18 dekabr 2023 13:45
342

Xalqın dəstəyinə olan sarsılmaz inam

Azərbaycan Respublikasının müstəqillik tarixi üçün əlamətdar bir sıra tarixi günlər var ki, onlar tarixə qızıl hərflərlə yazılacaq və daim xatırlanacaqdır. Məhz bu kimi əlamətdar günlər sırasına 7 fevral 2024-cü il tarixi də namizəddir. Çünki, ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək bu seçkilərdə, Azərbaycan xalqı artıq işğal və seperatizm problemi olmadan, eləcə də  müstəqillik tarixinin ən güclü dövrünü yaşayaraq siyasi iradəsini ortaya qoyacaq. Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkiləri üçün cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürdü. Qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I bəndinə əsasən Prezident üçün konstitusional hüquqdur və dünya praktikasında qəbul edilmiş siyasi təcrübədir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan regionun güc mərkəzi rolunu oynamaqla birlikdə, qütbləşməkdə olan dünya siyasətində balanslı siyasətin tərəfdarıdır. “Dəmir Yumruq” əməliyyatının ardından ölkəmizə qarşı aqressivləşən siyasi mərkəzlər ölkəmizin beynəlxalq nüfuzuna qarşı hücum strategiyasını həyata keçirərək, fərqli qarayaxma kampaniyaları həyata keçirməyə çalışsalar da niyyətləri baş tutmadı. Hətta tam əksinə olaraq, xalqın birliyi və iradəsindən güc alan Azərbaycan dövləti beynəlxalq sferada da dəyişilməz iradə nümayiş etdirərək, ölkəmizi hədəf almağa çalışan bütün paytaxtlara layiqli cavab verdi və sinə gərdi. Bir daha bütün dünya region üçün yeni reallıqlardan başqa alternativin olmadığını və bu reallıqların müəllifi olanın Azərbaycanla güc ritorikası ilə danışmağa çalışmanın hansı nəticələrlə üzləşəcəyini gördü.

Cari ildə bir-birindən fərqli hadisələrə şahidlik etdik. Separatizm kitabının bağlanması və bütün ölkə ərazisində suverenliyimizin tam bərpası tarixi uğurdur. Artiq Böyük Qayıdış reallaşdırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm daxildə, həm də xaricdə mötəbər uğurlara imza atır.

Naqif Həmzəyev qeyd edib ki, artıq Qarabağ konflikti yoxdur. Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, özünün güc mərkəzi rolunu bütün dünyaya sübuta yetirib. Bundan sonra hədəf Ermənistanla sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiyanın həyata keçirilməsidir, abadlıq və quruculuq işlərinin daha genişləndirilməsidir.  Təbi kii bu kimi tarixi hadisələrin öncəsində növbədənkənar seçkilərin təyin edilməsi cənab Prezidentin xalqın siyasi dəstəyinə olan sarsılmaz inamının nəticəsidir. Azərbaycan bütün dünyaya lider-xalq-ordu birliyinin vahidliyini və sarsılmazlığını nümayiş etdirir və bu birlik Azərbaycan Respublikasının gücünün və dəmir iradəsinin əsas mənbəyidir.

Cavid Əkbərov, "İki sahil"