Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi zəngin tarixə malik olan Azərbaycanın müstəqillik tarixində ayrı-ayrı sahələrdə qazandığı uğurlara bir baxış keçirməyi zərurət kimi ortaya qoyur. Ulu öndər Heydər Əliyev “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır” fikirləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin rolunu yüksək dəyərləndirmişdir. Ölkə Prezidentinin Sərəncamında da bu reallıqlar öz əksini tapıb ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət Parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Məhz bu istək 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsinə yol açdı. Lakin ilk illər tariximizə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran illəri kimi yazıldı. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan parçalanmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin zamanda xalqın çağırışına cavab verən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, bugünkü uğurlarımıza yol açdı. Ümummillli lider Heydər Əliyev bildirmişdir: “Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə nail olubdur.”
Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun artmasını, əsl söz sahibinə çevrilməsini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev ötən dövr ərzində ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi uğurlara diqqəti yönəldərək bildirir ki, bu gün ölkəmizin xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir: “Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.”
İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu göz qabağındadır. Prezident İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu gün Azərbaycanın müxtəlif istiqamətləri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi də artan nüfuzundan qaynaqlanır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə ölkəmizlə bağlı həqiqətlərin təbliği üçün bu və ya digər xarici ölkələrə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün artıq Azərbaycan ev sahibliyi etdiyi tədbirlər sayəsində bu istəyini gerçəkləşdirir. Dövlətimizin başçısı çıxışlarında bütün dövrlər üçün aktuallığını saxlayan başqa dövlətlərin daxili işinə müdaxilə məsələsinin yolverilməz olduğuna diqqət yetirir və bu çağırışı edir: “Hesab edirəm ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır- həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə.”
Azərbaycanın nüfuzu əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının günbəgün artmasında da özünü göstərir. Birgə əməkdaşlıq, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Cənab İlham Əliyev bildirir: “Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin.”
Təşəbbüsçüsü və iştirakçısı olduğu biri-birindən əhəmiyyətli layihələrlə həm iştirakçı, həm də dünya dövlətlərinin iqtisadi imkanlarının genişlənməsinə yol açan Azərbaycan, eyni zamanda xalqlar, dövlətlər arasında əlaqələrin inkişafında körpü rolunu oynayır. Məhz ölkəmizin artan nüfuzu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq birliyin dəstəyində də özünü qabarıq şəkildə büruzə verir. 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən ölkəmiz bu reallığı ortaya qoydu ki, Azərbaycanın gələcəyinə inam böyük olmaqla yanaşı, ədalətli, prinsipial mövqeyi dəstəklənir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğurumuzdur. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti - 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir, bizə inanmışdır və bilirəm ki, bu inama görə peşman olmamışdır. Çünki biz bəyan etdiyimiz kimi, iki il ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişik. Bu gün də müdafiə edirik və hər zaman müdafiə edəcəyik.”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hüquqi baza mövcuddur, bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır: “Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır... Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul etmişlər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir.”
Məsələnin həllində sülh variantına üstünlük verən ölkəmiz hərb yolunun da istisna edilmədiyini ən yüksək tribunalardan bəyan edir. İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın ordu quruculuğuna yönəltdiyi diqqət və qayğı davamlılığı ilə diqqət çəkir. Hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının təmini üçün güclü ordusu olmalıdır. Müharibə şəraitində yaşayan ölkə üçün bunun nə dərəcədə vacib olduğunu geniş şərh etməyə ehtiyac yoxdur.
Qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həllində beynəlxalq dəstəyin rolu daim önə çəkilir, bu və ya digər təşkilatların reallığı özündə əks etdirən qərar və qətnamələri diqqətə çatdırılır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı qüvvələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını vacibliyi öz əksini tapıb. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 1992-ci ildə məsələnin nizamlanmasında vasitəçilik missiyasının yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Dünyanın iri dövlətlərinin bu günə qədər işğalçını adı ilə çağırmaqdan imtina etmələri, buna “problemin həllinə mane ola bilər” adı altında bəraət qazandırmağa çalışmaları ikili siyasətin əsas göstəricisidir ki, bu məsələ rəsmi Bakı tərəfindən daim bəyan edilir. Problemin həllinin bu günədək uzanmasında bu yanaşmanın rolu inkaredilməzdir. İşğalçı adı ilə çağrılmır, amma ədalətli mövqe nümayiş etdirəcəkləri bildirilir. Bunu normal qəbul etmək mümkündürmü? Məhz işğalçı dövlətə bu və ya digər adlar altında maddi və mənəvi dəstəyin göstərilməsinin nəticəsidir ki, daha böyük iddialarla yaşayır, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrası barədə düşünmür.
Dövlətimizin başçısı İlham Əliyev məsələnin həlli istiqamətində göstərilən səylərin fonunda bu əminliyi ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz.
Azərbaycan müharibə şəraitində yaşasa da, iqtisadi qüdrəti günbəgün artmaqdadır. Bu gün işğalçı Ermənistan heç bir sahədə ölkəmizlə rəqabət aparmaq imkanında deyil: “İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızda uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil.” Bu reallıq da hər zaman önə çəkilir ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?
Uğurlarımızın fonunda qarşıda illər üçün müəyyənləşdirilən hədəflər də aydındır. Hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməkdir. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi uğurlu sosial siyasət həyata keçirməsinə stimul verir. Azərbaycan artıq özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də uğurlu inkişaf konsepsiyasına əsaslanır. Dövlətimizin başçısı bildirir: “Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı imkan verir ki, biz gələcək planlarımızı da müəyyən edək. Bu planlar ictimaiyyət üçün aydındır, bəllidir. Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramı, konsepsiyası - “2020 konsepsiyası” var və əlbəttə ki, bu layihələrin, infrastruktur layihələrinin icrası imkan verəcək ki, dinamik inkişaf davam etsin.”
Ölkə Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu.
1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik” fikirləri ilə tariximizin parlaq, eyni zamanda faciəli səhifələrinə diqqət yönəldərək, müstəqilliyimizin əbədi, dönməz olduğunu böyük inam və qətiyyətlə bildirmişdir.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır