18 dekabr 2023 10:23
324

Azərbaycan bundan sonra da böyük zəfərlərə imza atacaq      

Ölkəmiz mühüm siyasi kampaniya- növbədənkənar prezident seçkiləri mərhələsini yaşayır. Cənab İlham Əliyevin Sərəncamına əsasən 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Təbii ki, atılan hər bir addımı şərtləndirən amillər mövcuddur. Bugünümüzün reallıqları fonunda növbədənkənar prezident seçkilərini zəruri edən səbəblər daha aydın görünür. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu uğurlarımız qarşıdakı dövrün hədəflərinə yenidən baxmağa bir çağırışdır. 2018-ci il prezident seçkilərindən sonrakı dövrün əsas hədəfi bütün sahələrdə davamlı uğurların qazanılması əsasında torpaqlarımızın işğaldan azad edilməsi, üçrəngli bayrağımızın bu ərazilərdə dalğalanması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 2018-ci il prezident seçkilərindən çox keçmədi ki, 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasının dolmasına, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrinə uyğun olaraq Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatına başlamalarına səbəb oldu. 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Azərbaycan dünya hərb tarixinə yeni səhifə yazdı. Ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Dövlətimizin başçısı İlham Əliyev daim ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Təbii ki, bu əminliyə əsas verən tarixi ədalət, beynəlxalq hüquq, eyni zamanda, Azərbaycanın bütün sahələrdə, xüsusilə ordu quruculuğunda qazandığı uğurlar idi. Rəşadətli Ordumuz üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək qüdrətinə, gücünə malik olduğunu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirmişdir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində səylərini artırdı. Hər bir sahədə ölkəmizin daha da qüdrətlənməsi, güclənməsi üçün biri-birindən əhəmiyyətli addımlar atıldı.  Azərbaycanın iqtisadi və siyasi mövqeyi daha da möhkəmləndi. Ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticəsidir ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.

Dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qəbul etdiyi qərar özündə bütün məqamları ehtiva edir. Bu qərar, həmçinin xalqımızın istəyinin aydın ifadəsini yaradır.   Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 20 ildə Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin miqyası o qədər genişdir ki, bunları sadalamaqla bitməz. Cənab İlham Əliyevin 2003-cü ildən bu günədək ölkəmizdə keçirilən 2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbəsini təmin etməsi xalqımızın həyata keçirilən siyasətə, görülən işlərə dəstəyinin ifadəsidir. 2016-cı ildə keçirilən ümumxalq səsverməsində Prezidentlik dövrünün 5 ildən 7 ilə uzadılması xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Cənab İlham Əliyevin 2018-ci il prezident seçkilərində qələbəsi nəticəsində Prezidentlik dövrü məhz 7 ili əhatə etdi. Növbədənkənar prezident seçkilərinin keçirilməsi bir daha hədəflərə yüksək səviyyədə nail olduğumuzu, dövlət başçısı İlham Əliyevin xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox yaxşı  bildiyini təsdiqləyir.

Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması  müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Azərbaycan yaratdığı yeni reallıqlarla sözünün imzası qədər dəyərini daha da artırır. Ölkəmiz  hazırda sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdədir. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi əsas hədəflər sırasındadır.

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri  özəlliyi ilə diqqətdədir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması şəraitində keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti  sayəsində  üçrəngli bayrağımız Xankəndidə,  Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və bütün azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.

Növbədənkənar prezident seçkiləri cənab İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisidir. Xalqımız 7 fevral 2024-cü il tarixdə bir daha cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşəcək, qalib Azərbaycanın möhtəşəm, davamlı uğurlarına dəstək olacaq! Azərbaycan bundan sonra da böyük zəfərlərə  imza atacaq!

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi