16 dekabr 2023 00:57
241

7 fevraldan sonra Azərbaycanın yeni inkişaf mərhələsinin şahidi olacağıq

Yeni Azərbaycan Partiyası 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb və bununla bağlı qərar yekdiliklə qəbul edilib. Bu qərar xalqın gözlədiyi qərar olduğundan onun mövqeyini tam əks etdirir. Çünki, Azərbaycan xalqının mütləq əksəriyyəti növbəti mərhələdə cənab İlham Əliyevi yenidən ölkə başçısı görmək arzusundadır. Bu da təsadüfi deyil. Çünki, cənab Prezident Azərbaycana rəhbərlik etdiyi 20 il müddətində nəinki qarşısına qoyduğu öhdəlikləri, o cümlədən  xalqımızın xəyal etdiyi problemləri həll edib.  Məhz cənab Prezidentin yürütdüyü müdrik, uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycan işğala son verərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarabağ kimi ən mürəkkəb münaqişəyə son verib.

Digər siyasi qüvvələr, birliklər, qanunvericiliyin tələbinə uyğun istənilən Azərbaycan vətəndaşı seçkilərdə iştirak etmək hüququna malikdir. Buyursunlar, Azərbaycan demokratik, hüquqi ölkə olduğundan seçkilər tam azad, ədalətli, şəffaf şəkildə keçirilir və onlar da öz şanslarını sınasınlar. Amma bir şeyi də qeyd etmək istərdim ki, bu gün Azərbaycanda seçki marafonunda cənab İlham Əliyevə rəqib olacaq ikinci bir şəxs yoxdur. Bu, hamıya aydın olan məsələdir. Çünki, cənab İlham Əliyevin liderliyi altında son 20 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə, uğurlara və qələbələrə imza ataraq tarixi zəfərlər qazanıb. Cənab İlham Əliyev nəinki Azərbaycanda, beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Cənad Prezident müasir dövrün dünya lideri kimi qəbul edilir. Bunu Avropa ölkələrinin liderləri özü belə etiraf edir.

7 fevralda keçiriləcək prezident seçkiləri isə növbəti zəfərlərin davamı olacaq. Əminəm ki, xalq cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birliyini bir daha nümayiş etdirib ona səs verməklə növbəti tarixi qələbələrin, zəfərlərin, uğurların və yeni inkişaf mərhələsinin əsasını qoymuş olacaq. 7 fevraldan sonra biz Azərbaycanın yeni inkişaf mərhələsinin şahidi olacağıq.

Şahin İsmayılov,
Milli Məclisin deputatı,
YAP İdarə heyətinin üzvü