16 dekabr 2023 15:20
374

Müstəqil siyasət, prinsipial mövqe, artan beynəlxalq nüfuz - ŞƏRH

COP-29 kimi qlobal xarakterli tədbirin Bakıda keçirilməsi ilə bağlı beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə qəbul edilmiş qərar  ölkəmizə  böyük etimadın göstəricisidir

Ölkəmizdə  dabamlı olaraq möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu isə təsadüfi deyil. Belə ki, müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. Azərbaycanın Avropa və İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi, cari ildə Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra ikinci dəfə ölkəmizdə böyük müvəffəqiyyətlə keçirilməsi, dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycanın 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməsi bunun əyani təsdiqidir.

Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir

Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bu mənada diqqətəlayiqdir. 1995-ci ildən hər il keçirilən bu konfransın məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Bu möhtəşəm tədbirlə bağlı ölkəmizə 10 minlərlə xarici nümayəndə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Respublikasının Prezidenti bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.  Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə qeyd etdiyi kimi ölkəmiz növbəti böyük uğura imza atıb. Nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərar Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilməsinin təsdiqidir: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”. 

Ölkəmizin başçısı, həmçinin vurğulayıb ki, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Prezident bildirib ki, Bakıda COP 29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında xüsusi əhəmiyyətə malik ölkəyə çevrilib. 2024-cü ildə Bakı ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. COP29 konfransında 190-dan çox ölkədən nümayəndənin Azərbaycanda bir araya gəlməsi gözlənilir. Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının əvvəlki təşkilatçılarını üstələmək, nəticədə iqlim və ekoloji çağırışların həllində təsirli nəticələr əldə etmək üçün bütün ilkin şərtlər var. Azərbaycan hökumətinin ekoloji siyasəti və qlobal istiləşmə ilə mübarizə üzrə fəal tədbirləri digər regionları və ölkələri də analoji tədbirlər həyata keçirməyə sövq edir. Bu, böyük ümidlər vəd edən təcrübədir və müsbət nəticələr verir.

Prezident İlham Əliyevin “X” hesabında qeyd etdiyi kimi Azərbaycan qlobal iqlim aktını ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyi üzrə müxtəlif tədbirlər həyata keçirir. Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Azərbaycanda bərpa olunan enerji geniş vüsət alır.

Anar Miriyev, "İki sahil"