19 dekabr 2023 02:37
290

Rusiya Nikola "Ey kimsən orda, aç qapını!.." deyir

Rusiya-Ermənistan münasibətlərində hər iki tərəfin bir-birini ittiham edən əsəbi fikirləri getdikcə şiddətlənir. Dövlətdə yüksək vəzifə tutanlar hələlik "söz dueli"ndə üz-üzə gəlirlər. Hələlik hücum edən tərəf Ermənistandır. Bu ölkənin baş naziri, parlament rəhbəri, xarici işlər naziri növbə ilə keçmiş müttəfiqlərini, qulluğunda qul kimi durduqları məlum dövləti İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətlərinə görə tənqid və ittiham edirlər. Sonra üzlərini Qərbə çevirdiklərini, yəni, köhnə ağanı yenisi ilə dəyişəcəklərini eşitdirirlər.  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Prezidentin mətbuat katibi Dmitri Peskov və dövlətyönümlü media nümayəndələri, politoloqlar, siyasi ekspertlər Ermənistana barmaq silkələyərək ondan "düzgün yola" qayıtmasını tələb edirlər. Prezident Vladimir Putin isə kəskin fikirlər söyləməsə də dolayısı ilə, bəzən də birbaşa bütün məğlubiyyətlərdə Ermənistan rəhbərlərinin özünü günahlandırır.

Barmaq silkələyənlərdən biri-Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bir neçə gün əvvəl Ermənistanın Rusiyadan uzaqlaşmasının zərərli olacağı barədə xəbərdarlıq edib.  Xarici agentliklərin yaydıqları xəbərdə bildirlir ki, bu barədə o, “Rusiya-Ermənistan” ilk ictimai forumunun açılışında danışıb:

“Keçmiş SSRİ ərazisində ABŞ-ın ən böyük səfirliyində 2500 qeyri-hökumət təşkilatı qrantlar, pullar verir və erməni gənclərinə, erməni cəmiyyətinə Ermənistanın Rusiyasız yaşaya biləcəyini aşılayır”.

SSRİ-nin yoxluğundan otuz iki il keçməsinə baxmayaraq imperiya iyini burnundan uzaqlaşdıra bilməyən Pyotr Tolstoyun onu yada salması diqqət çəkir. Ancaq hələlik bu məsələ bir yana qalsın.

Dumanın sədr müavini  daha sonra Ermənistanı bir növ təhdid formasında digər postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb. O, dar məqamda qarşısında “quyruq bulayanlar”  ermənilərin iç üzlərini belə açır: “Qarabağda sonuncu müharibə gedəndə Ermənistan parlamentinin deputatları sözün əsl mənasında, hər həftə mənim kabinetimdə yalvarırdılar: “Zəhmət olmasa zəng edin, deyin, bir şey edin, Rusiya Prezidentinə müraciət edin, müharibəni dayandırın! Oğlanlarımız ölür,  cəbhədən onların cəsədlərini tabutlarla gətirirlər". İndi bu gün həmin deputatlar artıq yoxa çıxıblar, qapımızda görünmürlər. Xatırladım ki, məhz Rusiya Prezidenti Vladimir Putin qanlı müharibəni dayandırdı.”

Ancaq Tolstoy oxu atıb yayı gizlədir, bunların niyə baş verdiyinin əsl səbəblərini açıqlamır. Halbuki bu işlərin izahı cildlərlə kitaba da sığmaz. Çünki, o yaxşı bilir ki, məxfi arxivlərdə gizlədilmiş və heç kəsin bilmədiyi elə sirlər var ki, onları açıb danışmaq özlərinə heç sərf etmir. Yəni, loru dildə desək, "At mıxı yerdən çıxarıb qaçarsa mıx bir dəfə yerə dəyəndə bir dəfə də özünə dəyər." "Sandığı açıb pambığı tökmək" isə hər iki tərəfin bir-birinə quyu qazdığını faş edə bilər. Bu, isə “qaş düzəltdiyi yerdə vurub göz çıxarmaq olar.”

İki ildir ki, keçən hər gündə Ermənistan öz qapılarını Rusiyanın üzünə möhkəm-möhkəm bağlamağa çalışır. Hayastanda Fransanın, ABŞ-ın, Avropa İttifaqının hərbçilərinin və missiyasının yerləşdirilməsi, ruslara isə "von" komandası verilməsi qarşı tərəfi bərk qıcıqlandırır. Necə deyərlər, bir zamanlar süfrəsinin qırıntıları ilə dolanan haylar indi onun üzünə qapı bağlayırlar. Belə yerdə deyirlər ki,  “qudurasan, qurbağa!"

Dözüm göstərib hələlik başqa tədbirlərə əl atmayan Rusiyanın rəsmi şəxsləri isə indi növbə ilə baş nazir Nikol Paşinyanın ünvanına bizim Qoçu Əsgər kimi hədə gəlməklə məşğuldurlar. Hamısı "pişto"sunu çıxarıb İrəvana tərəf tuşlayaraq: "Ey kimsən orda, aç qapını!.." deyə onu təhdid edirlər.

Vəli İlyasov, "İki sahil"