16 dekabr 2023 00:28
536

Bakı dünyanın mərkəzi olacaq

Dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə bir daha belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq

Azərbaycanın iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətində olması qürurvericidir. Təbii ki, bu uğurların əsasında dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti dayanır. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni-yeni hədəflərə yol açmaqla yanaşı, onların zamanında reallığa çevrilməsini şərtləndirir. Çoxəsrlik tariximizə «Heydər Əliyev İli» kimi yazılan 2023-cü ilin sona çatmasına az bir vaxt qalır. Bu əlamətdar ilin uğurlarını diqqətə çatdırmaq üçün təkcə bu il çərçivəsində Azərbaycanın müxtəlif mövzularda ev sahibliyi etdiyi, yaxud dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Həmin tədbirlərin əhatə etdiyi mövzulara, keçirilmə məkanlarına baxmayaraq bütün diqqət Azərbaycana və regionun gələcəyə ilə bağlı hədəflərinə yönəlir. Ölkəmizə hansı sahədən baxsaq zəngin təcrübənin şahidi olarıq. Bu, dövlət başçısı İlham Əliyevin çağırışına uyğun olaraq əldə olunan uğurlarla kifayətlənməyib, daim irəli baxmağımızdan, yeni-yeni hədəflərə doğru inamla addımlamağımızdan, hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılmasından irəli gəlir. Cənab İlham Əliyev bu çağırışı edir: «Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.”

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın dünəninə, bugününə baxış əsasında gələcəklə bağlı hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır. Bu günümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi ilə bağlı qərarın qəbul edilməsidir. Dövlət başçısı İlham Əliyev bununla əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşımında bildirmişdir ki, Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır.

Paylaşımda o da qeyd edilmişdir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. «Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik» bildirən cənab İlham Əliyev onu da vurğulamışdır ki, BƏƏ-də COP28-in yüksək səviyyədə təşkil edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana minnətdarlığımı bildirir və iqlimlə bağlı birgə tədbirlərimizi davam etdirməyimizi səbirsizliklə gözləyirəm.

Dekabrın 15-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin qazandığı uğurların əsasında bu tədbiri də yüksək səviyyədə keçirəcəyimizə işıq saldı. Bu il ölkəmiz, eyni zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.

Günümüzün əsas reallıqlarından biri budur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata - Qoşulmama Hərəkatına sədrlik edir. Bu, Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir.

Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı da yüksək səviyyədədir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bu, Azərbaycanın xarici siyasət gündəliyini nümayiş etdirir.

Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Ölkəmizin Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirməsi geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı yaradır.

Dövlət başçısı İlham Əliyev ölkəmizin yerləşdiyi coğrafi məkana söykənərək bildirir ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk.

Ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında etimad və fəaliyyətimizə dəstək əhəmiyyətli rol oynayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti uğurlarımızın davamlılığında, həmçinin xarici siyastimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasında, yeni istiqamətlər üzrə inkişaf etdrilməsində öz sözünü deyir. Tarixi Zəfərimizdən sonra bu diqqət və marağın daha da artdığ göz qabağındadır.

Dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə diqqəti bu kimi məqamlara yönəldərək bildirdi ki, bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir. Beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.»

Cənab İlham Əliyev onu da əlavə etdi ki, bu hadisənin önəmi o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olundu və bütün dünya ictimaiyyəti bir daha Azərbaycana öz dəstəyini ifadə etdi: «Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.»

Dövlət başçısı beynəlxalq birlik anlayışının Qərbdə təhrif edildiyini önə çəkərək qeyd etdi ki, beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir. Ölkəmizin sədrliyi 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin sədrlik müddətinin bir il uzadılması quruma üzv dövlətlərin yekdil qərarı əsasında olmuşdur. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və mövqeyinin göstəricisi idi. Eyni zamanda, bu məqamı da nəzərə alaq ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı və tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda həm regionda dayanıqlı sülhun və təhlükəsizliyin yaradılması istiqamətində səyləri göstərildiki, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş vüsət aldığı dövrə təsadüf edir. Azərbaycanın qlobal problemini həlli ilə bağlı səylərin birləşdirilməsinin zəruriliyini təsdiqləyən təşəbbüsləri beynəlxalq dəstək qazandı. Belə ki, Türk Şurasının ardınca Qoşulmama Hərəkatının koronavirus infeksiyası ilə bağlı Zirvə görüşü keçirildi. Azərbaycanın hər bir təşəbbüsü, qərarı beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, ölkəmizin artan rolunun, eyni zamanda, dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir.

İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan hər bir beynəlxalq tədbiri yüksək səviyyədə keçirməklə dünyaya malik olduğu zəngin təcrübəni təqdim edir. Dövlət başçısı İlham Əliyev müşavirədə belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq: «Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.»

Göründüyü kimi, Azərbaycanın hər bir sahədə zəngin təcrübəsi beynəlxalq tədbirlərə özünə inam əsasında ev sahibliyini şərtləndirir. Bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri iqlim dəyişmələridir. İqlim dəyişmələri üzrə problemlərin həllində Azərbaycan müstəqilliyinin ilkin illərindən fəal iştirak edir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, bununla əlaqədar Kiot protokolunu 2000-ci ildə, sonuncu Paris Sazişini isə 22 aprel 2016-cı ildə imzalayıb və ratifikasiya edib. Təsdiq edilmiş sənədə əsasən, Azərbaycan qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyasının 35 faiz azalmasını qarşısına hədəf qoyub. İqlim dəyişikliyi siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla prioritet sahədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də reallaşdırılması nəzərdə tutulan beş prioritetin biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu prioritetlər isə qlobal iqlim dəyişiklikləri prosesləri fonunda özündə bütöv bir tədbirlər sistemini cəmləşdirir. Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru “yaşıl zona” elan edib.

Yeganə Əliyeva, «İki sahil»