15 dekabr 2023 21:07
791

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

“Azərbaycanın uğurlu xarici siyasəti dünya ölkələri ilə qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafını təmin edib. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu reallıq Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri zamanı bir daha təsdiqlənib”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artıb. Dövlət başçısının səfəri zamanı Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilməsi də ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsinin nümunəsidir. Xüsusilə, bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Cənab Prezidentin açılış mərasimində dediyi kimi, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Qaz ixracına gəlincə, bu layihə  çox önəmlidir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Xatırladım ki, ötən ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanıb və ölkəmiz bu sənədin icrası ilə bağlı öhdəliklərə sadiqdir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Təsadüfi deyil ki, mərasimdə iştirak edən Serbiya və Bolqarıstan prezidentləri də Azərbaycanın bu prosesdə rolunu yüksək qiymətləndiriblər. 

“Ümumiyyətlə, Azərbaycanın uğurlu enerji siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsinin ifadəsidir. Dövlətimizin başçısının bu yöndə atdığı qətiyyətli addımlar dünya ölkələri tərəfindən də yüksək dəyərləndirilir. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin açılışı mərasimində Azərbaycan və onun Prezidenti haqqında xoş sözlər dövlətimizin başçısının beynəlxalq miqyasda böyük nüfuza sahib olduğunun göstəricisidir”,-deyə Fatma Yıldırım əlavə edib ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Ölkəmizin digər  əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır ki, bununla bağlı mühüm tədbirlər həyata keçirilir.