18 dekabr 2023 13:02
425

YAP-ın qərarı xalqın iradəsini ifadə edir

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. YAP-ın  İdarə Heyətinin genişləndirilmiş iclasında partiyanın Sədri cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürüldü. 
2003 - cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev xalqımıza  torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə vəd  verdi. Prezidentimiz verdiyi vədə əməl etdi. Artıq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan bayrağı Şuşada, Xankəndində, Xocalıda, eləcə də azad edilmiş digər ərazilərmizdə qürurla dalğalanır. Prezident İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarını işğaldan azad edib Bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, professor  Kamilə Əliyeva bildirib.

 Deputat qeyd edib ki, cənab İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhz edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Dövlət başçımızın daxili  və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və Azərbaycan xalqının rifahı və həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir.
Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev  xalqa verdiyi bütün vədləri yerinə yetirib. Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Regionda həyata keçirilən bütün beynəlxalq layihələr  Azərbaycanın iştirakı ilə reallaşdırılır. 
Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi cənab İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. 

Kamilə Əliyeva vurğulayıb ki, Prezidentimiz Azərbaycanda yaşayan bütün millətləri bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan  dilindən, dinindən asılı olmayaraq  hər kəs azərbaycanlı olması ilə fəxr edir. Vətən müharibəsində də bütün xalqların nümayəndələri Prezidentin ətrafında sıx birləşərək milli həmrəyliyə öz töhfələrini verdilər. Bu gün də xalqımız öz Prezidentinin ətrafında birləşərək azad edilmiş şəhər və kəndlərimizi  yenidən qurur. Prezidentimizin misilsiz xidmətlərini nəzərə alaraq YAP-ın İdarə Heyəti növbədənkənar prezident seçkilərində partiyanın Sədri cənab İham Əliyevin namizədliyini irəli sürdü. Hesab edirəm ki, bu qərar xalqın iradəsinin ifadəsidir.

Cavid Əkbərov, "İki sahil"