16 dekabr 2023 16:10
550

Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın iradəsinin ifadəsidir

Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyərək parlaq nailiyyətlər qazanır, yeni zirvələr fəth edir. Xüsusilə də, 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızın hərbi-siyasi əsarətdən xilas edilməsi, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun bərpası nəticəsində yeni reallıqlar yaranıb, qalib və qüdrətli Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. 

Hədəf daha güclü Azərbaycandır! Bu hədəfə isə məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə çatmaq mümkündür.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi obyektiv gerçəkliklərdən irəli gələn tarixi və mənəvi-siyasi zərurətdir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə - son 20 ildə Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın hərbi-strateji qüdrəti, iqtisadi gücü və siyasi nüfuzu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qüdrətli və qalib dövlətə çevrilib. Bütün bu reallıqların müəllifi Prezident İlham Əliyevdir. Ona görə də tarixi Zəfər yürüşünün davam etməsi, postmüharibə dövründə yeni hədəflərin reallaşdırılması üçün cənab İlham Əliyevin növbəti dönəmdə də ölkəmizə rəhbərlik etməsi vacibdir.

YAP İdarə Heyətinin iclasında cənab İlham Əliyevin növbədənkənar seçkilərdə prezidentliyə namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan xalqının iradəsinin ifadəsi kimi qiymətləndirilə bilər.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri