18 dekabr 2023 22:56
260

ƏN LAYİQLİ NAMİZƏD

15 dekabr 2023-cü ildə xalqımızın və Yeni Azərbaycan Partiyasının(YAP) tarixində mühüm hadisə baş verdi. YAP-ın İdarə Heyətinin genişləndirilmiş iclasında yekdilliklə cənab İlham Əliyev yenidən Prezidentliyə namizəd irəli sürüldü. Çıxış edənlər bir-birinin ardınca son illərdə qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı naminə həyata keçirdiyi nəhəng quruculuq işlərini, ən əsası isə 30 il düşmən əsarəti altında qalan doğma torpaqlarımızın xilaskarı kimi misilsiz naliyyətlərini dilə gətirdilər. Qalib Prezident və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm qələbələrinin qürurla sadalayaraq, Azərbaycanın bundan sonrakı taleyini də ona etibar etməyi özlərinə şərəf və borc saydılar.

Onu da deyək ki, hələ tədbir başlamamışdan əvvəl iştirakçılar arasında çox mühüm və qürurlu bir fikir ağız-ağız, ürək-ürək dolanırdı: “Uzun illərdir ki, xalqımız arzu edib inadla təkid edirdi ki, Qarabağ torpaqlarını kim azad edib Azərbaycana qaytaracaqsa, həmin Ali Baş Komandan ömürlük Prezidentliyə layiq olacaqdır.”

Uzaqgörən, qədirbilən Azərbaycan xalqı cənab İlham Əliyevin halal və tarixi, əbədi qələbəsini məhz bu ürək sözləri ilə belə ifadə edirdi. İclasın ümumi ruhundan doğan inam, etibar və cənab İlham Əliyevə olan böyük sevgi sanki bütün zal boyu dalğa-dalğa yüksəlir, obrazlı şəkildə desək səmaya, üfiqlərə, Günəşə tərəf yol alırdı. Sanki Heydər Əliyev Mərkəzinin geniş, möhtəşəm salonunda Ulu Öndərin müqəddəs ruhu dolaşırdı. Həm gənc YAP-çıların, həm veteranların həm də millət vəkillərinin qəlblərində, arzularında pardaqlanan sevgi və böyük məhəbbət üzlərdə-gözlərdə açıq-aydın şölələnirdi. Hamı böyük inamın, sonsuz sevginin qanadlarında Qalib Prezident , Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycanın işıqlı gələcəyi və Vətənimizin inkişafı naminə hər kəsin Prezidenti olan müdrik rəhbərin bundan sonra da tarixi qələbələrinin təcəssümü altında inamlı və xoşbəxt duyğularla bir-birini təbrik edir, öz sevinclərini bölüşürdülər.

Mən də bu möhtəşəm ab-havanın, siyasi, yetkin coşğunluğun şahidi kimi özümü xoşbəxt sayırdım.

Tahir Məmmədov, “İki sahil”