:57
599

Ermənilərdən betər ermənilik etməyə çalışanlar...

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımlar atıldı. Söhbət həm həbsdə olan hərbçilərin azad olunmasından, həm də Ermənistanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dəstək verməsindən gedir. Özü də bu addımlar suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini, həmçinin öz suverenliyini bərpa edən Azərbaycan və təcavüzkar Ermənistan arasında vasitəçi olmadan baş tutdu. Bununla da sübut olundu ki, vasitəçisiz keçirilən görüşlər, atılan addımlar daha effektiv olur. İlk baxışda tərəflər sanki sülh müqaviləsinin imzalanması ərəfəsindədir. Şübhəsiz, əgər İrəvan havadarlarına uyaraq əngəllər yaratmasa, yeni problemlər ortaya qoymasa, iki ölkə yaxın gələcəkdə sülhə nail ola  bilər. 

Bu addım, həm də onu göstərdi ki, indiki mərhələdə həm Bakı, həm də İrəvan üçün vasitəçilərin rolu öz əhəmiyyətini itirib. Yəni, reallıq onu diktə edir ki, Ermənistanla birbaşa danışıqlar mümkündür. Bu da Qərb ölkələrini, xüsusilə Fransanı ciddi şəkildə narahat etməkdədir. Çünki Fransa öz maraqları naminə iki ölkə arasındakı problemdən yararlanmağa, Cənubi Qafqazda, Qərbin əlində geosiyasi alətə çevrilmiş Ermənistanda yerləşməyə  çalışır. Hətta Ermənistanı silahlandıran, beynəlxalq tribunalardan ölkəmizin ünvanına hədyanlar yağdıran rəsmi Paris utanıb-qızarmadan Azərbaycanın yaxın günlərdə və ya həftələrdə Ermənistana qarşı “hərbi müdaxilədən dərin narahatlıq keçirdiyini” də açıq-aşkar tirajlayır. Üstəlik, hayları növbəti hərbi qarşıdurmaya təhrik edir. Bir sözlə, bədnam erməni diasporunun təsirində olan Qərb dövlətləri haqlı savaşımızda qazandığımız Zəfəri həzm edə bilmədiklərindən yalan, qarayaxma kampaniyaları aparırlar. Bununla da göstərmək istəyir ki, guya Fransasız Cənubi Qafqazda  heç bir məsələ həll oluna bilməz. Əslində, Ermənistan üçün problemlər yaradan, sülhün əldə olunması prosesini əngəlləyən məhz Qərb, o cümlədən Fransadır.  Hətta bir neçə gün bundan qabaq parlamentdə çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, son illər biz Qarabağa çox vaxt ayırmışıq, böyük maliyyə vəsaitləri xərcləmişik, amma bunun əvəzinə gərək öz ölkəmizlə məşğul olardıq. Bununla da Paşinyan ölkəsinin çökməsinin əsas səbəbkarının məhz Qərb olduğunu etiraf edib. 

Yeri gəlmişkən, Ermənistanın Fransaya “könül” verməsi əksər ermənilərin də ürəyincə deyil. Məsələn, politoloq Vahe Ovannisyan bildirib ki, Ermənistan hakimiyyətinin ən böyük və bağışlanmaz səhvi ölkəni Rusiya ilə Qərb arasında toqquşmanın episentrlərindən birinə çevirməsidir. Doğrudur, hazırda  Ermənistanda revanşist qüvvələr mövcuddur. Bu qüvvələr  Nikol Paşinyanı devirməyə çalışır və bunun üçün bütün vasitələrdən istifadə edirlər. Amma görünən odur ki, sadə ermənilər onları dəstəkləmir. Elə xalqın 44 gün davam edən müharibədə uduzan iqtidar partiyasına səs verməsini, Paşinyanı hakimiyyətdə saxlamasını, lokal antiterror tədbirlərindən sonra onu dəstəkləməsini buna misal göstərmək olar. İrəvanda çıxan "Fakt" qəzeti isə yazır ki, hazırda Nikol Paşinyan hakimiyyəti "revanş" kəlməsinin cəmiyyətin lüğətindən çıxarılmasına çalışır.

30 ilə qədər müddət ərzində ölkəmizin ərazilərinin Ermənistan tərəfindən işğalına və bu təcavüzkar, terrorçu dövlətin şəhər və kəndlərimizi dağıdaraq viranəyə çevirməsinə göz yuman, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə əl uzatmaq istəməyən Qərb, o cümlədən Fransa özünü Avropanın aparıcı dövləti saysa da Azərbaycanla bacarmayıb və bundan sonra da bacarmayacaq. Çünki  beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edən Azərbaycan öz siyasətində  haqlıdır. Yəni, onlar  nə qədər cəhdlər etsələr, beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışsalar da, dünyada  hörmətini günbəgün artıran və bu hörməti öz əməli, işi, siyasəti ilə qazanan Azərbaycanı, onun Prezidentini tutduğu yoldan və mövqeyindən döndərə bilməyəcəklər.

Prezident İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə bir daha bu məsələni gündəmə gətirərək bildirib ki, bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil: “Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”