19 dekabr 2023 00:23
391

Siyasi acizliyin və məğlubiyyətin etirafı...

Seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident  seçkiləri keçiriləcək. Təbii ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. İkincisi, respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar mövcudur. Digər yandan ölkəmizdə növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.

Artıq Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bundan başqa, ölkədə fəaliyyət göstərən ayrı-ayrı partiyaların rəhbərləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər və bu proses davam edir. Çünki potensialı və elektoratı olan siyasi partiyaların rəhbərləri yaxşı dərk edirlər ki, demokratik cəmiyyətlərdə seçkilər bütün siyasi qüvvələr üçün əslində universal fürsətdir. Çünki seçkilər zamanı namizədlər məhz seçki vasitəsilə öz platformalarını, siyasi tezislərini, məram və məqsədlərini cəmiyyətə daha yaxından çatdırmaq imkanına malik olurlar. 

Çox təəssüf ki, ölkədəki radikal müxalifət düşərgəsinin lokomotivlərindən olan AXCP yenə klassik ənənəsinə sadiq qalaraq müxtəlif bəhanələrlə, əsassız iddialarla növbədənkənar prezident seçkilərində iştirak etməkdən imtina edib.

Bu barədə partiyanın qurultayında AXCP sədri Əli Kərimli bildirib. O vurğulayıb ki, partiyadaxili müzakirələr zamanı seçkilərdə iştirak etməmək barədə qərar veriblər. Bununla bağlı AXCP təpədən-dırnağa yalan və qərəzlə bəzədilmiş bir bəyanat da yayıb. Qəribə burasıdır ki, elə Ə.Kərimlinin diktəsi ilə hazırlanan həmin bəyanatın sonuncu abzasında qeyd edilir ki, AXCP hakimiyyətə gəlməyin yalnız seçki yolunu məqbul bilir. O zaman belə bir sual ortaya çıxır: Əgər Ə.Kərimli və onun partiyası seçki yolu hakimiyyətə gəlməyi məqbul hesab edirsə, o zaman niyə seçkilərdə iştirak etməkdən boyun qaçırırlar? Axı daim seçki mühiti və ab-havasından ağızdolusu dəm vuran AXCP sədri yaxşı bilir ki, demokratik seçkilərin keçirilməsi müasir vətəndaş cəmiyyətinin qurulmasının ən mühüm şərtlərindəndir. Həmçinin seçki hüququ ən vacib, zəruri və əsas insan hüquqlarından biridir. Belə olan halda məgər Ə.Kərimlinin diktəsi və iradəsi ilə AXCP-nin seçkilərdə iştirak etməkdən imtina etməsi sıravi “cəbhəçilər”in seçki hüququnun tapdanması deyilmi? Əlbəttə, belədir. 

Yuxarıda yazmışdıq ki, seçkilər namizədlərin öz platformalarını, siyasi tezislərini, məram və məqsədlərini cəmiyyətə daha yaxından çatdırmaq üçün bir fürsətdir. Bizə elə gəlir ki, Ə.Kərimlinin normal seçki platforması, ölkənin bu günü və gələcəyi ilə bağlı mükəmməl siyasi tezisləri olsaydı onları cəmiyyətə təqdim etmək üçün  əslində belə bir fürsəti əldən verməzdi. Çox təəssüf ki, AXCP sədri əvvəllər olduğu kimi, yenə öz şəxsi ambisiayalarından, korporativ maraqlarından, partiya istəklərindən əl çəkib seçkilərlə bağlı rasional qərar qəbul edə bilmədi.

Bütün siyasi bioqrafiyası antimilli mövqe üzərində qurulan Ə.Kərimliyə bir daha xatırlatmaq istərdik ki, Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Bu mənada 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi qırx dörd günlük müharibədə qazandığımız tarixi Qələbənin yaratdığı yeni reallıqlardan irəli gəlir. Gerçəklik ondan ibrətdir ki, tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar hədəflərimizi də dəyişib. Həmin hədəflərdən irəli gələn məsələlərin həlli isə başlıca vəzifələrdən biridir.

Əslində növbədənkənar prezident seçkiləri İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək. Qətiyyətlə demək lazımdır ki, Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etdi. Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi, bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi-diplomatik müstəvidə uğurla davam etdirdi.  Təbii ki, Ə.Kərimli Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan belə möhtəşəm qələbələrin müəllifinə rəqib ola bilməyəcəyini və seçkilərdə ona  ağır şəkildə məğlub olacağını hər kəsdən yaxşı bildiyi üçün əsassız iddialar və müxtəlif  bəhanələrlə seçkilərdən imtina yolunu seçdi. Daha doğrusu, aradan çıxdı. Burada təəccüblü bir şey yoxdu. Çünki bütün bunlar Ə.Kərimli kimi siyasətbazların xislətindən doğan bir şeydir…

Zahid Rza, “İki sahil”